“Rusiyadan Azərbaycana göndərilən pullarda azalma olacaq”

Natiq Cəfərli: “Gələn il Rusiyada neftin qiymətini də nəzərə alaraq, ÜDM 5% azalacaq, insanların gəlirləri düşəcək”

"Bizim ölkəmizə tarix boyu ən böyük ziyanın Şimaldan gəldiyini düşünürəm, indi də müstəqilliyimizə, dövlətçiliyimizə ən böyük təhdidin məhz Kremildən gəldiyinə əminəm". "Olaylar"-ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib. Rusiyada 2 milyona yaxın soydaşımızın yaşadığını deyən N.Cəfərli qeyd edib ki, federasiyadan Azərbaycana son zamana qədər rəsmi kanallarla ildə 1.8-2 milyard, qeyri-rəsmi kanallarla birlikdə isə 3-3.5 milyard dollar pul daxil olurdu. "Bu vəsait, əsasən, regionlarda sosial gərginliyin azaldılmasında, daşınmaz əmlak, avtomobil, məişət əşyaları bazarında ciddi rol oynayırdı. Yəni, o vəsaitlə həm insanlar dolanırdı, həm də daxili bazarda ticarət dövriyyəsinin canlı tutulmasında Rusiyadan gələn pulların ciddi rolu var idi. Multiplikator effektinə görə həmin vəsaitin bir hissəsi yerli şirkətlərin qazancına, onların da vergi ödənişlərinin artmasına gətirib çıxarırdı. Bu gün Rusiya baş verənlər onu deməyə əsas verir ki, bu ölkədə ciddi problemlər var, neft ucuzlaşır, rubl dəyərdən düşür, iqtisadi fəallıq zəifləyir. Bu gün gecə Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 17%-ə qədər artırdı, bu o deməkdir ki, gələn il Rusiyada neftin qiymətini də nəzərə alaraq, ÜDM 5% azalacaq, insanların gəlirləri düşəcək, ciddi inflyasiya olacaq, kreditlər baha, kreditlərə çıxış imkanı məhdud olacaq. Təbii ki, bu da bizim soydaşlarımızın qazanclarınının, öz ailələrinə göndərilən vəsaitlərin ciddi azalmasına gətirib çıxaracaq. Deməli, sosial gərginliyin artması, daxili bazarda dövriyyənin azalması da qaçınılmaz olacaq" - deyə ekspert qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31