“Rusiya iqtisadiyyatının çökməsi….”

Bu ölkədəki azərbaycanlıların ticari fəaliyyətinə təsirsiz ötüşməyəcək

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi yeni iqtisadi böhranı qaçılmaz edəcək. Bu amil xüsusilə Rusiya iqtisadiyyatına ciddi təsir göstərə bilər. Nəzərə alaq ki, bir müddət əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putin dünya bazarında neftin qiymətinin 80 dollara enməsinin ümumilikdə dünya iqtisadiyyatını təsir edəcəyini bildirmişdi. Hazırkı vəziyyətdə neftin qiyməti artıq 80 dollardan da aşağı səviyyəyə enib. Bu göstərici isə  Rusiya iqtisadiyyatını ciddi problemlərlə üzləşdirir. Bəs görəsən dünya bazarında neftin qiymətinin aşağı düşməsi neft istehsal edən ölkə kimi tanınan Azərbaycana hansı təsiri göstərər? Ümumiyyətlə, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcəkmi?

Milli Məclisin iqtisadi məsələlər komitəsinin üzvü Əli Məsimli deyir ki, neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrə mənfi, neft istehlakçısı olan ölkələrin iqtisadiyyatlarına isə müsbət təsir göstərir: "Yəni neftin qiyməti aşağı düşəndə neft hasil edən ölkələrin neftdən əldə etdikləri gəlir azalır. Ölkə iqtisadiyyatında neftin payı nə qədər yüksək olarsa, gəlirlər də bir o qədər çox azalır. Neftin qiymətinin aşağı düşməsi neft istehlakçısı olan ölkələrin neftə xərclədiyi vəsaitin azalmasına və iqtisadi fəallığın artırılmasına yönəldilməsi ilə həmin ölkələrin iqtisadiyyatlarına müsbət təsir göstərir. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin qiymətləndirmələrinə görə, neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrin, xüsusən də Rusiya, İran, Venesuela, Nigeriyanın iqtisadiyyatına mənfi təsiri olsa da, Birləşmiş Ştatlar, Yaponiya, Avropa ölkələri və Çinin isə əlavə olaraq orta hesabla 0,8 faizə qədər artım əldə edə biləcəklər". Millət vəkilinin sözlərinə görə, neft bazarında gedən proseslər dünya iqtisadiyyatını bir qədər silkələyəcək. Bu amilin Rusiyada yaşayan, bu ölkədə ticarətlə məşğul olan azərbaycanlılara təsirinə gəlincə isə Əli Məsimli bunun şimal qonşumuzda ticarətlə məşğul olan azərbaycanlılara təsirsiz ötüşməyəcəyi qənaətindədir: "Rusiyada çalışan azərbaycanlıların öz ailələrinə göndərdikləri pulun bəzən  il ərzində 5 milyard dollara yaxın olduğu bildirilir. Ancaq real göstərici istinad edilən məbləğdən rəsmi rəqəmə görə 5-6 dəfə, qeyri rəsmi rəqəmə görə isə 2,5 dəfə azdır. Bununla belə həmin pul burda onu alan ailələrin güzaranına yaxşı təsir göstərir". Əli Məsimlinin qənaətincə Rusiya rublunun ucuzlaşması şimal qoşumuzda çalışan azərbaycanlıların gəlirlərinə, bu isə onların Azərbaycana-ailələrinə göndərdikləri pulun məbləğinə mənfi təsir göstərəcək. Amma Azərbaycana göndərilən vəsait iddia edildiyi kimi sıfıra enməyəcək. Bu göstərici təqribən 20 faiz azalacaq ki,  bunun özünün də həmin pulu alan ailələrin durumuna mənfi təsir göstərəcəyi aydındır". Millət vəkilinin sözlərinə görə, amma azərbaycanlıların çoxu Rusiya Federasiyasinda elə sahələrdə çalışır ki, onların bu vəziyyətdən təkcə itirmək yox, həm də yararlanmağı bacaran hissəsi Rusiyadakı ərzaq, meyvə-tərəvəz çatışmazlığından istifadə edib əlavə qəzana da bilərlər". Əli Məsimli bildirib ki, Azərbaycanla Rusiya arasında pul axışı birtərəfli yox, qarşılıqlıdır: "Rusiya Federasiyasından Azərbaycana, Azərbaycandandan isə Rusiyaya gedən pulun məbləğini müqayisə edəndə, mənzərə tamamilə dəyişir. Amma adamlar burda bu məsələnin yalnız bir tərəfi ilə maraqlanırlar: Rusiyada yaşayan azərbaycanlıların ailə üzvlərinə göndərdikləri pul artacaq, yoxsa azalacaq. Təhlillər göstərir ki, son aylar Rusiya iqtisadiyyatında baş verən olaylar təkcə azərbaycanlıların yox, postsovet məkanına aid digər ölkələrin də nümayəndələrinin evlərinə göndərdikləri pulu bir qədər azaldıb. Amma azərbaycanlıların təşəbbüskarlıq qabiliyyəti hamıya məlumdur və əvvəlkindən də daha çox qazanmaq imkanları yarandığından, bundan geniş istifadə edənlərin sayı getdikcə artacaq. Rusiya Federasiyasında böhranın yaranması Azərbaycana müəyyən təsirlərsiz ötüşməyəcək, amma onunla da razıyam ki, iqtisadiyyatımıza elə ciddi mənfi təsir göstərməyəcək". Millət vəkili qeyd edib ki, qarşılıqlı qadağalardan sonra azərbaycanlıların Rusiyanın geniş bazarında daha çox qazanmaq şansı yaranıb, bundan istifadə etmək lazımdır.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31