Aviabiletlər ucuzlaşır
12 Dekabr 2014 17:58 İqtisadiyyatNeftin qiymətinin ardından aviabiletlərin də qiymətləri ucuzlaşacaq. Lakin bu proses sürətlə baş verməyəcək. "APA-Economics"in bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) yaydığı məlumatda deyilir. IATA-nın hesablamalarına görə, aviaşirkətlər bu il sərnişin reysləri üçün yanacağa tətbiq edilən əlavə rüsum orta hesabla 5%, yük üçün 5,8% azaldacaq. Bu isə daşınmaların həcminin artmasına təkan verəcək. Assosiasiya aviaşirkətlərin 2014-cü il üçün gəlirləri üzrə proqnozunu 18 mlrd. dollardan 20 mlrd. dollara yüksəldib. Neftin ucuzlaşması səbəbindən gələn il üçün aviaşirkətlərin gəlirləri üzrə proqnoz 25 mlrd. dollar səviyyəsində proqnozlaşdırılır. Aviabiletlərin ucuzlaşıb-ucuzlaşmayacağına "Azərbaycan Hava Yolları" QSC-də münasibət açıqlayıb. Dövlət konserninin Mətbuat katibliyinin rəisi Məhərrəm Səfərli "APA-Economics"ə bildirib ki, hazırda bu məsələ nəzərdən keçirilmir.