Azərbaycan qaz hasilatını artırıb
12 Dekabr 2014 11:59 İqtisadiyyat2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 38,4 milyon ton neft və qaz-kondensat hasil edilib. 2013-cü ilin analoji dövründə bu rəqəm 39,5 milyon ton olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin ilk 11 ayı üzrə hesabatında deyilir. 2013-cü ildə Azərbaycanda 43,1 milyon ton neft və qaz-kondensat hasil olunmuşdu. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton təşkil edib. Neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birgə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür. Hesabata əsasən, cari ilin ilk 11 ayında ölkədə əmtəə qazının hasilatı 17 milyard kubmetr olub. 2013-cü ilin müvafiq dövründə bu göstərici 16,2 milyard kubmetr təşkil edib. 2013-cü ildə 17,9 milyard kubmetr əmtəə qazı hasil olunub. 2012-ci ildə bu rəqəm 17,24 milyard kubmetr idi.