Qaz kəmərlərinə 48 milyard dollar qoyulacaq
Rövnəq Abdullayev: "Petkim yarımadasında yeni elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırırıq"
8 Dekabr 2014 18:54 İqtisadiyyatAzərbaycan qazını Avropaya çatdıracaq "Cənub" qaz dəhlizi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri layihələri, o cümlədən "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələrinin həyata keçirilməsinə yönəldiləcək investisiyalar 45-48 milyard dollara çatacaq. Bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, ARDNŞ qardaş ölkə Türkiyədə "Star" neft emalı zavodu və "Petkim" konteyner limanı kimi layihələri uğurla həyata keçirməyi, gələn ilin əvvəllərində isə Petkim yarımadasında yeni elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır. Ölkə daxilində isə Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) modernləşdirilməsini, istehsal gücü ildə 12 milyard kubmetr olan yeni qaz emalı zavodunun və illik 800 min ton baza polimerlərinin istehsalını nəzərdə tutan neft-kimya zavodunun tikintisini reallaşdıracaq.