“Əmanətlərin sığortalanması mexanizmi səmərəli işləmir”

Samir Əliyev: “Güzəşt müddəti uzadılmasa, 2015-ci ildən başlayaraq əmanət faizlərindən gəlir vergisi tutulacaq”

"Sığortalanmayan əmanətlərin payı son bir ildə 34%-dən 47,6%-ə yüksəlib". "Olaylar"-ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-ekspert Samir Əliyev çıxış edib. "Yəni əhali tərəfindən banklara yatırılan hər 100 manatın ancaq 52,4 manatı sığortalanır. Əmanətlərin Sığortalanması Fondunun 2014-cü ilin III rübü üçün açıqladığı hesabata əsasən, qorunmayan əmanətlərin həcmi 3,14 milyard manata çatıb. Halbuki 2013-cü ilin III rübündə onun həcmi 1,97 milyard manat olub. İl ərzində 1,17 milyard manatlıq əmanət 9%-dən yuxarı faizlə yerləşdirilib və buna görə də sığortadan kənarda qalıb. Bu müddətdə qorunan əmanətlərin həcmi 450 milyon manat azalaraq 3,42 milyard manata düşüb. Qorunan əmanətlərin azalması kompensasiya olunmuş əmanətlərə də təsir edib. İl ərzində kompensasiya olunmuş əmanətlərin həcmi 105 milyon manat azalaraq 1,8 milyard manata düşüb. Qorunan əmanətlərin 53%-i kompensasiya olunur" - deyə S.Əliyev qeyd edib. Samir Əliyev hesab edir ki, artıq əmanətlərin sığortalanması mexanizmi səmərəli işləmir və onun təkmilləşdirilməsinə ehtiyac var. O, bildirib ki, ölkə üzrə əmanətlərin cəmisi 30%-i sığorta mexanziminin təsir dairəsinə düşür. Yerdə qalanları həm qorunmadıqlarına, həm də məbləği 30 min manatdan çox olduqlarına görə sığortadan kənarda qalırlar. Ölkədə kredit faizlərinin aşağı salınması məqsədilə əmanətlərin sığortalanma faizlərinin mərhələlərlə 12%-dən 9%-ə endirilməsi kredit bazarına ciddi təsir etməsə də əmanət bazarında faizləri xeyli aşağı salıb. Təbii ki, aşağı faizlər əmanət bazarının böyümə sürətini azaldıb. Təsadüfi deyil ki, 2013-cü ilin 10 ayı ərzində əmanət qoyuluşu 1,2 milyard manat artdığı halda, bu ilin müvafiq dövründə artım 2 dəfəyədək azalaraq 600 milyon manat təşkil edib. Əvvəllər gözləmə mövqeyi tutan əhali indi çəkinmədən əmanətlərini yüksək faiz verən banklara həvalə edirlər. Kompensasiya olunan əmanətçilərinin yatırımlarının orta məbləği 314 manat olduğu halda, qorunmayan əmanətçilərdə bu göstərici təxminən 5216 manatdır. Artıq yüksək faiz ehtirası etibarlı olan az faizi üstələyir. Əgər hökumət əmənət qoyuluşundan əldə edilən gəlirə tətbiq edilən güzəştin müddəti uzatmasa sığortalanmayan əmanətlərin payı daha da artacaq. Çünki "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" qanun bu il qüvvədən düşür. Deməli, güzəşt müddəti uzadılmasa, 2015-ci ildən başlayaraq əmanət faizlərindən gəlir vergisi tutulacaq. Bu isə əhalini yüksək faizli əmanət təklifinə yönəldəcək. Fond isə faktiki olaraq 6,6 milyard manatlıq əmanətin 1,8 milyard manatına zəmanət verir. Yəni, banka qoyulan hər 100 manatın yalnız 30 manatının taleyinə 100% zəmanət verir. Deməli, 4,8 milyard manatlıq əmanətin taleyi bankın gələcək fəaliyyətindən və onun maliyyə vəziyyətindən asılıdır. S.Əliyevin sözlərinə görə, problemin aradan qaldırılması üçün Mərkəzi Bank əmanətlərin sığortalanması mexanizminin səmərəliyini artırmaq barədə addımlar atmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31