2015-ci il üçün Azərbaycanın iqtisadi pronozları
Natiq Cəfərli: “Bu ilin ilk 9 ayında Azərbaycan neftinin illik ortalama qiyməti 105 dollar idi”
5 Dekabr 2014 15:56 İqtisadiyyat"Uzun illər Azərbaycanda manatın dollara nisbətən məzənnəsinin sabit qalmasının əsas səbəbi ölkəmizin tədiyyə balansında olan müsbət saldo idi". "Olaylar"-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli belə bir iddia ilə çıxış edib. N.Cəfərli qeyd edib ki, satdığımız neft-qazın dollarla dəyəri, ölkəyə gətirdiyimiz malların dollarla dəyərindən artıq olub. "Nəticəsi, balansda müsbət saldo yaranırdı, bu isə hökumətə manatın dollara nisbətən kursunu sabit saxlamağa, bununla da ölkədə inflyasiyanı cilovlamağa imkan verirdi" - deyə ekspert vurğulayıb. Natiq Cəfərlinin sözlərinə görə, 2014-cü ilin ilk 9 ayı ərzində ixrac - 17.356 mln dollar, idxal - 6.522 mln dollar, müsbət saldo - 10.340 mln. Dollar olub. O, bu ilin ilk 9 ayında keçən ilin eyni dövrünə görə ixracın 3,88%, idxalın isə 19,16% azaldığını deyib: "İxracın azalması neftin hasılatının azalması ilə əlaqədardır, idxalın azalması isə müəmmalıdır, bir hissisini avtomobillərin gətirilməsinin azalması ilə izah etmək olar, amma, düşünürəm ki, burada başqa məqamlar da var, yəni, gətirilən malların heç də tamamı rəsmiləşdirilmir. Bu ilin ilk 9 ayında Azərbaycan neftinin illik ortalama qiyməti 105 dollar idi, yəni, ixrac rəqəmləri məhz bu qiymət ortalamasına görə yaranıb. Əgər gələn il hasilat bu ilki səviyyədə, qiymət isə 65-70 dollar arası olsa ixracatımızda kobud yuvarlaq rəqəmlə ifadə etsək, təqribən 40% azalma olacaq. Yəni, gələn ilin ilk 9 ayında ixracatımız təqribən, 7 mlrd. dollar azalacaq. Daxili bazarda ixracdan asılılıq gələn il dəyişməz qalacaq, çünki, bunun dəyişməsi üçün ilkin şərtlər yoxdur, deməli, ixrac rəqəmləri aşağı-yuxarı bu ilin göstəriciləri səviyyəsində, yəni, təqribən 7 mlrd. dollar səviyyəsində qalacaq". N.Cəfərlinin təxmininə görə, gələn il real idxal rəqəmləri ilin ilk 9 ayında təqribən 10 mlrd. dollar civarında olacaq: "Bir sözlə, bu gün olan tendensiyalar, neft qiymətləri, ixrac həcmləri dəyişməz qalsa, gələn ilin ilik 9 ayında tədiyyə balansımız başa-baş olacaq: ixrac etdiyimiz neftin, qazın dəyəri qədər, ölkəyə mal gətirəcəyik". ("OLAYLAR" İA)