“Alınan mallar geri qaytarılmır”
İstehlakçıların hüquqları addımbaşı pozulur
4 Dekabr 2014 15:09 İqtisadiyyatÖlkədə, xüsusən paytaxt Bakıda fəaliyyət göstərən bir sıra mağazalara daxil olduqda "Alınan mallar geri qaytarılmır" məzmunda yazı əks olunmuş lövhələrin yerləşdirilməsi müşahidə olunur. Qanunvericilik baxımından istehlakçılara belə bir xəbərdarlığın edilməsi nə dərəcədə düzgündür?
Məsələyə BHM Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov aydınlıq gətirib. Hüquqşünas bildirir ki, alıcının əldə etdiyi malı dəyişdirmək, yaxud geri qaytarmaq hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623-cü və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 15-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin maddələrin analizi bir sıra nəticələrə gəlməyə imkan verir. Belə ki, qanunvericiliyə əsasən alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün müddətində bu hüququnu həyata keçirə bilər. Hətta satıcı tərəfindən malın geri qaytarılması üçün daha uzun müddət də müəyyən edilə bilər. Məlum olduğu kimi malın dəyişdirilməsi zamanı qiymətdə fərq olduqda satıcı ilə lazımı hesablaşmalar aparılır. Əgər satıcıda dəyişdirilmək üçün zəruri mal yoxdursa, alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 2-ci hissəsinə görə malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Nəzərə almaq lazımdır ki, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal varsa, onda alıcı əldə etdiyi malı qaytara bilməz. Onun sözlərinə görə, qanunvericilikdə alıcının malı dəyişdirmək tələbinin təmin olunmasının müddəti müəyyənləşdirilmədiyindən, o, ağlabatan müddətdə dəyişdirilməlidir. Əgər ağlabatan müddətdə satıcı malı dəyişdirməzsə, alıcı bunu "satıcıda zəruri malın olmaması" kimi qiymətləndirə, əldə etdiyi malı satıcıya qaytara və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Lakin, əgər mal işlədilibsə, yaxud hər hansı istehlak xassələrini itiribsə (məsələn, yanlış saxlanılma nəticəsində), onda mal nə dəyişdirilə, nə də qaytarıla bilər. Eyni zamanda, alıcıda malı həmin satıcıdan aldığına dair sübutlar (məsələn, mal, yaxud kassa qəbzi) olmalıdır. Bununla yanaşı, bəzi mallar vardır ki, yuxarıda göstərilən maddələrdə nəzərdə tutulmuş əsaslar üzrə dəyişdirilə bilməz. Onların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında" 114 saylı, 21 may 1998-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir. Bunlara qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.
Alim