“Azərbaycanın 11 aylıq nəticəsi normaldır”
Samir Əliyev: “İyul ayından başlayaraq ehtiyatların həcmi 1,3% və ya 197,1 milyon dollar azalıb”
3 Dekabr 2014 15:55 İqtisadiyyatMərkəzi Bankın valyuta ehtiyatının azalması noyabrda da davam edib". "Olaylar"-ın məlumatına görə, belə bir fikirlə iqtisadçı-ekspert Samir Əliyev çıxış edib. S.Əliyevin sözlərinə görə, noyabrda ehtiyatların həcmi 14996.3 milyon dollar olub ki, bu da oktyabr ayı ilə müqayisədə 37,3 milyon dollar azdır. Oktyabrda ehtiyat həcminin 15033,6 milyon dollar olduğunu deyən ekspert bildirib ki, ötən ay azalma 0,25% təşkil edib: "Artıq azalma 4-cü aydır ki, davam edir. İyul ayından başlayaraq ehtiyatların həcmi 1,3% və ya 197,1 milyon dollar azalıb. Ancaq digər neft ölkəsi olan Qazaxıstan üçün noyabr uğurlu olub. Qazaxıstanın beynəlxalq ehtiyatları noyabr ayında 0,3% artaraq 105,4 milyarda çatıb. İlin əvvəlindən artım 10,3% və ya 9,9 milyard olub. Qazaxıstan Milli Bankının qızıl-valyuta ehtiyatı noyabrda 1.2% artaraq 28,6 milyard dollara çatıb. İlin əvvəlində isə artım 15,8% və ya 3,9 milyard dollar təşkil edib". Samir Əliyev qeyd edib ki, Rusiyanın valyuta ehtiyatının uğursuzluq zolağı noyabr da davam edib. Ekspert vurğulayıb ki, noyabrın 21-i tarixinə beynəlxalq ehtiyatın həcmi 1 həftə ərzində 200 milyon dollarlıq azalmadan sonra 420,4 milyarda düşüb: "Bu, son 5 ildə - 9 oktyabr 2009-cu ildən bəri ən aşağı həddir. 2014-ci ildə Rusiyanın beynəlxalq valyuta ehtiyatları 17,5% və ya 89,2 milyard dollar azalıb. Xatırladaq ki, ölkənin ehtiyatı yanvar ayının 1-i tarixinə 515 milyard 590 milyon dollar təşkil edib". Samir Əliyev hesab edir ki, dünya bazarlarında neftin ucuzlaşamsı iqtisadiyyatları yaxın olan 3 neft ölkəsinin valyuta ehtiyatına fərqli təsir göstərib. O, bundan daha çox Rusiyanın zərər çəkdiyini deyib: "Təbii ki, səbəb həm də bu ölkəyə tətbiq edilən sanksiyalardır. Azərbaycanda son aylar müşahidə edilən azalmanı nəzərə almasaq 11 aylıq nəticə pis görünmür. Ancaq son tendensiya narahatedicidir. Qazaxıstan isə ehtiyatlarının tərkibini düzgün diversifikasiya etdiyindən neftin ucuzlaşması onun ehtiyatına təsir göstərə bilməyib".