“Azərbaycan üçün ən optimal yol AGRİ-dən keçir”
Natiq Cəfərli: “İqtisadi cəhətdən bu layihələrin çox baha, gələcəkdə az rentabelli olacağını indidən söyləmək mümkündür”
2 Dekabr 2014 15:15 İqtisadiyyatİqtisadçı-ekspert Natiq Cəfərli Rusiyanın "Cənub axını" qaz layihəsindən imtina etməsi barədə danışıb. O, Rusiyanın seçimini müxtəlif səbəblərlə izah edib. Avropa İttifaqının Rusiyanın növbəti qaz şantajı üçün alətə çevrilə biləcəyi layihəyə qarşı olduqlarını deyən N.Cəfərlinin sözlərinə görə, layihənin Krım üzərindən həyata keçirilməsi planlaşdırılırdı: "Bu Ukraynanın ərazi bütövlüyünün pozulması deməkdir. Dünyada trend və texnologiyalar sürətlə dəyişir, artıq boru xətləri vasitəsililə qazın daşınması çevikliyini, bazara uyğunlaşma üstünlüyünü itirir. Boru xətləri baha başa gəlir, istismarına və təhlükəsizliyinə izafi xərclər tələb edir, ərazisindən keçən ölkələrə tranzit xərcləri ödəməklə daha da bahalaşır. Həm də, boru xətləri keçən ölkələrdən qazın sahibi, müəyyən mənada asılı vəziyyətə düşür. Rusiya-Ukrayna qaz boruları və tranziti məsələsi bunu əyani şəkildə sübut etdi".
Yeni trend - LNG
Natiq Cəfərli hesab edir ki, enerji sektorunda yeni trendin sıxılmış qazın (LNG - liquefied natural gas) tankerlərlə daşınmasıdır. Ekspert qeyd edib ki, soyudulma texnologiyası ilə normal qaz 600 dəfəyə yaxın sıxılır və daşınmaq üçün təhlükəsiz, həcmcə kiçik hala gətirilir: "Normal tankerlər 145-155 min ton LNG daşıyırlar ki, bu da sonradan 90-95 mln. м3 normal qaza çevrilir. 2016-ci ildə Cənubi Koreya və Yaponiya şirkətləri daxilində qazın həm sıxılmasını, həm də əks əməliyyatı həyata keçirə biləcək mini zavod olan, tutumu 250-300 min LNG qazı, yəni, 180-200 mln. м3, normal qaz daşıya bilən tankerləri istifadəyə buraxacaqlar. Bu tankerlər Avstraliyadan, Kanda və ABŞ-dan LNG qazını dünyanın istənilən nöqtəsinə çatdıra biləcəklər". Natiq Cəfərli tankerlə qazın daşınmasının bir çox üstünlüklərinin olduğunu deyir. Hesab edir ki, bununla qazı istənilən dənizə çıxışı olan ölkəyə çatdırmaq mümkündür. Eyni zamanda daşınma xərcləri tranzit xərclərindən daha azdır. "Boruların təmiri, saxlanması və təhlükəsizliyinin təminatı xərcləri tanker daşımalarında yoxdur. Daha təhlükəsizdir, sıxılmış qazın yanma, partlama ehtimalı sıfırdır" - deyə ekspert qeyd edib.
"Qazın qiyməti aşağı düşəcək"
Azərbaycan bu yaxınlarda TANAP və TAP layihələrini təsdiqləyən sənədi imzaladığını deyən Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan öz qazını Avropaya bu boru kəmərləri vasitəsilə ixrac edəcək: "Hələ bu kəmərlərin neçəyə başa gələcəyi dəqiq deyil, amma söhbət, haradasa, Şahdəniz-2 ilə birlikdə 40-42 mlrd. avrodan gedir, özü də, bizim ölkəmiz ən böyük investor olacaq. Mən həmişə hər iki layihəni alqışlamışam, düzgün atılmış addım hesab etmişəm, bu gün də düşünürəm ki, bu layihələr bizin Avropaya iqtisadi bağlılığımızı bir daha artıracaq. Amma, iqtisadi cəhətdən bu layihələrin çox baha, gələcəkdə az rentabelli olacağını indidən söyləmək mümkündür. Biz, 2020-ci ildə, ən yaxşı halda ildə 10 mlrd. м3 Avropa yaz satacağıq, o zamana qədər LNG qazı ABŞ-dan Avropaya çatacaq, Avropanın özündə slans yataqları işlənməyə başlanacaq, yenı Kipr və İsrail qaz yataqlarından da qaz bazara daxil olacaq. Yəni, çox güman, qazın qiyməti indikindən xeyli aşağı olacaq. Bu gün Avropada ortalama qiymət 1000 м3-ə 350-370 dollardır, 2020-ci ildə biz daha aşağı rəqəm görəcəyik. Qiymət ən yaxşı halda 300 dollar civarında olacaq ki, 10 mlrd. м3 qazın ümumi dəyəri cəmi 3 mlrd. dollar olacaq, buradan da hasilat xərclərini, tranzit xərclərini, pay bölgüsünü çıxanda, Azərbaycana cəmi 1,7-1,8 mlrd. dollar ildə pul qalacaq. Yəni, borulara milyardalarla vəsait xərcləməklə qazımızı Avropaya çatdırmaq iqtisadi cəhətdən sərf etməyən bir layihəyə çevrilə bilər. Bir neçə iri şirkətin də bu layihədən çıxmasının əsas səbəbi - rentabelliyin aşağı olması məsələsidir".
Çıxış yolu
Natiq Cəfərli çıxış yolu kimi Azərbaycanın TANAP və TAP-la bağlı xərclərin böyük bir qisminin öz üzərinə götürməsindən imtina etməsində və payının bir hissəsini satışa çıxarmasında görür. N.Cəfərli bidlirib ki, boruların çəkilməsinin xərclərinin azaldılması yolları araşdırılmalı, daha ciddi nəzarət mexanizmləri işlənilməlidir: "Əgər mümkünsə, bu layihələrdən imtina edib, qazın Avropaya çatdırılmasının daha optimal yolu olan "AGRİ" layihəsinə bir daha nəzər yetirməlidir. Bu layihədə qazın Gürcüstandan LNG tankerləri vasitəsi ilə Rumıniyaya çatdırılması nəzərdə tutulurdu. Rumıniyada artıq hazır sahil infrastrukturu var, Gürcüstan ərazisində isə yeni tankerlər istifadə olunarsa, əlavə infrastruktura ehtiyac qalmayacaq. Layihə çox ucuz başa gələ bilər, qaz yenə Avropaya çatacaq, hətta, Aİ-nin əsas hədəfi olan, Şərqi Avropanın Rusiya qazından asılılığının azaldılmasında mühim rol oynaya bilər". Natiq Cəfərli Azərbaycanın bu layihənin lehinə verəcəyi qərarın lehimizə olacağını deyir.
Mənsur Rəğbətoğlu