“Ukrayna malları Azərbaycanın ət bazarında yeni situasiya yaradıb”
Qubad İbadoğlu: “Eyni tendensiya kənd təsərrüfatı məhsulları bazarında da qeydə alınıb”
1 Dekabr 2014 15:19 İqtisadiyyat"Dünyanın əmtəə bazarlarında neft qiymətləri davamlı və sürətlə ucuzlaşır". "Olaylar"-ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-ekspert Qubad İbadoğlu çıxış edib. Q.İbadoğlu hesab edir ki, dəyişikliklər yalnız enerji məhsullarının qiymətlərində deyil, əlvan metallar və kənd təsərrüfatı məhsulları üzrə də müşahidə olunur: "Son hərracda 1 barel Brent markalı neftin qiyməti daha 2.25 faiz ucuzlaşaraq 68.57 dollar. WTI markalı neftin qiyməti isə 2,52 faiz ucuzlaşaraq 64,48 dollar olub. Eləcə də qızılın 1 troya unsiyasının qiyməti 0,93 faiz azalaraq 1,164.6 dollar təşkil edib. Eyni tendensiya kənd təsərrüfatı məhsulları bazarında da qeydə alınıb. Belə ki, heyvandarlıq məhsulları, pambıq, kakoa, qarğıdalı və taxılın qiymətində ucuzlaşma meylləri davam etməkdədir. Bu və digər amillərə görə, Azərbaycana qonşu olan Rusiyada, Ukraynada, Gürcüstanda və başqa ölkələrdə milli valyutanın dəyərdən düşməsi milli iqtisadiyyatımıza da təsirsiz ötüşmür. Əslində neftin qiymətinin ucuzlaşmasından dolayı yolla təsirlənən ən çox aqrar bölmədir. Ölkəmizə valyutaların dəyərsizləşməsi səbəbindən Rusiya, Ukrayna və Gürcüstandan iri və xırda buynuzlu heyvanların idxalında müşahidə olunan artım, ət bazarında yeni situasiya yaradıb. Yaranmış situasiyadan mərkəzdə ətin qiymətinin süni vasitələrlə əvvəli səviyyəsində saxlanılması ilə əlaqədar olaraq paytaxt istehlakçıları, regionlarda isə ətin qiymətini ucuzlaşmasına görə yerli fermerlər ziyan çəkməyə başlayıblar. Yerli fermerlərin xərclərinin (bu ilin quraqlıq keçməsi səbəbindən hazırda regionlarda 1 ot presi 5 AZN-ə satılır) artığı bir dövrdə gəlirlərinin azalması fonunda, daxili bazarda xaricdən gətirilən ucuz dəyərli iri və xırda buynuzlu heyvanların idxalının artımı bu bizneslə məşğul olan iş adamlarının izafi gəlirlərinin çoxalmasını şərtləndirib. İqtisadiyyatın düzgün tənzimlənməməsindən itirən yenə də yerli istehlakçılar və yerli istehsalçılardır". Qubad İbadoğlu Kənd Təsərrüfatı Nazirliyini bu problemin həlli ilə əlaqədar təxirəsalınmaz təbirlər həyata keçirməyə çağırıb.