“Rusiyanın çökməsi Azərbaycana təsir edəcək”
Natiq Cəfərli: “Sanksiyalar uzunmüddətli olacaq və ölkənin iqtisadiyyatı birdən-birə yox, mərhələ-mərhələ zəifləyəcək”
25 Noyabr 2014 13:56 İqtisadiyyat"Sanksiyalar uzun müddət qüvvədə qalacaq, çünki, Rusiya geri addım atmaq, sivil ölkə olmaq istəmir". "Olaylar"-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli belə bir iddia ilə çıxış edib. N.Cəfərli bildirib ki, bütün bu çətinliklərə baxmayaraq Rusiya keçmiş SSRİ ərazisində olan separatçı bölgələrə yardımını artırır: "Abxaziyaya 5 milyard rubl yardım ayırıb, növbədə Osetiya, Dnestyanı bölgə gözləyir. Bundan əlavə Krıma yaxın 3 ildə 50 mlrd. dollar vəsait qoymalıdır ki, bölgənin Ukraynadan tam qopmasını, infrastrukturun yenidən qurulmasını, Krıma quru yolla bağlantını təmin etsin. "Şimal ayısı" nə qədər güclü olsa da, çiyinlərinə götürdüyü bu qədər yükə davam gətirməyəcəyi gün kimi aydındır". Natiq Cəfərli proseslərin Azərbaycana da təsirsiz ötüşməyəcəyini deyib. O, hesab etmir ki, Rusiyada yaşayan yüzminlərlə soydaşımızın hamısı vətənə dönəcək: "Bu, çox zəif bir ehtimaldır, təqribən 700 minə yaxın azərbaycanlının artıq Rusiya vətəndaşlığı var. Bir çoxları təkcə bazarlarda deyil, müxtəlif biznes sahələrində çalışır. Aşağı maaşlı işlərdə çalışan, qeydiyyatı olmayan azərbaycanlılar geri qayıda bilər. Sözsüz, bu da kiçik hadisə deyil, çünki hətta bu halda da söhbət on minlərlə insandan gedir. Proses kütləvi hal alacaqsa da, yalnız müəyyən zaman keçəndən sonra olacaq. Çünki oradakı insanlar hələ ümidlə yaşayırlar, həm də bilirlər ki, Azərbaycana qayıtsalar, iş problemi ilə üzləşəcəklər. Daha çox Rusiyada qalaraq digər şəhərlərə və ya Belorusiya, Qazaxıstan kimi ölkələrə miqrasiya etməyə çalışacaqlar. Azərbaycan üçün daha çox Rusiyadan gələn pul axınının azalması problemi var. Rusiyadakı azərbaycanlıların əksəriyyəti öz ölkəsinə, ailəsinə pul göndərir. Rəsmi məlumata görə, burada söhbət ildə 1,8 milyard dollara yaxın vəsaitdən gedir. Qeyri-rəsmi məlumata görə, bu məbləğ daha çoxdur, ikiqat artıqdır. Bu axın əsasən Azərbaycanın regionlarında sosial gərginliyin azalmasına təkan verir, insanların dolanışığı ilə yanaşı əmlak, avtomobil bazarına ciddi təsir göstərir. Bu mənada Rusiya iqtisadiyyatının zəifləməsi, çökməsi Azərbaycana gələn gəlirlərin azalması deməkdir". N.Cəfərli hesab edir ki, Rusiyaya qarşı sanksiyalar uzunmüddətli olacaq və ölkənin iqtisadiyyatı birdən-birə yox, mərhələ-mərhələ zəifləyəcək.