“Azərbaycana süd idxalı artıb”

Vahid Məhərrəmov: “Ölkədə normadan 2 dəfədən də çox aşağı adambaşına ət istehlak olunur”

"Təəssüflər olsun ki, Azərbaycan özünün heç bir adda ərzaq və qida məhsullarına olan təlabatlarını daxili istehsal hesabına ödəyə bilmir". "Olaylar"-ın məlumatına görə, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə fikirlə çıxış edib. V.Məhərrəmovun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına ət norması il ərzində 84 kiloqram olduğu halda, Azərbaycan il ərzində adambaşına 32 kiloqram, yəni təlabatın yalnız 38 faizi qədər ət istehsal edir. "İdxal olunan ət və ət məhsulları ilə birlikdə isə ümumi təlabatın yalnız 40 faizi təmin olunur. Belə ki, 2013 -cü ildə ölkədə adambaşına 33, 8 kiloqram ət və ət məhsulları istehlak olunub. Bu da o deməkdir ki, Azərbaycanda normadan 2 dəfədən də çox aşağı adambaşına ət istehlak olunur" - deyə ekspert qeyd edib. Vahid Məhərrəmov hesab edir ki, Azərbaycanda süd istehsalı da təlabatdan xeyli aşağı səviyyədədir. V.Məhərrəmov bildirib ki, ÜST-ün qida normasına uyğun olaraq adambaşına 360 kiloqram süd müəyyən olunsa da Azərbaycan keçən il adambaşına 193 kiloqram süd istehsal edib: "İstehsal olunan süd və süd məhsulları ölkə əhalisinin təlabatının yalnız 53,6 faizini təmin edir. Son zamanlar ciddi şəkildə artan süd və süd məhsulları idxalı ilə birlikdə ölkədə il ərzində adambaşına 248 kiloqram istehlak edilir ki, bu da ümumi istehlak təlabatının 69 faizini təşkil edir. Azərbaycan çörək istehsalında xammal kimi istifadə etdiyi ərzaq buğdasını 100 faiz xaricdən idxal edir. Dövlət Statistika Komitəsinın məlumatına əsasən 2013-cü ildə ölkəyə 1milyon 451 min ton ərzaq buğdası, 18 min ton düyü, 46 min 449 ton buğda unu idxal olunmuşdur ki, bu da bizim istehlak təlabatımızdan xeyli çoxdur. Onu da qeyd etməliyəm ki, bu il buğda istehsalı ilə bağlı vəziyyət daha da acınacaqlıdır. Belə ki, bu il buğda istehsalı keçən ilə nisbətən 25 faiz azalıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31