“Google”ni parçalamaq cəhdi
Avropa Parlamenti çağırış etdi
24 Noyabr 2014 12:23 İqtisadiyyatAvropa Parlamenti internet nəhəngi "Google"u bir neçə şirkətə bölməyə, o cümlədən onlayn axtarışı digər kommersiya servislərindən ayırmağa çağıra bilər. "Olaylar" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The Financial Times" nəşri parlament tərəfindən təklif olunan layihəyə istinadən məlumat verib. Avropa ölkələrinin hökumətləri ilk dəfə deyil, ABŞ servislərinin internet bazarına təsirini məhdudlaşdırmağa çalışırlar. Bu yaxınlarda irəli sürülən təşəbbüslər arasında Avropa istifadəçilərinə axtarış nəticələrindən fərdi məlumatların silinməsini tələb etmək hüququnun verilməsi, məxfilik siyasətinə, mobil əlavələrin yayılması mexanizminə qarşı iradlar və s. yer alıb. Şirkətin bölünməsinə açıq çağırış "Google" və digər internet şirkətləri üçün Avropa İttifaqı hakimiyyətinin irəli sürdüyü bütün tələblərinin ən təhlükəlisi ola bilər. "Reuters" agentliyinin məlumatına görə, Avropa Parlamentinin layihə sənədində konkret axtarış sistemlərinin adı çəkilmir. Lakin "Google"un Avropada emal edilən axtarış sorğularının həcmində payının 90 faizə yaxın olması səbəbindən potensial antiinhisar iradlarının ona aid olması güman edilir. Lakin "The Financial Times"ın məlumatına görə, son illər Avropa Parlamentinin Avropa Komissiyasına - Avropa İttifaqı ölkələri üçün bütün qanunların qəbulunun təşəbbüskarı olan orqana təsiri artıb. Avropa Komissiyası tərəfindən təzyiq bundan əvvəl "Google"u Avropa istifadəçilərinin axtarış nəticələrində "Right to be forgotten" qanununu nəzərə almağa məcbur edib. "Google" nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.