“Azərbaycanın reklam bazarında ciddi problemlər var”

Natiq Cəfərli: “Cənubi Qafqazın iqtisadiyyatının demək olar ki, 80%-i Azərbaycanın payına düşür”

"Azərbaycanda reklam bazarı 2012-ci ildə 40 milyon, 2013-cü ildə isə 49-50 milyon manat təşkil edib". "Olaylar"-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli bu barədə məlumat verib. N.Cəfərli Azərbaycanı Macarıstanla da müqayisə edib və qeyd edib ki, Macarıstanın reklam bazarı 500 milyon dollar təşkil edir: "Macarıstan əhalisinin 10 milyona yaxın olduğunu nəzərə alsaq, ölkəmizdə reklam bazarının nə qədər kiçik olduğunun bir daha şahidi olarıq. Cənubi Qafqazın iqtisadiyyatının demək olar ki, 80%-i Azərbaycanın payına düşür. Əslində bu çox böyük bir potensialdır. Nəyə görə bəs reklam bazarı ölkəmizdə bu qədər kasaddır? Ölkəmizdə reklam bazarının kasad olmasının başlıca səbəbi bazarda rəqabətin olmamasından irəli gəlir. Ölkə iqtisadiyyatında belə bir böyük potensialın olmasına baxmayaraq, Cənubi Qafqaz ölkələrində, misal üçün, Gürcüstanla Azərbaycanı müqayisə etsək, reklam bazarında iki ölkənin yatırımları az qala eynidir. Son məlumatlara görə, Azərbaycanda reklam bazarı 50 milyon manat civarındadır, bu da təqribən 58-59 milyon ABŞ dolları edir. Gürcüstanın son rəqəmləri də onu göstərir ki, əhali sayına və ərazisinin kiçikliyinə baxmayaraq, qonşu ölkənin 50 milyon ABŞ dolları civarında reklam bazarı var. Belə bir vəziyyətin olmasının səbəbləri çoxdur, amma başlıca səbəb ölkədə rəqabət mühitinin olmamağı və inhisarçılıq məsələsidir. Çünki inhisarçı mövqedə olan şirkətlərin reklam dərdi olmur. Onlar məhsullarını və xidmətlərini reklama əlavə xərc çəkməklə əhaliyə çatdırmağa ehtiyac duymurlar. Onsuz da bazarda onlar hegemon mövqeyə malik olduğundan, onların məhsul və xidmətlərinə böyük tələbat olur. Lakin digər ölkələrdə ciddi rəqabətli mühit olduğundan, eyni sahədə xidmət göstərən və ya məhsul istehsal edən şirkətlər bir-biri ilə ciddi rəqabətə girirlər və bu ciddi rəqabətin nəticəsində reklama daha çox xərc qoyurlar. Alıcıya məhsullarını daha çox tanıtdırmağa çalışırlar. Azərbaycanda belə bir mühitin olmadığından ölkədə reklam bazarının da bu qədər kiçikdır, yeganə çıxış yolu, ancaq ciddi rəqabət mühitinin yaranmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31