“Rusiya bankları Azərbaycana axışır”
14 Noyabr 2014 16:25 İqtisadiyyat"Bu gün Azərbaycan Beynəlxalq Bankı Rusiyanın "Roseksimbank" ilə əməkdaşlıq sazişi imzalanıb. Müqaviləyə əsasən banklar arasında hesablaşmalarda milli valyutalardan, yəni manat və rubldan istifadə olunacaq". Bu barədə iqtisadçı-ekspert Samir Əliyev məlumat verib. ""Roseksimbank" 1994-cü ildə yaradılıb və dövlət bankı hesab olunur. Əsas məqsədi ixracı, xüsusən də maşınqayırma məhsullarının ixracını stimullaşdırmaqdır. Bank mahiyyət etibarilə Rusiyanın Milli İxrac Krediti Agentliyinin funksiyalarını daşıyır. Bu sazişə normal baxmaq olardı əgər bir nüans olmasaydı. Diqqəti cəlb edən məsələ odur ki, Bankın yeganə səhmdarı (100% paya malikdir) Rusiyanın "Vneşekonombank"-ıdır. Məsələ ondadır ki, bu bank Avropa Birliyi və ABŞ tərəfindən sanksiyalar tətbiq edilmiş 5 bankdan biridir. Deməli, ehtimallar özünü doğruldur. Rusiya bankları Azərbaycana axışır. Onlara pul lazımdır. Azərbaycanın isə pulu var. Ona görə belə sazişlər çox olacaq" - deyə S.Əliyev qeyd edib.