Foqtsun yerinə kim gətirilir?

ANS PRESS yığmaya namizəd baş məşqçilərin adlarını təqdim edir

Gözlənilən baş verdi. Xorvatiya rüsvayçılığı AFFA rəhbərliyinin səbr kasasını daşırdı və yığmamızın baş məşqçisi istefa ərizəsi yazdı. İstefa ərizəsi AFFA rəhbərliyi tərəfindən qəbul edildi. İndi azarkeşlərimizi bir sual düşündürür. Berti Foqtsu yığmada kim əvəz edəcək? İlk olaraq yığmanın baş məşqçiliyi postuna "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov gətiriləcəyi söylənilir. Ancaq bunun baş verməməsi üçün bir neçə səbəb var. Birincisi Qurban Qurbanovun çalışdırdığı "Qarabağ" Avropa Liqasında mübarizə aparır. Baş məşqçisi istər-istəməz bütün gücünü, konsentrasiyasını Ağdam təmsilçisinin Avropa Liqasında uğurlu çıxış etməsinə yönəldib. Qurban Qurbanovu milli komandaya gətirmək isə indiki halda riskli görünür. Belə ki, yığma komandada işləmək təcrübəsi olmayan baş məşqçiyə müəyyən zaman gərək olacaq. Avro-2016-nin seçmə mərhələsində 3 oyundan sonra aktivində 0 xal olan və Xorvatiya rüsvayçılığından sonra AFFA-nın eksperiment etməyə vaxtı yoxdur. İkincisi Qurban Qurbanovu "Qarabağ"dan ayırmaq ölkənin bir nömrəli klubunu çətin vəziyyətdə qoymaq anlamına gəlir ki, bu da AFFA-ya indiki halda qətiyyən lazım deyil. Demək bu variant ağlabatan deyil.Onda ölkədə çalışan digər uyğun namizədlər üzərində seçim aparıla bilər. Namizədlər arasında Bakı "İnter"inin çalışdırıcısı Kaxaber Sxadadze də ola bilər. Gürcü futbol mütəxəssisi yerli futbolçuları yaxşı tanıyır. Üstəlik qafqazlı olduğundan yerli futbolçularla mentalitet də demək olar ki, eynidir. Amma Kaxaber Sxadedzenin yığmanı çalışdırmaması və beynəlxalq arenada nüfuzunun az olması onun mənfi cəhətləridir."Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin də adı namizədləər sırasında hallanır. Böyükağa Hacıyevin "Neftçi" ilə tarixdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması burda həlledici məqam ola bilər. Ancaq baş məşqçinin səhhətindəki problemlər çox güman ki, AFFA-nın seçiminin onun üzərində etməməsinə gətirib çıxaracaq.Digər yerli mütəxəssislər sırasında Vaqif Sadıqov, Nazim Süleymanov, Şahin Diniyev və Ağasəlim Mircavadovun da adı var. Ancaq bu məşqçilər ayrı-ayrı vaxtlarda yığmada çalışaraq elə də uğurlu nəticə əldə etməyiblər.Ancaq çox güman Berti Foqtsun əvəzinə ölkə xaricindən əcnəbi mütəxəssis gətiriləcək. Namizədlərdən biri kimi Türkiyə yığmasına dünya çempionatında bürünc medal qazandırmış Şenol Günəşin də adı hallanır. "Bursaspor"un baş məşqçisinin adı ötən il də yığma komandamızla birgə hallanırdı. Ancaq AFFA 2013-cü ildə Berti Foqtsla yeni müqavilə bağlamaqla söz-söhbətə son qoymuşdu. Şenol Günəşin yığmanın başına gətiriləcəyi bir məqamda ağlabatan görünür. Baş məşqçinin "Bursaspor"da işləri elə də düz gətirmir. İddialı klub Türkiyə çempionatında son yerdə gedir. O, artıq çoxdan klubdan getməklə barışıb. Ancaq Şenol Günəşin "Bursaspor" və əvvələr çalışdırdığı "Trabzonspor" klubunda uğursuzluğu onun əleyhinə işləyən amillərdəndir.Digər bir namizəd isə "Fənərbaxça" və "Bursaspor" klublarının sabiq çalışdırıcısı Kristof Daumdur. Alman baş məşqçinin "Bursaspor"dakı fəaliyyəti uğursuz alınsa da "Fənərbaxça"dakı işi göz oxşamışdı. Baş məşqçinin alman olması da AFFA-nın seçimində həlledici rol oynaya bilər. Ancaq Daum Azərbaycan futbolu və azərbaycanlıları tanımaması onun əleyhinə işləyən amillərdəndir.Digər namizəd isə Türkiyənin "Kasımpaşa" klubunu çalışdıran gürcü baş məşqçi Şota Arveladzedir. Şota Arveladzenin Azərbaycana yaxın Türkiyədə işləməsi onun üçün müsbət cəhət sayıla bilər. Ancaq Şota Arveladzenin yığma komandalar səviyyəsində işləməməsi onun çox güman ki, AFFA-nın seçiminə təsir edəcək.Sözsüz ki, bütün bu adı çəkilən məşqçilər bizim ehtimallarımızdır. Son sözü əlbəttə ki, AFFA rəhbərliyi deyəcək. Yığmanın yeni çalışdırıcısının top məşqçilərdən olacağı daha ağlabatan görünür. Azərbaycan futboluna qoyulan pullar və azarkeşlərimizin ambisiyası belə düşünməyə əsas verir. Yaşayarıq görərik...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31