AFFA-dan maraqlı qərar
Hakimin verdiyi səhv qərara görə cəzalan futbolçu əfv olunub
15 Oktyabr 2014 13:41 İdmanAzərbaycan Futbol Federasiyası Assosiasiyasının İntizam Komitəsi növbəti iclasını keçirib. Anspress-in AFFA-ya istinadla verdiyi məlumata görə, 09 oktyabr 2014-cü il U-16 Liqasının "İnter" - "Simurq" matçının 51-ci dəqiqəsində "Simurq" klubunun 7 №-li futbolçusu Ceyhun Rəcəbli dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Lakin sonradan məlum olub ki, hakim protokala qırmızı vərəqə alan 7 №-li futbolçu Anar Davudovun əvəzinə 11 №-li futbolçu Ceyhun Rəcəblinin adını qeyd edib. Bu səbəbdən də İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir: 11 №-li futbolçu Ceyhun Rəcəblinin aktivindən qırmızı vərəqə silinir və verilmiş cəza ləğv olunur. "Simurq" klubunun 7 №-li futbolçusu Anar Davudov dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 5 oyunluq cəza verilir. Hakimlər Komitəsi hakim haqqında müvafiq tədbir görüb İntizam Komitəsinə bildirsin.