Nazir Berlinə gedib
14 Oktyabr 2014 12:58 İdmanGənclər və idman naziri Azad Rəhimov Almaniyaya səfər edib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, səfərdə məqsəd Berlində keçirilən Bakı 2015 Avropa oyunlarının təqdimat mərasinində iştirak etməkdir. Berlin şəhərinin tarixi məkanlarından biri olan Bode Muzeyində baş tutan tədbirdə ilk olaraq qonaqlar üçün alman dilində Bakı 2015-ə həsr olunmuş film nümayiş olunub. Daha sonra tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının Cənubi Qafqaz dostluq qrupunun sədri xanim Karin Ştrents, Almaniya Olimpiya Komitəsinin prezidenti Alfons Hörman çıxış ediblər. Nazir Azad Rəhimov öz çıxışında ilk olaraq Almaniya Azərbaycan dostluq münasibətlərindən söz açıb. Bununla yanaşı Azad Rəhimov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrliyi ilə birinci Avropa Oyunlarına hazırlıq məqsədi ilə görülən işlər haqda qonaqlara məlumat verib və qısa zamanda Bakıya rəsmi səfəri gözlənilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ölkəmizin 2015 Avropa Oyunlarına hazırlıq prosesi ilə yaxından tanış olmaq imkanından məmnunluğunu qeyd edib. Tədbirin sonunda Ənvər Sadıxov və qrupunun müşayiəti ilə konsert proqramı keçirilib.