"Yığmada çıxış etmək istəmirəm, baş məşqçi ilə aramızda problem var"
8 Oktyabr 2014 13:31 İdman"Azəryol"un yeni transferi Yovana Brakoçeviç milli karyerasını başa vura bilər. Apasport.az xəbər verir ki, bunu ölkəsinin mətbuatına Serbiya yığmasının blokçusu özü deyib. İtaliyada keçirilən dünya çempionatında ilk "altılıq"da yer ala bilməyən Brakoçeviç bildirib ki, bunun günahkarı baş məşqçi Zoran Terziçdir: "Artıq çiynimdəki zədə sağalıb. Lakin baş məşqçimiz mənə start heyətində yer vermədi. Belə davam edən halda yığmada çıxış etmək istəmirəm və həqiqətən, baş məşqçi ilə aramızda problem var". Serbiya millisinin hazırda yaxşı formada olduğunu deyən blokçu bildirib ki, II təsnifat mərhələsinin son turunda Rusiyaya uduzaraq, mübarizəni dayandırmaları heç yerinə düşməyib. Bunun üçün millini tənqid edən voleybolçu bu məsələdə də Terziçi günahkar sayıb. O, "Azəryol"la bağlı fikirlərini də açıqlayıb. Brakoçeviçin sözlərinə görə, Bakı klubunu seçməsində əsas məqsəd yeni titullar qazanmaqdır.