"Komandamdan yalnız qələbə tələb edəcəm" – Foqts
2 Sentyabr 2014 20:10 İdman"Seçmə mərhələ öncəsi belə ciddi rəqiblə yoldaşlıq görüşü keçirməyə şərait yaratdıqları üçün rusiyalı dostlarıma minnətdaram. İki ölkənin futbol federasiyaları arasındakı razılaşmaya əsasən, qarşıdakı iki il ərzində Rusiya millisi Bakıya gəlməlidir". Qol.Az-ın "Sport-express" qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Rusiya ilə yoldaşlıq oyunu öncəsi keçirdiyi mətbuat konfransında deyib. Sabahkı oyunun əhəmiyyətindən danışan almaniyalı mütəxəssis Rusiya yığmasının çalışdırıcısı Fabio Kapellonun komandası ilə müqaviləsini yeniləməsinə də münasibət bildirib: "Bilirəm ki, bu oyun Rusiya millisi üçün də ciddi sınaqdır. Çünki onlar "DÇ-2014"dən sonra ilk oyunlarına çıxacaqlar. Rusiya Futbol İttifaqının Kapello ilə müqaviləni yeniləməsini düzgün addım sayıram. Çünki italiyalı mütəxəssis dünyanın ən güclü məşqçilərindən biridir. Nəticə də olacaq. Sadəcə ona vaxt verin". B.Foqts eyni zamanda Türkiyənin I dəstəsində forma geyən futbolçuların yığmaya dəvət etmək istəməməsinin də səbəbini açıqlayıb: "Türkiyənin I dəstəsində çıxış edən futbolçuların milliyə çağırılmasının tərəfdarı deyiləm. Çünki Azərbaycan Premyer Liqası Türkiyə I dəstəsindən geri qalmır. Yığmanın futbolçuları İngiltərə, İspaniya, İtaliya və Almaniya kimi ölkələrin yüksək liqalarında çıxış etməlidirlər. Ancaq bizim belə futbolçularımız yoxdur. Düşünürəm ki, eyni problem Kapellonun komandasında da var". Təcrübəli mütəxəssis sabahkı görüşdə komandasından yalnız qələbə tələb edəcəyini bildirib: "Qoy, bu sürpriz olsun. Ancaq bir şeyi deyə bilərəm ki, komandamdan yalnız qələbə tələb edəcəm. Rusiya ilə matç bizim üçün çox önəmlidir".