Mərdəkanda dənizdə batanlardan ikisinin meyiti tapılıb
16:22 HadisəMərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə batan 4 nəfərdən ikisinin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.
Məlumatda qeyd olunub ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun axtarışları davam etdirilir.
Xatırladaq ki, FHN-nin Mətbuat Xidməti 2026-cı il iyunun 1-dən 19-dək ölkədə qeyri-çimərlik ərazilərdə 12 nəfər bataraq həyatını itirdiyi barədə məlumat vermişdi. Bu hadisələr əsasən çaylar, kanallar, arxlar, süni göllər və çimmək üçün nəzərdə tutulmayan digər su hövzələrində qeydə alınıb.
"FHN vətəndaşları yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə, küləkli hava şəraitində dənizə girməməyə, qeyri-çimərlik ərazilərdə çimməməyə və xilasedicilərin göstərişlərinə ciddi əməl etməyə çağırır. Bu çağırışlar yay aylarında boğulma hallarının qarşısının alınması və insanların həyatının qorunması məqsədi daşıyır", - deyə Mətbuat Xidmətinin məlumatında deyilir.