Rəqsanə İsmayılovanın ev dustaqlığı ləğv edildi - Yeni cəzası....
14:06 HadisəKülli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.
APA-nın yaydığı məlumata görə, müğənni barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz edilib.
Bəs "ev dustaqlığı qətimkan tədbirinin polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunması" nə deməkdir?
Musavat.com xəbər verir ki, bu ifadə o deməkdir ki, əvvəlcə şəxs barəsində məhkəmə tərəfindən ev dustaqlığı - yəni müəyyən müddət ərzində evdən çıxmamaq və hərəkət azadlığının ciddi şəkildə məhdudlaşdırılması - qətimkan tədbiri seçilir. Lakin sonradan müəyyən səbəblərə görə (məsələn, istintaqın gedişi, şəxsin davranışı, sağlamlıq vəziyyəti və s.) bu daha sərt tədbir daha yüngül tədbirlə - polis nəzarəti altında olma ilə əvəz olunur.
Polis nəzarəti altında olma qətimkan tədbiri isə aşağıdakı məhdudiyyətləri nəzərdə tutur:
Şəxs tam evdə saxlanılmır, lakin tam sərbəst də olmur;
Müəyyən vaxtlarda polis orqanında qeydiyyatdan keçməlidir;
Yaşayış yerini dəyişmək üçün əvvəlcədən icazə almalıdır;
Bəzi hallarda ölkədən çıxışına və ya müəyyən şəxslərlə əlaqəsinə məhdudiyyət qoyula bilər.
Bu dəyişiklik ümumilikdə qətimkan tədbirinin yumşaldılması hesab olunur. Yəni şəxs üzərində nəzarət davam edir, lakin onun hərəkət azadlığı əvvəlki kimi ciddi şəkildə məhdudlaşdırılmır.
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs olunub.
Vətəndaşlardan daxil olan şikayətlər əsasında polis tərəfindən həyata keçirilən tədbirlər nəticəsində o saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, o, iki zərərçəkmiş şəxsin ümumilikdə 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanılıb və R. İsmayılova təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Noyabr ayında isə o, ev dustaqlığına buraxılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Dəymiş ziyanın bir hissəsinin (100 min manat) ödənilməsi və tərəflər arasında əldə olunmuş razılıq nəzərə alınaraq, məhkəmə tərəfindən bu qərar qəbul edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.