İnterpolun axtarışında olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edildi

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2013-cü ildə qabaqcadan cinayət əlaqəsinə girərək əlbir olduğu qrupda xarici vətəndaş olan V.Şilderin qəsdən öldürülməsinə nail olmaq üçün külli miqdarda pul vəd edərək onun qətlini sifariş etmiş və sonda qətlin icraçısı Elman İsgəndərov vasitəsilə V.Şilderin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirilərək onun qəsdən həyatdan məhrum edilməsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Əli-zadə Xəyal Məzahir oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.

Adıçəkilən şəxsin Birləşmiş Ərəb Əmirliklərində olması ehtimalı nəzərə alınaraq, 2023-cü ildə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlər həmin dövlətə göndərilib. Aparılan mütəmadi danışıqlardan və həmin şəxs həbs edildikdən sonra onun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin dövlətimiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Əli-zadə Xəyal Məzahir oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31