İaşə obyekti təhlükəsi: Qanunsuz tikintiyə görə kim məsuliyyət daşıyır? – ÖZƏL
16:18 HadisəBakının Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 150 ünvanında yerləşən tarixi binada yaşayan 21 ailə təhlükədədir.
Sakinlər zirzəmini alan İran vətəndaşının iaşə obyekti tikmək məqsədilə apardığı qanunsuz qazıntı-tikinti işlərinin binanın bünövrəsini dağıtdığını iddia edirlər.
Şikayətlərə baxmayaraq fəaliyyət davam edib. Nəsimi Rayon İcra Hakimiyyəti məsələnin araşdırılacağını bildirib.
Binanın zirzəmisinin ayrıca əmlak vahidi kimi satılması qanunidirmi? Bu zaman digər mənzil mülkiyyətçilərinin (21 ailənin) ümumi mülkiyyət hüquqları və razılığı nəzərə alınmalıdırmı?
Ziyan dəyərsə, bərpa xərclərini kim qarşılamalıdır?
"Əgər hər hansı bir təhlükə yaranarsa və ya binada yaşayan 21 ailənin təhlükəsizliyinə problem ortaya çıxarsa, yaxud da binada konstruktiv dəyişikliklər edilərsə və bu dəyişikliklər binanın bütövlüyünə zərər verərsə, məsuliyyət birbaşa həmin işi həyata keçirən şəxs - sahibkar və ona bu fəaliyyətə icazə verən müvafiq dövlət qurumlarının üzərinə düşür. Çünki hər hansı bir ictimai-iaşə obyekti, xüsusilə də zirzəmi və ya yarımzirzəmi hissəsində yerləşən obyekt fəaliyyətə başlayarkən, onun qeyri-yaşayış sahəsi kimi istismar imkanları nəzərə alınmalıdır. Buraya sanitar-epidemioloji normalara, yanğından mühafizə və təxliyə qaydalarına əməl olunması, habelə fəaliyyətin ətrafdakı sakinlərin gündəlik həyatına mənfi təsir göstərməməsi daxildir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Şuranın prezidenti Vüqar Oruc deyib:
"Məlumdur ki, qeyri-yaşayış sahələrinin və ictimai-iaşə obyektlərinin fəaliyyəti ilə bağlı müəyyən normativlər mövcuddur. Bu normativlərə görə, məsələn, gecə saatlarında malların daşınması və tədarük prosesi məhdudlaşdırılır. Yəni, vətəndaşların istirahət və normal yaşayış hüququna təhlükə yaradan hər hansı fəaliyyət müvafiq icra qurumları tərəfindən dərhal dayandırılmalıdır".
AQC sədri bildirib ki, bu məsələdə həm yerli icra hakimiyyəti orqanları, həm də Fövqəladə Hallar Nazirliyinin tərkibində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi aktiv şəkildə müdaxilə etməlidir. Mülkiyyətin kimə məxsus olmasının - yerli və ya xarici vətəndaş olmasının - heç bir fərqi yoxdur. Çünki mülkiyyətin alqı-satqısı başa çatdıqdan sonra həmin əmlak tam şəkildə sahibinə məxsus olur və o, orada daxili təmir və planlaşdırma işləri aparmaq hüququna malikdir. Lakin bu, yalnız müəyyən şərtlər daxilində mümkündür. Bu şərtlərdən biri odur ki, binanın ümumi konstruksiyasına zərər vurulmamalıdır. Daşıyıcı divarlara, yəni yük və ağırlıq daşıyan konstruksiyalara toxunmaq qəti qadağandır. Həmçinin binanın ümumi görünüşünə və üst mərtəbələrin təhlükəsizliyinə zərər gətirəcək dəyişikliklərə yol verilməməlidir. Eyni zamanda, qeyri-yaşayış obyektlərinin fəaliyyəti üçün tələb olunan bütün texniki və təhlükəsizlik normaları tam şəkildə təmin edilməlidir.
Sədr qeyd edib ki, qanunvericiliyə əsasən, ictimai-iaşə obyektlərinə yalnız o halda icazə verilir ki, orada eyni vaxtda 50 nəfərdən artıq şəxsin oturması nəzərdə tutulmasın. Çünki yaşayış binasında yerləşən obyektlərin səs-küy yaratmaq, sakinləri narahat etmək və təhlükə yaratmaq ehtimalı yüksək olur.
"Belə hallarda əsas prioritet yaşayış binasında yaşayan insanların hüquqlarıdır, daha sonra isə biznes maraqları gəlir. Azərbaycan dövləti hər zaman vətəndaşların hüquq və mənafelərini üstün tutur. Ona görə də, əgər sahibkarın fəaliyyəti mövcud normativlərə və qanunlara ziddirsə, bu fəaliyyət dayandırılmalıdır. Nəsimi Rayon İcra Hakimiyyəti də qeyd edib ki, məsələ araşdırıldıqdan sonra müvafiq qərarlar qəbul ediləcək", - deyə Vüqar Oruc əlavə edib.
AQC sədrinin sözlərinə görə, binanın bünövrəsinə toxunmaq yolverilməzdir. Çünki bu, onun əsas konstruktiv elementidir və mühəndis-tikinti sisteminin dayağı sayılır. Bünövrənin zədələnməsi binanın bütövlükdə təhlükə altına düşməsinə səbəb ola bilər. Buna görə də bu məsələ həm Nəsimi Rayon İcra Hakimiyyəti, həm də Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları tərəfindən ətraflı şəkildə araşdırılmalıdır. Əgər deyilənlər təsdiqini taparsa, özbaşına aparılan təmir prosesi dərhal dayandırılmalıdır. Çünki zirzəmidə yerləşən qeyri-yaşayış obyektinin ictimai-iaşə obyekti kimi fəaliyyət göstərə bilməsi üçün bütün texniki və sanitar tələblərə cavab verməsi vacibdir. Əgər təmir işləri nəticəsində ziyan dəydisə, bərpa xərclərini həm təmiri aparan mülkiyyətçi, həm də ona icazə verən müvafiq dövlət qurumları ödəməlidir.
Sevda Dəniz