Gəncədə yataqxanada çıxan yanğında zəhərlənənlərin SON VƏZİYYƏTİ

Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində baş verən yanğın hadisəsi ilə əlaqədar 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Olaylar.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, 1962-ci il təvəllüdlü (qadın cinsli) şəxsə hipertenziya səbəbilə yerində yardım göstərilib. 2005-ci il təvəllüdlü (kişi cinsli) şəxs isə tüstüdən boğulma səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib.

"Hazırda Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə əlavə edilib.

Qeyd edək ki, Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan ümumi dəhlizin divarları qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər tüstülənmiş sahələrdən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31