Partlayışların əsl "üzü": məsuliyyətsizlik, yoxsa təxribat?
19 Yanvar 2024 15:12 HadisəBir neçə gündür ki, kütləvi informasiya vasitələrində ölkənin müxtəlif bölgələrində, müxtəlif ərazilərdə baş vermiş partlayış xəbərlərinə rast gəlirik. Sözsüz ki, bu hadisələrin əksəriyyətinin arxasında işçi və ya sahibkar məsuliyyətsizliyi, ya da qaz sıxması kimi hallar dayanır. Bu günə qədər verilən heç bir partlayış hadisəsinin hər hansı bir təxribat məqsədilə törədildiyi açıqlanmasa da, hazırda prezident seçkiləri ərəfəsində bu kimi halların ard-arda yaşanması insanlarda sual yaradır.
Bəs mütəxəssislər nə düşünür? Hazırda bu kimi halların baş verməsi həqiqətən sadəcə məsuliyyətsizlikdən irəli gəlir, yoxsa hər hansı təxribat xarakteri daşıyır? Ümumiyyətlə ölkədə baş verə biləcək təxribat hallarının qarşısının alınması üçün hansı təhlükəsizlik tədbirləri görülür və bu tədbirlər görülməsə hansı hallarla qarşılaşa bilərik?
.png)
Sosioloq Elçin Bayramlının sözlərinə görə, ölkədə təxribat xarakterli baş verən hadisələrin nəyəsə təsiri olmur:
"Ümumiyyətlə, bütün dövrlərdə bu kimi hadisələr - partlayışlar, yanğınlar və s. baş verir. Aydın məsələdir ki, seçki dövründə bu proses daha çox aktual olur, daha çox medianın diqqətində olur. Mən digər öncəki illərə nisbətən elə bir ciddi artım hiss eləmirəm. Təxribat xarakterli tək-tük hadisələr ola bilər, amma çox nadir. Yəni siyasi təxribat xarakterli belə şeylərin hər hansı nəyisə dəyişmək üçün təşkili Azərbaycan kimi ölkədə elə bir effekti yoxdur. Ona görə burada təxribat olsa belə, bu, iqtisadi, mülki, biznes xarakterli ola bilər. Şəxslərin öz aralarında obyekt bölüşdürülməsi və yaxud sahiblənməsi, qəsdən zərər vurulması kimi hallar ola bilər. Amma siyasi baxımdan belə xırda hadisələr adətən olmur. Əgər bir dövlətə qarşı ciddi xarici təhdid varsa, bu zaman çox böyük hadisələr, terror aktları təşkil olunur, hətta kütləvi qırğına qədər belə hadisələr təşkil olunur. Bizdə hələ ki, belə bir ciddi xarici siyasi təxribat hadisəsinə rast gəlmirik. Çünki təhlükəsizlik orqanları öz işini yaxşı yerinə yetirir. Bunların bir çoxunun əvvəlcədən qarşısı alınır, heç ictimaiyyətin xəbəri olmur.
Qaldı ki, xırda-para hadisələr bu, bütün ölkələrdə, bütün dövrlərdə baş verir. Bu yanğın da ola bilər, bina uçqunu da ola bilər, partlayış da ola bilər. Hər bir halda bizim indiki şəraitdə, bu situasiyada son bir ayda baş verənlərin mən siyasi motivlərini şəxsən hiss eləmirəm. Onlar sosial, iqtisadi xarakterlidir, təhlükəsizlik normalarının pozulmasından bağlıdır. Şəxsi intriqalarla bağlı ola bilər, biznes mübarizəsi ilə bağlı ola bilər. Ona görə də inanmıram ki, heç bir şeyi dəyişə bilməyəcək bir neçə belə hadisəni siyasi motivdə törətsinlər. Hansı ki, bu kimi hadisələr nə ölkənin siyasi vəziyyətinə, nə dövlətin siyasətinə heç bir təsir göstərə bilməz. Bu səbəbdən hələlik belə bir təhlükə görmürəm. Yaxşı olar ki, həm vətəndaşlar özləri, həm də dövlət orqanları, doğrudur, təhlükəsizlik məsələsində həmişə ayıq-sayıq olmaq lazımdır, amma belə seçki dövrlərində də, təbii ki, bir az da artıq ayıq-
sayıq olmaq olar ki, hər halda bir ehtimal ola bilər. Bunun üçün diqqətli və ehtiyatlı olmalıyıq. Nəzarəti artırmalıyıq ki, hər hansı belə bir faciəvi hadisə ilə qarşılaşmayaq".
.png)
Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev də bildirir ki, bu baş verən hadisələrin heç birində təxribat xarakteri yoxdur və bu hadisələr bilavasitə təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədardır:
"Doğrudur, son günlər ölkə ərazisində yanğın və partlayış hadisələrinin sayı çoxalıb. Bu hadisələrin baş vermə səbəbi də birmənalı olaraq istər yanğın təhlükəsizliyi qaydalarına, istər qaz istismarı qaydalarına ciddi riayət olunmaması ilə bağlıdır və çox təəssüf hissi ilə qeyd edə bilərik ki, bu cür qayda pozuntuları və təhlükəsiz qaydalarına biganə yanaşma insan sağlamlığını təhlükə altına atır və bunun nəticəsidir ki, istər son günlər ərzində mebel sexində baş verən partlayış hadisəsi ilə bağlı doqquz insan həyatını itirib, istərsə də bundan öncə Perinatal Mərkəzdə baş verən hadisə zamanı yeni doğulmuş körpələr həyatlarını itiriblər. Təhlükəsizlik qaydalarına biganə yanaşılarsa, istər səhiyyə müəssisələrində, təhsil müəssisələrində, ictimai iaşə obyektlərində, hətta mənzillərdə belə bu cür hadisələrin baş verməsi qaçılmaz olur. Bütün müəssisələrdə, ictimai iaşə obyektlərində, səhiyyə müəssisələrində, təhsil müəssisələrində mütləq yanğın təhlükəsizliyi qaydalarının tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları mövcuddur və obyektin müəssisənin təyinatına uyğun olaraq fərdi qaydalar da mövcuddur ki, obyekt istismar edilərkən bu qaydaların tələblərinə mütləq riayət olunmalıdır. Obyektlərdə insanların sağlam və təhlükəsiz şəkildə təxliyə olunması üçün köçürmə planları hazırlanmalıdır. Könüllü yanğınsöndürmə dəstələri təşkil olunmalıdır ki, hər hansısa bir yanğın hadisəsi baş verərsə, artıq insanlar hansı addımı atmaq lazımdır, bununla bağlı məlumatlı olsunlar. Əsasən də yanğın hadisələrinə ilkin müdaxilə etmək üçün yanğınsöndürmə vasitələrinin saz vəziyyətdə olması mütləqdir ki, bir çox obyektlərdə, bir çox müəssisələrdə buna da biganə yanaşılır. Yanğın söndürmə balonları, odsöndürən balonlar ildə bir dəfədən az olmayaraq texniki servisdən keçməlidir. Lisenziyası olan təşkilat tərəfindən bu balonlar servisdən keçməlidir və saz vəziyyətdə saxlanmalıdır ki, hər hansısa bir bədbəxt hadisə, yanğın hadisəsi baş verərsə onların istifadəsi mümkün olsun.
Yanğın hadisələrindən vaxtında xəbərdar olmaq üçün müəssisələrdə yanğın siqnalizasiya sistemləri quraşdırılmalıdır ki, hər hansısa bir hadisə baş verərsə, siqnalizasiya sistemi vasitəsilə həm müəssisə rəhbərinə, həm Dövlət Yanğından Mühafizə Xidmətinə siqnal ötürülsün və yanğına ilkin müdaxilə mümkün olsun.
Partlayış hadisələrindən qorunmaq üçün əsasən qaz balonlarının istifadəsinə ciddi şəkildə nəzarət olunmalı, qaz sızmasını vaxtında aşkarlamaq üçün xüsusi qaz detektorları quraşdırılmalıdır ki, hər hansısa bir qaz sızması olarsa, bu qaz detektorları həmin obyektə qazın verilməsini avtomatik olaraq sayğacla dayandırır və insan həyatının riskə atılmasının, həmçinin əmlaka ziyanın dəyməsinin qarşısını alır. Bu beynəlxalq praktikada da tətbiq olunur. Çox təəssüflər olsun ki, ölkəmizdə bu qaz detektorlarının quraşdırılması təmini ilə bağlı hələ ki, vahid bir qaydalar mövcud deyil. Bundan bağlı lisenziyalaşmış təşkilatlar mövcud olmalıdır və bu qaz detektorlarının quraşdırılması təmin olunmalıdır. Çünki bir çox hallarda mənzillərdə baş verən partlayış hallarının böyük əksəriyyəti qaz sızması nəticəsində baş verən hadisələrdir.
Bəzi hallarda qaz xətlərinin çəkilməsi zamanı layihələrdən kənara çıxılır. Bu da standartların, normativ tələblərin pozulması deməkdir və hadisələrin baş vermə riskini daha da artırır. Ümumiyyətlə, həm qaz təsərrüfatı ilə, həm yanğın təhlükəsizliyi ilə əlaqədar yoxlama mexanizmləri daha müasir olmalıdır. İldə bir dəfə müvafiq dövlət orqanları tərəfindən obyektlərdə, müəssisələrdə yoxlamalar həyata keçirilir. Lakin mən düşünürəm ki, sahibkarlara daha ciddi nəzarət həyata keçirilməlidir və beynəlxalq təcrübəyə əsaslanaraq yeni yoxlama mexanizmi tətbiq olunmalıdır ki, insanların həyatı təhlükə altına düşməsin.
Bu məsələlərdə, təbii ki, maarifləndirmə və təbliğat xarakterli işlərin də xüsusi əhəmiyyəti var ki, bu təbliğat işləri kifayət qədər çox aparılmalıdır. Televiziya kanallarında, kütləvi informasiya vasitələrində, reklam lövhələrində, yanğın təhlükəsizliyi, qaz təhlükəsizliyi və ümumən təhlükəsizlik qaydaları ilə bağlı postlar paylaşılmalı, yazılar yerləşdirilməlidir ki, insanların diqqətini və marağını daha da cəlb edə bilsin. Təhlükəsizlik tədbirləro görülməzsə, bu və bundan daha ağır nəticələrlə qarşılaşa bilərik.
Qaldı ki, ölkədə terror, təxribat hadisələrinin qarşısının alınması ilə əlaqədar görülmüş tədbirlərə, mən düşünmürəm və istisna edirəm ki, bu baş verən hadisələrin heç birində təxribat xarakterli bir məqam olmayıb. Burada baş verən hadisələr bilavasitə təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədardır. Təbii ki, hadisələrin səbəbləri müvafiq dövlət qurumları tərəfindən araşdırılaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılacaqdır. Lakin hadisənin baş vermə görüntüsünə baxdıqda burada hər hansısa bir təxribat xarakterli nələrinsə olması istisna edilir".
Röyalə Xəyal