Bakıda narkotacirlik edən taksi sürücüsü saxlanılıb

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. DİN-dən "Olaylar"a bildirilib ki, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir zamanı  Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Elçin Cəfərov saxlanılıb. Onun idarə etdiyi "Toyota Prius" markalı avtomobilə baxış zamanı 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı E.Cəfərovun paytaxt ərazisində taksi xidməti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.

Xətai RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Ceyhun Abbasquliyev də saxlanılıb. Bu şəxsdən 2 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.

E.Cəfərov və C.Abbasquliyev onlardan aşkar olunan heroin və marixuananı sosial şəbəkələrdə əlaqə qurduqları İran vətəndaşları vasitəsi ilə paytaxtın müxtəlif ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31