İranda saxlanılan azərbaycanlı şairlərin nədə ittiham olunduğu açıqlandı VIDEO

Seyid Abbas Əraqçı: “Onlar qeyri-qanuni davranışlara görə həbs edilib”

Nəhayət ki, rəsmi Tehran İranda həbsdə saxlanılan azərbaycanlı şairlərin nəyə görə ittiham olunduğunu açıqlayıb. Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı bu gün keçirdiyi mətbuat konfransında digər mövzulara da toxunub.S.Əraqçı bu gün həmkarı Xələf Xələfovla 5 saata yaxın davam edən görüşündə Dağlıq Qarabağ münaqişəsi, Suriyadakı vəziyyəti də müzakirə etdiklərini bildirib. O, qeyd edib ki, İran parlamenti Xocalı qətliamının soyqırım kimi tanınması məsələsini araşdırır. Digər münaqişə ocağı olan Suriyadaki vəziyyətin müzakirəsi zamanı isə İran tərəfinin mövqeyi belədir ki, bu ölkədə vəziyyətin sabitləşməsi üçün Suriyaya olan xarici müdaxiləyə və müxalifət qüvvələrinin silahlandırılmasına son qoyulmalıdır.Görüşdə İranda həbsdə saxlanan Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin həbsinin detallarıma da toxunulub. İranlı diplomat bildirdi ki, İran dövləti azərbaycanlı şairlərin məhkəmə prosesinin qanuni keçirilməsinə kömək edir. Seyid Abbas Əraqçı şairlərin nədə ittiham olunmasına da ilk dəfə aydınlıq gətirib."İki azərbaycanlı şair qeyri-qanuni davranışlara görə İranda həbs edilib. Mən bu qeyri-qanuni hərəkətlərin detallarını azərbaycanlı dostlarıma açıq dedim və bu sahədə olan suallarına cavab verdim. Hər bir cinayət hər bir ölkədə məhkəmələrdə baxılmalıdır və bu şairlərin işi də istisna deyil. Bizim dostlarımız başa düşdülər ki, bu hərəkətlər qeyri-qanuni və düzqün rəftar deyil", - deyə o vurğulayıb.
ANS-in "Şairlərin qeyri-qanuni davranışları dedikdə, nəyi nəzərdə tutursunuz?" sualına isə Əraqçı belə cavab verib: "Bu şairlər şeir festivalına dəvət olunsalar da, həmin məclisdə iştirak etməyiblər. Onlar başqa hər yerdə olublar".Qeyd edək ki, Fərid Hüseyn və Şəhriyar Hacızadənin işi ilə bağlı avqustun 7-də məhkəmə prosesi olub. Bu prosesdə yalnız Fərid və Şəhriyara suallar verilib. Bundan sonra məhkəmə təxirə salınıb. Rəsmi olaraq hər 2 şəxsə qarşı indiyə qədər heç bir ittiham irəli sürülməyib. Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da şeir festivalında iştirak etmək üçün İrana gedib, mayın 2-də Təbrizdə saxlanılıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31