"Zəlzələ kəndlərində hamam çatışmır, insanlar qanlarını yuya bilmir"
15 Avqust 2012 13:07 Güneyİranın şimal-qərbində, Şərqi Azərbaycan əyalətində şənbə günü baş vermiş zəlzələdən sonra bazar ertəsindən başlayaraq iki günlük rəsmi matəm elan olunub. Zəlzələ nəticəsində ölənlərin sayı 300-dən çoxdur. Evləri dağılmış minlərlə insan müvəqqəti çadırlarda yaşayır. Xilasedicilər onlara örtüklər, isti paltar verir. Əhər və Vərziqan kəndlərində zəlzələ qurbanlarına baş çəkmiş və hazırda Təbrizdə olan psixoloq Sevil xanım (ad şərtidir) BBC Azərbaycancaya müsahibəsində deyib ki, insanlara əsasən mobil hamamlar lazımdır, "onlar üzərlərindəki qanı yuya bilmirlər, paltarlarını iy basıb".O, deyir ki, çoxlu uşaqlar və qadınlar ölüb və Təbrizə nisbətən daha böyük ziyan Əhər və Vərziqanın kəndlərinə dəyib.
"Azərbaycan İranda geri qalan yerlərdəndir, evlər çox köhnə olduğundan dağıntı çoxdur" - Sevil xanım deyir. O, Təbrizdə yeraltı təkanların davam etdiyini də bildirib.