DAK-ın Güney Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı BƏYANATI

Avqustun 11-də Güney Azərbaycanda episentri Vərzigan olmaqla 6.2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət Əhər, Vərzigan və Heris şəhərlərində böyük dağıntılarla səbəb olub. Hadisə nəticəsində yüzlərlə soydaşımız həlak olub, minlərlə insan yaralanıb. Fəlakət bölgəsində 60-dan çox kənd ciddi zərər görüb, bir neçə kənd tamamilə yerlə yeksan olub. Ümunilikdə isə 105 kəndə ciddi ziyan dəyib. Bu qədər ağır tələfata yol açan zəlzələ İran adlanan yerdəki mövcud rejim tərəfindən ciddi qarşılanmayıb və lazımi tədbirlər görülməyib. Hətta şəhərlərdən öz qardaş və bacılarının yardımına qoşan soydaşlarımıza yolları bağlamaqla maneçilik törədib və belə bir ağır gündə yerli vətəndaşlarını və dünya ictimaiyyətini informasiya blokadasında saxlamaq siyasətini davam etdirib. Belə ki, zəlzələdən 15 dəqiqə sonra ABŞ başda olmaqla dünyanın bütün ölkələrinin seysmoloji mərkəzləri təkanların gücü barədə rəsmi açıqlama yaysalar da, İran adlanan yerdəki mövcud hökumət xeyli müddət məsələyə səssiz qalıb. Dünyanın demək olar bütün kütləvi informasiya vasitələri məsələni geniş şəkildə işıqlandırsa da, ancaq İran mediası hadisə ilə bağlı qısa və həqiqəti əks etdirməyən məlumatlar yayıb. Bu azmış kimi, İran adlanan yerdəki mövcud hökumət zəlzələnin ikinci günü xilasetmə işlərini başa çatdırıb. Halbuki dünya praktikasında xilasetmə işləri günlərlə davam etdirilir və hətta bir neçə gündən sonra dağıntılar altından sağ qalmış insanlar çıxarılır. Təbii fəlakət bölgəsində çadıra, yataq ləvazimatlarına, suya və ərzağa ehtiyac olduğu halda, fars şovinist rejimi əksər dünya ölkələrinin yardım təklifini geri çevirir. DAK olaraq, İran adlanan yerdəki mövcud rejimin Güney Azərbaycana göstərdiyi laqeyd və insanlığa sığmayan münasibətini qınayır, təbii fəlakət nəticəsində xeyli sayda soydaşımızın həlak olmasından kədərləndiyimizi bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31