İran və Azərbaycan məhbuslarının mübadiləsinə dair danışıqlar aparılır

"İran və Azərbaycan arasında məhbusların mübadiləsinə dair razılaşmaya əsasən, qarşılıqlı mübadilələrin həyata keçirilməsi üçün danışıqlar aparılır". Trend-in məlumatına görə, bu sözləri İran xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Əraqçi bu gün İranın IRNA xəbər agentliyinə müsahibəsində deyib.İran xarici işlər nazirinin müavini bu ölkədə həbs olunan iki azərbaycanlı şairlə bağlı bildirib ki, həbs olunmuş şəxslər təhlükəsizlik məsələləri ilə əlaqədar ittiham olunurlar və aidiyyəti qurumlar bu məsələ ilə məşğuldur. Lakin Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğuna, eləcə də həmin şəxslərin valideynlərinə onlarla görüşmək üçün şərait yaradıb.O qeyd edib ki, bu, bir məhkəmə işidir və proses olmalıdır.Əraqçi, həmçinin əlavə edib ki, bu iki şəxsin həbsindən öncə də İranda bir neçə Azərbaycan vətəndaşı həbs olunub və onlar narkotik maddələrin qaçaqmalçılığında ittiham olunurlar.XİN müavini əlavə edib ki, İran və Azərbaycan arasındakı bütün məsələlərə təkcə bir çərçivədən baxmaq mümkün deyil."İran və Azərbaycan bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdırlar. İran və Azərbaycana dost olmayan bəzi qüvvələr var ki, iki ölkənin arasında münasibətləri korlamaq məqsədilə şayiələr yayır və ölkələr arasında gərginliyə səbəb olurlar", - Əraqçi deyib.Əraqçi Bakıya gözlənilən səfərinin yaxın gələcəkdə baş tutacağını vurğulayıb.Qeyd edək ki, bu gün İranda azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəməsi baş tutub. Hər iki soydaşımız Təbrizdə keçirilən şeir festivalında iştirak etmək üçün qonşu ölkəyə gedib və mayın 2-də həbs olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31