“Urmu gölünün qurudulması ekoloji fəlakət yaradacaq” - Hüseyn Türkelli
“Duz qasırğaları Urmu şəhərini bürüyüb”
11 İyul 2012 19:38 Güney"Urmu gölünün qurudulmasının duz qasırğalarına səbəb olacağını bildirmişdik. Artıq Urmu və ətraf şəhərlərdə duz qasırğaları başlanıb". Bunu "OLAYLAR"a açıqlamasında Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Hüseyn Türkelli deyib. Onun sözlərinə görə, Urmu sakinləri bildirir ki, duz qasırğaları Urmu şəhərini bürüyüb: "Ətraf mühitə, əkin sahələrinə, bağlara ciddi ziyan dəyib. Buna baxmayaraq İran rejimi gölün qurumasının qarşısnı almaq üçün heç bir tədbir görmür". Milli Hərəkat fəalı deyib ki, molla rejimi Urmu gölünə axan çayların üzərində yüzlərlə sədlər və barajlar tikərək gölün qurumasını tezləşdirir: "Ayrıca, SEPAH Urmu gölü içindən Təbriz-Urmu körpüsü tikmək bəhanəsi ilə gölü torpaqla-qumla dolduraraq yarıya bölüb. Bütün bunlar isə gölün qurumasına səbəb olur. Faciənin qarşısının alınması üçün hər-hansı praktik addımlar atılmır. Göl quruyarsa duz qasırğaları bütün Azərbaycanı çöllüyə çevirəcək və nəticədə milyonlarla azərbaycanlı yurd-yuvasından didərgin düşəcək". Ekspertlər hesab edir ki, göl quruyarsa, bu, təkcə Güney Azərbaycana deyil, Türkiyəyə də mənfi təsir edəcək. Qeyd edək ki, kütləvi etirazları səngitmək üçün İran rejimi gölün bərpa edilməsi ile bağlı qərarlar qəbul etsə də, planları maliyyələşdirməkdən imtina edir".