Güneydəki soydaşlarımız üçün əsas istiqamət müəyyən edilib

"Artıq Azərbaycanın Güneyindəki soydaşlarımız üçün əsas istiqamət müəyyən edilib. Bu da artıq nə mədəni muxtariyyat, nə də federasiya istəyidir. Artıq soydaşlarımız istiqlal ideyası ilə birləşir, fəallaşırlar". Bu fikirləri "OLAYLAR"-a Bütöv Azərbaycan Ocaqlarının Türk dünyası ilə əlaqələr üzrə sədr müavini Faiq Ələkbərli səsləndirib. Onun sözlərinə görə,  bizim də gördüyümüz mənzərə ondan ibarətdir ki, İran İslam Respublikasının siyasi və dini rəhbərliyinin apardığı yalnış siyasət nəticəsində bu ölkədə yaşayan türklər, güneyli soydaşlarımız daim təzyiqlərlə üzləşir, ikinci dərəcəli insan kimi davranışlarla qarşılaşırlar: "Baxmayaraq ki, İran daima İslam həmrəyliyi və din təssübkeşliyindən danışır, ancaq buna rəğmən ərazisində yaşayan və eyni dini daşıyan geneyli soydaşlarımıza, digər türk xalqlarına qarşı ayrıseçkilik edir. Artıq proseslər belə davam edə bilməz və şübhəsiz ki, davam da etməyəcək. Gözləntilərimiz ondan ibarətdir ki, yaxın zamanlarda Azərbaycanın Güneyində də milli dövlət meydana çıxacaq. Həm daxili, həm xarici proseslər, eyni zamanda İranın atdığı addımların bir çox Qərb dövlətlərini razı salmaması dediyimiz situasiyanı yetişdirir. Hətta Türkiyə və Rusiyanın özündə belə indiki İran adlanan dövlətin rəhbərliyinə qarşı münasibətdə müəyyən dəyişikliklər baş verib. Bütün bunlar da onu deməyə əsas verir ki, İran adlanan dövlətin bu hakimiyyət, bu idarəçiliklə davam etməsi mümkün deyil və yeni bir şərait, durumla üz-üzə qalmışıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31