“İran bütöv Azərbaycanın yaranmasından qorxur” - Güneyli ekspert Elçin Hatəmi

“Molla rejimi Quzey Azərbaycanın güclənməsini fars etnosunun, İran dövlətinin varlığı üçün böyük təhlükə olaraq görür”

İslam respublikası olduğunu bəyan etsə də, İranın hakim molla rejimi müsəlman Azərbaycanın 20 faiz ərazisini işğal etmiş Ermənistanla iqtisadi əlaqələri davam etdirir. Maraqlıdır ki, beynəlxalq iqtisadi sanksiyalara məruz qalıb iqtisadi gücünü itirdiyi bir vaxtda da  İran işğalçı dövlətə yardım etməklə Türkiyə və Azərbaycanı qıcıqlandıracaq siyasət yürüdür. Xatırladaq ki, nüvə proqramına görə, ABŞ və Avropa Birliyi İrana neft embarqosu tətbiq edib. Embarqolar İran neftininın dünya bazarlarına çıxışını əngəlləyib. Güneyli politoloq Elçin Hatəmi deyir ki, neft embarqoları İranın neft satışına təsir edib, milli valyutanı dəyərdən salıb, bank sisteminə, ticari müqavilələrə, gəmiçilik nəqliyyatına, təbii qaz ixracatına zərbə vurub. Güneyli ekspert deyir ki, bütün bunlara rəğmən molla rejimi yanlış siyasətini davam etdirir:  "İran bu vəziyyətdə, beynəlxalq icitmaiyyətlə münasibətləri yaxşılaşdırmaq əvəzinə, qanunsuz yollarla embarqolardan özünü qurtarmağa cəhd göstərir.
İran dövləti bir çox qonşu ölkələrdə müxtəlif şirkətlərin vasitəsi ilə bu sankasıyaların nəticələrini ləğv etməyə və təsirini azaltmağa çalışır. Ermənistanla əlaqələr də həm də buna görədir. İran dövləti Sovet ittifaqı dağıldıqdan sonra Quzey Azərbaycan Respublikasını zəiflətmək üçün Ermənistan dövlətinə hər tərəfli yardım edib və bu ölkənin ayaqda qalmasında böyük rol oynayıb". Güneyli ekspert deyir ki, İran dövləti işğalçı ölkəyə indiyə kimi yanacaq, təbii qaz, ərzaq, inşaat materialları və hərbi təchizat və s. verib: "İranın Qarabağ müharibəsində Ermənistanın Azərbaycanın topraqlarını işğal etməsində yüksək səviyyədə dəstəyi olmuşdu. Hazırda iki ölkə arasında yaxın münasibətlər davam edir və Ermənistan regionda İran dövlətinin bir strateji müttəfiqi kimi çıxış edir. İran dövləti "düşmənimin düşməni dostumdur" prinsipi ilə Azərbaycanın güclənməsini, hərtərəfli inkişafını fars etnosunun, İran dövlətinin varlığı üçün böyük bir təhlükə olaraq görür və bütöv Azərbaycanın yaranmasından qorxur". Elçin Hatəminin fikrincə, İran Ermənistanda olan banklardan da istifadə edir, neftdən əldə edilən gəlirlərin pulunu bu banklara köçürür. Hazırda Ermənistanda İranın bir çox ticari şirkətləri və holdinqlərinin fəalliyyət göstərdiyini deyən güneyli ekspertin sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin miqdarı 1 milyard ABŞ dollarıdır: "Bunu  prezdent Mahmud Əhmədinejad da bildirmişdi. İran dövləti Ermənistan üçün bir çox məsələlərdə güzəştə gedib. Məsələn, İran təbii qazı bu ölkəyə dünya bazarındakı qiymətdən qat-qat ucuz verir və bunun qarşılığında Ermənistanda istehsal olunan keyfiyyətsiz malları idxal edir. Ermənistan rəsmiləri embarqolarla əlaqədar məsələni təkzib etsələr də, belə görünür ki, bu ölkənin İran dövlətinin tələbinə boyun əyməkdən başqa çarəsi yoxdur. Çunki bu iki ölkənin varlığı iki tərəfli yaxın münasibətlərinə bağlıdı. Ermənistan dövləti İranda hakimiyyətdə olan molla rejimini və teokratik avtoritar dövləti öz inkişafı və ayaqda qalması üçün əsas vasitə, dayaq  hesab edir və gələcəkdə İranın bölünməsindən və hətta bir demokratik və ya federal hakimiyyətin yaranmasından narahatdı.  Güney Azərbaycanda  müstəqil dövlətin yaranması geosiyasi baxımdan Ermənistanı çıxılmaz vəziyyətə sala bilər. Əgər bu hadisə baş verməzsə, İranda çoxmillətli federal dövlət qurularsa, o zaman mərkəzi dövlətin Ermənistanla münasibətləri Güney Azərbaycan türklərinin istəklərini nəzərə almadan tənzimləməsi mümkün olmayacaq".  Güneyli ekspert hesab edir ki, molla rejimi praqmatik siyasət aparmalı, qonşu müsəlman, türk dövlətləri ilə düşmənçiliyə son qoymalı, işğalçı Ermənistanla əlaqələri kəsməlidir. Əks halda hazırki siyasət İranı iflasa aparacaq. Embarqolar ölkəni çökdürəcək, daxildə entik qarşıdurmalar yaranacaq.

Hüseyn Meşkinli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31