Güney Azərbaycan Milli Azadlıq Hərəkatı bəyanat yayıb

Güney Azərbaycanda yaşayan 30 milyondan çox azərbaycan türkünün şovinist fars təfəkkürünün basqısı altında sistemli şəkildə milli hüquq və azadlıqlardan məhrum edilməsi, milli fəallara qarşı həbs və qeyri-insani rəftar, Azərbaycanın öz milli sərvətlərindən məhrum edilməsi və millətimizin yoxsul duruma salınması, Urmu gölünün məqsədli şəkildə qurudulması, əhalinin öz tarixi torpaqlarından didərgin salınması əslində bir millətə qarşı yönəlmiş irqi ayrıseçkilik siyasətindən qaynaqlanır. Son aylarda Güney Azərbaycanın Qaradağ bölgəsində baş vermiş zəlzələdən zərər çəkən insanlara molla rejiminin qeyri-insani münasibəti və onların ağır durumuna etinasız münasibət, din adı altında gizlənmiş bu rejimin faşist mahiyyətini ortaya qoymaqdadır.
Güney Azərbaycanın azadlığı və milli dövlətçiliyi istiqamətində kütləviləşən milli hərəkatın sistemli təşkilatlanması, Güney Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılan təxribatyönlü siyasətin qarşısının alınması və beynəlxalq hüquq normaları çərçivəsində Güney Azərbaycan məsələsinin dünya səviyyəsində gündəmə gətirilməsi bugünki təşkilatlanma və təşkilatlararası işbirliyinin əsasını təşkil etməlidir. Bu istiqamətdə fəaliyyət göstərən quvvələr qurtuluş mübarizəmizin genişlənməsində birgə fəaliyyətin qurulması və onun davam etdirilməsi üçün bütün imkanlarını səfərbər etməlidirlər. Elə buna görə də GAMAC həm daxildə və həm də xaricdə aparılan milli azadlıq mübarizəsinin gücləndirlməsini kordinə olunmuş (həmahəng) işbirliyinin qurulmasında görür və dəstəkləyir. Biz, milli təşkilatların birgə səyilə BMT baş katibinə müraciətin imzalanmasını və BMT-nin nəzarəti ilə Güney Azərbaycanın tarixi ərazisində azərbaycan türklərinin iştirakı ilə Referendumun keçirilməsi tələbinin irəli sürülməsini milli azadlıq hərəkatımızın siyasi müstəvidə atdığı tarixi addım hesab edirik.
GAMAC bəyan edir ki, Güney Azərbaycanda milli demokratik dövlətin qurulması millətimizin milli iradəsi və onun vahid mövqedən çıxış etməsindən keçir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31