Güney Azərbaycan ayağa qalxdı - SİYASİ ARAŞDIRMA

Molla rejiminin idbar siyasəti xalqın səbr kasasını daşırdı

İran hakimiyyətinin, molla rejiminin Azərbaycan Respublikası əleyhinə apardığı mürtəce siyasət İran üçün mənfi nəticələrini göstərməkdədir. Molla rejiminin Azərbaycan əleyhinə apardığı əks-təbliğatın Güneydə etiraz doğuracağı ilə bağlı proqnozlar verilmişdi. İran tərəfi son vaxtlar tamamilə həddini aşmışdı, Azərbaycan dövlətinə hədə gəlinməkdən, respublikanı xaosla təhdid etməkdən belə çəkinmirdi. İranın nüfuzlu müştəhidləri Azərbaycanda keçirilən "Eurovision" mahnı müsabiqəsini lənətləyir, planlaşdırılmayan və keçirilməsi gözlənilməyən "gey-parad"ı qınayır, bunun "müsəlmançılığa" zidd olduğunu bildirirlər. Dəfələrlə Azərbaycan rəhbərliyi səviyyəsində məsələyə aydınlıq gətirsə də, gey-paradın olmadığını desə də, İran mollaları  bu məsələdən əl çəkmək niyyətində deyil. Artıq 3 həftədir ki, hər cümə namazından sonra Azərbaycan əleyhinə aksiyalar keçirilir. Buna cəmi 2 dəfə cavab verilib. Bakıdakı İran səfirliyinin qarşısında İranın Ermənistanla dostluq və qardaşlıq, eyni zamanda Güney Azərbaycan türklərinə yönəlik irtica siyasətinə etiraz olaraq aksiyalar keçirilib. Bunu bəhanə edən İran iki dövlət arasında münasibətləri gərginləşdirmək qərarına gəlib. Srağagün İran tərəfi Bakıdakı səfirini Tehrana çağırıb. Gözlənilir ki, bunun ardınca İranın Bakıdakı casus şəbəkəsi fəaliyyətə keçəcək, təxribatlara başlayacaq. Amma İran tərəfinin əl-qol açması reallaşmayacaq. Buna Güney Azərbaycan faktoru mane olur. Dünəndən etibarən Güney Azərbaycanın iri şəhərlərində etiraz aksiyalarına başlanılıb.  Təbriz, Urmiya, Miyana və Mərənd şəhərlərində Urmiya gölünün müdafiəsi tələbilə kütləvi etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları bu gölə gələn çayların qarşısındakı bəndlərin aradan qaldırılmasını və gölün qurumaqdan xilas olunmasını tələb ediblər. Aksiyada "Urmu gölü can verir, dövlət onun qətlinə fərman verir" "Yaşasın Azərbaycan", "Azərbaycan bir olsun, istəməyən kor olsun", "Urmu gölü can verir, məclis onun qətlinə fərman verir" və hökumət əleyhinə başqa şüarlar səsləndiriblər. Qeyd edək ki, Urmiya gölünün quruması da region üçün fəlakətə çevrilə bilər. Azərbaycanlı siyasi fəallar hesab edirlər ki, hökumət bu gölün qurumasına qəsdən mane olmur. Artıq Urmiya gölünün 75 faizi quruyub. Urmiyanın Əsgərabad məhəlləsində və "Sərdaran" adlı dördyolda polis dəstələri ilə nümayişçilər arasında qarşıdurmalar yaranıb. Polislər motosikletlərini aksiya iştirakçılarının üstünə sürərək, rezin dəyənəklərlə hücum ediblər. Təbrizdə və Urmiyada polis plastik güllələrdən, gözyaşardıcı qazdan istifadə edib. İlkin məlumatlara görə, beş saat davam edən aksiyalarda yüzdən çox nümayişçi həbs olunub, yaralananlar da var. Xoy, Marağa, Miyana və başqa bir neçə şəhərdə aksiya keçirməyə cəhdlər olsa da, polisin qabaqlayıcı tədbirləri nəticəsində bu baş tutmayıb. Polis 2-3 nəfərin bir yerə yığışdığını görən kimi həbs edib. Bir neçə gündür ki,  İranın Azərbaycan əyalətlərinin iri şəhərlərində internet kəsilib. Siyasi müşahidəçilərin fikrincə, Güney Azərbaycan şəhərlərinin ayağa qalxmasınn əsl səbəbi İranın islam dünyasında yeritdiyi parçalanma siyasəti, Azərbaycan Respuiblikasına qarşı apardığı qərəzkar siyasətdir. Güney Azərbaycan türkləri Bakıya və ölkənin digər şəhərlərinə gəlir və geriyə zəngin təəssüratlarla dönürlər. Onlar Azərbaycanda İran rəsmi təbliğatının irəli sürdüyü iddiaların yalan olduğunu görürlər. Onlara aydın olur ki, Azərbaycan heç də Qum mollalarının iddia etdiyi kimi sionist rejim deyil, Azərbaycanda müsəlmanların hüquqları pozulmur, hər bir müsəlman, xristian, yəhudi dini  ayinlərini sərbəst şəkildə icra edir. Sadəcə, Azərbaycan İran kimi orta əsr cəngəlliklərinə sürüklənmir. Burada dünyəvi təhsil var, qadınlar azaddır, cinayət törətmiş insanlara orta əsr qaydaları ilə cəza kəsmirlər. Canilərin əlləri kəsilmir, zina etmiş qadınlar daş-qalaq edilmir. İranın hakim molla rejimi İranın qulağının dibində bu cür modern müsəlman dövləti görmək istəmirlər. Ona görə də Azərbaycanı qaralayırlar, istəyirlər ki, İran vətəndaşlarında, özəlliklə güney azərbaycanlılarda Azərbaycana mənfi münasibət formalaşsın. Amma deyəsən, İranın siyasəti əksinə, İranın özünə qarşı çevrilib. Tehran qərəzkar siyasətini davam etdirərsə, Güney Azərbaycandan böyük təpki görəcək. Güney şəhərlərində baş verən hadisələr bütün İrana yayıla və mollakratiya əleyhinə inqilaba çevrilə bilər.

Aslan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31