Güney Azərbaycan molla rejimində yaşamaq istəmir
Azərbaycanlılar irançılığı, fars məzhəbini rədd edir
21 May 2012 16:29 Güneyİran İslam Respublikasının rəhbərliyi Azərbaycan Respublikasına qarşı qərəzli münasibətini davam etdirir. İran mollaları bilərəkdən Avroviziya mahnı müsabiqəsini əsas tutur və dünyəvi Azərbaycan dövlətini gözdən salmağa çalışırlar. Ötən həftə cümə namazından sonra paytaxt Tehranda və Güney Azərbaycanın bir sıra şəhərlərində Azərbaycan əleyhinə aksiyalar davam etdirilib. Tehranda cümə namazına rəhbərlik edən axund Kazım Sədiqi yenə də Azərbaycan Respublikasında keçiriləcək "Avroviziya 2012" mahnı yarışından danışıb. Əslən azərbaycanlı, Güney Azərbaycanın Əbhər şəhərindən olan Kazım Sədiqi Tehranın cümə namazındakı çıxışında Azərbaycan əleyhinə qərəzli fikirlər irəli sürüb. Deyib ki, "əhalisinin 90 faizi şiə müsəlman olan bu ölkədə islama və insanlığa zidd addımlar atılır, cəmiyyətdə boğuq ab-hava yaradılır, dini azadlıqlar minimuma endirilir". Guya Azərbaycanda məscidlər dağıdılır, hicab tərəfdarları tutulur və hər hansı islami hərəkətə senzura qoyulur. Belə bir şəraitdə İsrail rəsmilərinin bu ölkəyə gəlib-getdiyi müşahidə olunur. İran mollasına görə, "ölkə əhalisinin yoxsulluqla əlbəyaxa olduğu" bir vaxtda milyonlarla avroluq brendlərin təbliği təəssüf doğurur. Sədiqi deyib ki, İran tərəfi Azərbaycan hökumətindən istəyir ki, bu qəbahətli əməlindən əl çəksin və 1 milyard müsəlmanın hissiyyatı ilə oynamasın: "Biz Azərbaycan hökumətindən istəyirik ki, öz müsəlman xalqının razılığını Amerika və İsrailin razılığına dəyişməsin. İnsanların fitrətinə qarşı süngü ilə mübarizə aparmaq olmaz. Türkiyənin və İran Azərbaycanının xalqları özlərinə məxsus qeyrətə malikdirlər və homoseksuallıq islam ehkamlarında pisləndiyinə görə buna dözə bilməzlər". İranın əslən Təbrizdən olan daha bir mollası da ölkəmiz əleyhinə dnaışıb. Hazırda Qum şəhərində yaşayan 83 yaşlı ayətullahı Cəfər Sübhani Azərbaycan Respublikasına qarşı bəyanat verib. İSNA-nın məlumatına görə, bəyanatda deyilir: "Məlumat almışıq ki, Azərbaycan Respublikası hökuməti "Avroviziya" mahnı müsabiqəsinə ev sahibidir. Bu müsabiqədə gey-parad da keçiriləcək". Daha sonra Azərbaycan rəsmilərini ittiham edən Cəfər Sübhani rəsmilərin "Qərbin ideoloji bataqlığına" düşdüyünü, islam mədəniyyətini məhv etmək istədiklərini iddia edib: "İslam və əxlaqi vəzifə tələb edir ki, müsəlmanlar istənilən konstruktiv və sağlam ictimaiyyətlərlə regionda belə utandırıcı ləkənin görünməsinə, ölkələrini bədnam etməsinə icazə verməsinlər". Maraqlıdır ki, İranın nüfuzlu müştəhidləri ola-ola Azərbaycan Respublikasına qarşı əsasən təbrizli, ərdəbilli, bir sözlə əslən Güney Azərbaycandan olan türk əsilli mollalar danışdırılır. Bunda əsas məqsəd bütövlükdə Güney Azərbaycanın, İranda yaşayan türklərin Azərbaycan Respublikasına qarşı olduğunu göstərməkdir. İran rejimi bir nüansı unudur ki, iki satqın mollanın mövqeyi hələ Güney Azərbaycan türklərinin mövqeyi demək deyil. Ümumiyyətlə İran rejiminə bağlı, Xamneyinin komandasına daxil olan hər hansı molla, din adamı Güney Azərbaycan xalqının mövqeyini ifaə edə bilməz. Güney Azərbaycanın satqın din adamları birmənalı şəkildə Güney Azərbaycan türklərinin əleyhinədirlər. Güney Azərbaycanda ana dili, milli haqqlar uğrunda hərəkat baş verəndə bu mollalar səslərini çıxarmadılar. 2006-cı ilin may hadisələri zamanı İran hakimiyyəti türklərin üzərinə motosikl sürəndə, azərbaycanlı fəalları türmələrə dolduranda, işgəncə edəndə bu dindarlar gizlənmişdi. Qəribədir ki, bu "islam təsssübkeşlərinin" səsi müsəlman Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana qarşı da çıxmayıb. İndi panfarsizimin əlində oyuncağa çevrilmiş Kazım Sədiqi "Azərbaycanda məscidlər dağıdılır" deyir. Bəs Azərbaycan məscidləri ermənilər tərəfindən tövləyə çevriləndə Kazım Sədiqi kimiləri harda idi? Göründüyü kimi satqın türk molalarının mövqeyi absurddur və həqiqəti ifadə etmir. Güney Azərbaycan türkləri mənfur molla rejimində yaşamaq istəmir və İrandan ayrılmağa meyllidir. İranda son illər keçirilən aksiyalar göstərdi ki, Güney Azərbaycan türkləri boğazdan yuxarı islam təəssübkeşlərinin ideologiyasını qəbul etmir, dünyəvi dövlətə, dünyəvi təhsilə meyllidir. Güney Azərbaycan türkləri İranı yox, Azərbaycanı öz vətənləri, öz dövlətləri hesab edir. Güney şəhərlərində keçiriən antiAzərbaycan aksiyalarına Güney Azərbaycan əhalisinin dəstək verməməsi də dediklərimizə sübutdur. Bu aksiyalara "güneyli" adı ilə "bəsicilər"i, "sepahçılar"ı gətirən molla rejimi xalq arasında hörmətinin nə qədər olduğunu bununla ölçə bilərlər.
Aslan