Beynəlxalq təşkilatdan Güney Azərbaycana qarşı təxribat
Hüseyn Türkelli GAMOH-u ittiham etdi!
23 Oktyabr 2012 14:25 Güney"Təəssüf ki, parçalanmalara məruz qalan GAMOH-un ciddi görəvləri həyata keçirə biləcək kadrları yoxdur"
Dövləti Olmayan Millətlər Təşkilatında (UNPO) təmsil olunan Güney Azərbaycan təxribatla üzləşib. Kanadada yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Türkellinin "OLAYLAR"a verdiyi məlumata görə, bu qurumda Qərbi Azərbaycan ərazisi Kürdüstan kimi təqdim edilib. Amma Güneyi qurumda təmsil edənlər hələ də buna reaksiya verməyiblər. Hüseyn Türkellinin sözlərinə görə, bir qrup güneyli UNPO-nun mərkəzi ofisinə müraciət edərək yanlışın aradan qaldırılmasını tələb edib: "Qərbi, Şərqi Azərbaycan, Zəncan, Həmədan, Qəzvin, Astara, Kərəc, Ərak tarixi Azərbaycan əraziləridi. Kürdlərin bu cür ağılsız iddiaları bölgədə münaqişələrin yaranmasına səbəb ola bilər. Bu vəziyyətdə Güneyi UNPO-da təmsil edənlər daha qətiyyətli olmalıdırlar. Güney Azərbaycan Advokasiya Mərkəzi UNPO-ya müraciət edərək bu ədalətsizliyi aradan qaldırmağı tələb edir. 40 min kvadrat kilometrlik ərazinin -Qərbi Azərbaycan əyalətinin Kürdüstan ərazisi kimi qələmə verilməsinə etiraz edirik". Hüseyn Türkelli hesab edir ki, Güney Azərbaycan türkləri buna etiraz etməlidirlər: "UNPO-da dövləti olmayan millət kimi kürdlər də iştirak edirlər. Onların bu iddiası böyüyə, təhlükəli tendensiya şəklini ala bilər. Xarici ölkələrdə fəalliyyət göstərən bütün Azərbaycan təşkilatları, Milli Hərəkata bağlı bütün şəxslər bu ədalətsizliyə etiraz etməlidir". Milli Hərəkat fəalı hesab edir ki, Güney Azərbaycanı UNPO-da təmsil edən GAMOH daha aktiv olmalıdır: " Haqlı olaraq bəzilərimiz hesab edir ki, UNPO-da Güney Azərbaycanı "təmsil" etdiyini iddia edənlər, ən adi tənqid qarşısında öz millətçi qardaşlarını gözümçıxdıya salanlar, kürdlərin qarşısında da eyni qətiyyətlə çıxış etməli və bu məsələ də gərəkli addımları atmalıdır. Doğrudur, bu Güney Azərbaycanın təmsilçiliyinə iddia edənlərin görəvidir. Amma həqiqət odur ki, bu kimi ciddi məsələni çözməyə bir təşkilatın nə gücü, nə bacarığı, nə siyasi iradəsi yetər. Təəssüf ki, parçalanmalara məruz qalan GAMOH-un bu kimi görəvləri həyata keçirə biləcək ciddi siyasi kadrları yoxdur artıq. Bir sözlə, millətimizin mənafeyini heç yerdə, o sıradan UNPO-da doğru-düzgün təmsil edən qüvvə yoxdur.
Amma bütün bunlar bizim öz içimizdə olan giley-güzarımızdır, tebii ki! İnanıram ki, milli mənafeyimiz təhlükəyə düşdüyündə biz bütün inciklikləri bir kənara qoymağı da bacarmalıyıq". Milli Hərəkat fəalı deyir ki, Azərbaycan torpaqlarının-Qərbi Azərbaycanın bütövlükdə "Kürdüstan" torpaqları kimi qələmə verilməsinə biganə yanaşmaq heç kimə başıucalığı gətirməyəcək: "İnanıram ki, məsələnin önəmini hamımız anlayırıq və bütün millət sevər bəylərimiz və xanımlarımız bu mövzuda gərəkən fəallığı göstərərək kürd terrorizmi mənsublarına yerlərini bir daha göstərəcəklər".
Elman