Kimsə Güneyə sinidə müstəqillik gətirməyəcək - SİYASİ ANALİZ
Qərb İranın parçalanmasını istəmir, istiqlalı millət özü qazanmalıdır
18 Sentyabr 2012 16:18 GüneyBu yaxınlarda ABŞ konqresmeni Dana Rohrabacheri Birləşmiş Ştatlar Konqresinə verdiyi qətnamə siyasi çevrələrdə müzakirə olunmaqdadır. Qətnamə "Azərbaycan və İran arasında bölünmüş Azərbaycan xalqının öz taleyini müəyyənləşdirmək və istərlərsə, suveren ölkə yaratmaq haqqı" ndan bəhs edir. Siyasi ekspertlər konqresmenin Güney Azərbaycan mövzusunu gündəliyə çıxarmasına sevincək reaksiya veriblər. Xüsusən konqresmenin "İran daxilində Şərqi Azərbaycan, Qərbi Azərbaycan vilayətləri var, bu onu göstərir ki, İran rejimi Azərbaycanın parçalanması fakltını qəbul edir" ifadəsi çöhrələrdə sevinc yaradıb.
Əlbəttə, Güney Azərbaycan mövzusu dünyanın idarə edən superdövlətin parlamentinə çıxırsa, bu, yaxşı haldır. 1828-ci ildə Rusiya və İran (Qacar dövləti) tərəfindən ikiyə bölünmüş Azərbaycan xalqının birləşmək istəyi təbiidir və birləşmə uğrunda iki əsrə yaxındır ki, mübarizə gedir. Ötən əsrin 90-cı illərindən Güneydə milli oyanış prosesi başlanıb və bu hərəkatın əsas məqsədlərindən biri də Güney Azərbaycan Milli Hərəkatının xaricdə tanınmasıdır. Milli Hərəkatın Mahmudəli Çöhrəqanlı, Hüseyn Türkelli, Elçin Hatəmi, Mahmud Bilgin, Ağrı Qaradağlı kimi tanınmış isimləri illərdir, buna çalışırlar və müəyyən nəticələr də əldə olunub. Milli Hərəkatın əsas təşkilatı GAMOH "Dövləti Olmayan Millətlər Cəmiyyət"ində (UNPO) Güney Azərbaycanı təmsil edir. Bir neçə il bundan öncə GAMOH lideri Mahmudəli Çöhrəqanlının Amerika siyasi elitası ilə sıx təmasları da vardı. Konqesmenin qətnamə layhisi ilk baxışdan Güney Azərbaycan probleminin beynəlxalq müstəviyə çıxması kimi görünə bilər. Amma gəlin görək, həmin ermənipərəst konqresmenin, onun təmsil etdiyi dövlətin marağında 200 ildir bölünmüş halda qalmış xalqın aqibəti varmı. Niyə bu məsələ indi gündəmə gəldi? Məgər dünyanı yönəldən, Liviyada hansı tayfanın hansı qəbiləyə nifrətini, yaxud rəğbətini belə bilən və siyasətini dəqiq hesablayan Ağ Evdə İranda "Şərqi, Qərbu Azərbaycan vilayətləri" olduğunu bilmirdiləmi? ABŞ konqresmeninin Güneyi tanıtması məsələsi gülüncdür. Amerika siyasətində Güney Azərbaycan məsələsi çoxdan var. Və dünyanı yönədən güclərin hansısa xalqın parçalanması umurunda belə deyil. Amerika Azərbaycanın nə zaman parçalandığını, nə zaman birləşməyə yaxın olduğunu gözəl bilir. 1945-ci ildə Azərbaycan xalqının əlinə tarixix ədalətsizliyi aradan qaldırıb birləşmək fürsəti düşmüşdü. Tarixi bilənlər bilir ki, bu prosesə SSRİ-nin güclənməsini istəməyən ABŞ mane oldu. ABŞ-ın təzyiqi ilə Sovet qoşunları Təbrizdən çıxarıldı, cənubda qurulmuş milli hökumət devrildi, şovinist şah iqtidarı azadlıq mücahidlərini qan gölündə boğdu. Yaxın Şərdə yerli hakimiyyətləri devirib, ölkələri yenidən yapılandıran ABŞ və digər Qərb supergücləri ölkələrin (o cümlədən İranın) parçalanmasını istəmirlər. Bunu qonşumuz, daxilində kürd problemi olan qardaş Türkiyə də istəmir. Qərbin siyasəti İraqda, Əfqanıstanda özünü göstərdi. ABŞ İranın parçalanmasından deyil, rejim dəyişikliyindən yanadır. O qədər də uzaq olmayan ötən əsrin 80-ci illərinə qədər İranda Amerikanpərəst şah hökuməti iqtidarda idi. ABŞ İranda oyuncaq bir iqtidar görmək istəyir. Güney Azərbaycan məsələsinin də konqresin gündəminə daşınması İran rejiminin zəiflədilməsi məqsədinə xidmət edir. ABŞ-da Güney Azərbaycan faktorunun iran üçün nə dmeək olduğunu yaxşı bilirlər. Bu ərəfədə Qərb güneyin hərəkətlənməsi üçün hər şeyi edəcək. Amma ABŞ-ın molla rejimi devriləndən sonrakı davranışlarını, Güneyə münqsibətini proqnozlaşdırmaq çətindir.
İran mühüm hadisələr ərəfəsindədir. İranda hakim etnos farslar və türklərdir. Kürdlər də aktivdir. Baş verəcək hadisələr zamanı kim irəli düşəcəksə, oda daha çox dividend götürəcək. İran elitasında təmsil olunan türklərin çoxu milli düşüncəyə malik deyil. Onlar vahid İran üçün çalışacaqlar. Amma ordudakı türk zabitlərə güvənmək olar. Onların da arxasında milli güc olmalıdır. Bu baxımdan sabahkı hadisələrər hazır olmaq üçün Milli Hərəkat güclü olmalıdır. Kimsə sinidə Güney Azərbaycana müstəqillik gətirməyəcək.
Elman Cəfərli