Yunus Oğuzun "Cığır"ı Qarabağnamələrin davamıdır- Ramiz Göyüş- ÖZƏL
17 Aprel 2024 09:49 Ədəbiyyat"44 günlük Vətən müharibəsindəki Zəfərimiz Azərbaycanın yaradıcı insanlarına yeni və bitib -tükənməyən bir mövzu vermiş, bu mövzu sənət adamlarında yeni bir coşqu, yeni bir ovqat yaratmışdır. Bu mənada Zəfərimiz haqqında yeni-yeni əsərlər yaranmaqdadır." Bu sözləri Olaylar.az-a yazıçı- publisist Ramiz Göyüş Yunus Oğuzun "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib: "Bu kontekstdə yazıçı-publisist, məşhur tarixi romanlar müəllifi Yunus Oğuzun tarixi romanı "Cığır"ı xüsusilə qeyd etmək istərdim. Doğrusu, Yunus Oğuzun belə bir tarixi mövzuya müraciət etməsi ədəbi ictimaiyyət tərəfindən o qədər də təəccüblə qarşılanmadı. Əksinə belə bir romanın ərsəyə gəlməsini bəlkə də gözləyirdilər. Romanı oxuduqca hiss edirsən ki, mövzunu müəllif illərlə içində gəzdirirmiş.
Sual oluna bilər. Niyə müəllif məhz bu mövzuya müraciət edib? Mənə elə gəlir ki, bu ilk növbədə onun vətənpərvərliyindən irəli gəlir. Lakin bu istək həm də onun güclü bədii, tarixi və siyasi təfəkküründən, böyük istedadından irəli gələ bilərdi. Tarix nəticə çıxarmaq, ondan ibrət götürmək, səhvləri bir daha təkrar etməmək üçün öyrənilir. Yunus Oğuz bu hikməti yaxşı bilir və ən çox indiki gənclərə və gələcək nəsillərə ünvanlanmış, tarixi romanlarını həm də ibrət götürmək üçün yazır.
Əsər son dərəcə canlı alınıb. Müəllif cəbhə bölgəsində, səngərlərdə döyüş səhnələrini o qədər canlı, parlaq boyalarla və bütün qabarıqlığı ilə təqdim edir ki, sanki onun özü o döyüşlərdə iştirakçıdır və birbaşa səngərdən reportaj verir, əsgərlərimizlə döyüşür, onlarla yaralanır və onlarla şəhid olur. Bu səhnələri həyacansız oxumaq mümkün deyil.
Mənim qənaətimcə Yunus Oğuzun "Cığır"ı həmin Qarabağnamələrin davamı-növbəti bir Qarabağnamə olmaqla Qarabağ tarixinə və tarixşünaslıq elminə verilmiş samballı bir töhvə olmaqla, təkcə 44 günlük Vətən müharibəsinin, Şuşa Zəfərinin deyil, bütövlükdə 270 illik Qarabağ tarixinin səlnaməsidir.