MAĞARA - RKAİL ZƏYDULLA
23 May 2023 12:04 ƏdəbiyyatRKAİL ZƏYDULLA
1962-ci il yanvarın 23-də Çuvaşıstanın Komsomolsk rayonunun Çiçkan kəndində doğulub. 1984-cü ildə Kazan Dövlət Universitetinin Tatar filologiyası bölməsini bitirib. Şair və yazıçı-dramaturqdur.
Tatarıstan Respublikasının Abdulla Tukay adına Dövlət Mükafatının laureatı, Tatarıstanın Xalq şairidir. R.Zəydulla hazırda Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanıdır.
MAĞARA
Gün axşama doğru əyilirdi. Havanın hərarəti azalır, təmiz meh əsirdi. Atam nəfəsini dərmək üçün çay fincanından aralandı. Otlardan dəmlənmiş ətirli çayda onun faydalı bildiyi çox şey vardı.
Atam dəryazı əlinə aldı, yellədi, sahmanladı, qollarını sərt bir hərəkətlə geniş açaraq biçməyə başladı. Şən nidası yaxınlıqdakı təpələrdən yuvarlanaraq düzənlik boyunca əks-səda verdi - "Oo-h!" Susmaq bilməyən çəyirtkələr səhər şehinin damcıları kimi hər tərəfə səpələnirdi. Atam qollarını geniş açaraq biçirdi, yumru əzələləri qaralmış dərisinin altında sanki qorxmuş kiçik porsuqlar kimi ora-bura qaçırdı.
Mən atamın arxasınca gedirdim, amma ondan fərqli olaraq, başqa cür "biçirdim", yerə düşmüş çubuqlar arasından yetişmiş çiyələkləri ovuclarıma yığırdım. Tezliklə əllərim qıpqırmızı və yapışqanlı oldu.
Beləcə gedirdik. Dəryaz fit çalır, biçilmiş otlar xışıldayırdı. Günəş qürub edirdi. Daxmanın arxasında dayanan at tənbəlliklə quyruğunu yelləyir, zəhlətökən həşəratları qovur, bəzən sakitcə, hətta astadan fınxırır, sanki hədsiz aludə olmayaq deyə bizi xəbərdar edirdi. Nəhəng tarla üfüqə doğru uzanırdı.
Qaş qaralmağa başlayanda atam ocaq qaladı, mənsə su dalınca çaya qaçdım. Qaragilə və qarağat kollarının arasından sıldırımlı sahilə çıxdım. Aşağıda əbədi sirri ilə özünə cəlb edən tünd-qırmızı su sürətlə axırdı. Soyunmadan birbaşa hündür sahildən suya baş vurdum və Arqamaq çayının tünd suları bədənimi ağuşuna aldı, gündəlik fikirləri kosmik efemerliyə sıxışdıran sualtı bulaqlar nəfəsimi kəsdi.
Çevrilərək səmaya boylandım. Ulduzlar hələ görünmürdü, təkcə ayparanın parıltısı körpə beşiyi kimi dalğaların üstündə yüngülcə yellənirdi. Külək gücləndi, elastik dalğalar məni sahildən uzaqlaşdırır, sirli çayın sonsuzluğuna doğru aparırdı. Uşaq qollarımla avar kimi işləsəm də, dalğalar məndən daha güclü idi.
Atamın məni gözlədiyi sahilə üzə bilməyəcəyimi dərk etdikdə üşüdüm, ruhum dabanımadək çökdü, əllərim uyuşdu, bədənim qıc olmağa başladı.
Bu zaman sahildəki su bitkiləri arasından çalsaqqal bir qoca serpantin vasitəsilə mənə yaxınlaşdı. O, elə bil suyun üzərində gəzir, bir-birinə dolaşmış otları əsası ilə ayırırdı. Aman Allah, bu, həqiqətənmi nənəmin dediyi sərgərdan Xızır İlyasdır? Budur, o, nurani qırışları ilə qarşımda dayanıb gülümsədi və yumşaq ovcunu alnıma qoydu.
- Yolun uzun olacaq, oğlum, - dedi. - Bu yolun tozunu hələ çox udmalı, yaşıl otlar üzərində uzanaraq güc toplamalı olacaqsan. Get, qərbə tərəf get. Yolun sonunda bir mağaraya rast gələcəksən. İçəridə, demək olar ki, onun düz mərkəzində bir dərmanın sirri yazılıb, onun köməyi ilə insan əbədi gəncliyə qayıdır. Bu dərmanı hazırlayıb atana ver...
Mən sıldırım sahildə ayıldım. Təbiətin şüaları ilə yuyunan, başı üstə quşlar oxuyan, çəyirtkələr cingildəyən çayın arxasında yavaş-yavaş qırmızı günəş doğurdu.
Cibimdən bir tikə çörək çıxarıb dişlək aldım, çeynəyə-çeynəyə qərbə tərəf addımladım. Meşələr, palıd ağacları, dəmiryolları, tozlu, səs-küylü şəhərlər geridə qalırdı. Nəhayət, irəlidə bir təpə göründü, onun ətəyində at sürüsü otlayırdı. Dağın başında bulaq vardı, bulaq başında cigit-çoban kuray çalırdı.
- Salam, çoban! - Onu salamladım.
Çoban cavab vermədən kuray çalmağa davam etdi. Ruhumu oxşayan uzun melodiya məni tutmuşdu. Yorğun ayaqlarımı uzadıb çobanın yanında oturdum. Kuray harasa çağırış edir, nəyisə xatırladaraq, ürəyini ağrılı qüssəylə doldururdu. Nəhayət, cigit danışdı:
- Batır Yapança bu kurqanda dəfn olunub. Bu onun atıdır. - Sürüdən bir az aralıda otlayan göy-qara ayğırı göstərdi. - Heç kimi yaxın buraxmır, sahibini gözləyir...
Qara ayğır onun sözlərini eşidirmiş kimi ağzını yuxarı qaldırıb az qala üfüqlərədək çatan səsilə ucadan kişnədi.
- Uzaqdan gəlirsən, yolçu?
- Uzaqdan, Böyük çayın vadisindən.
- Hara gedirsən?
- Günəşin batdığı yerə... Qərbə...
Mağara barədə bir söz demədim.
- Sən ora həmişə çata bilərsən! - Cigit güldü. - Heç olmasa, yayı burada qal. Sürü böyükdür, mənə kömək edərsən.
Cavabımı gözləmədən ocağa çırpı atdı və hislənmiş qazanı asdı. Tezliklə qazanda qoyun əti ləzzətlə pörtləməyə, çaydanda isə çəmən otlarından ətirli çay qaynamağa başladı...
Səhər yuxudan oyananda çobanı tapmadım. Atlar təpənin ətəyinə dağılmışdılar. Qamçı ilə silahlanıb heyvanları sürüyə qatmaq üçün ora qaçdım. Günorta idi. Bulaq başına çıxıb ocaq yandırdım. Nədənsə kədərləndim. Çobanın kurayını əlimə alıb çalmağa başladım. Musiqi axırdı - bu, sanki musiqi deyil, vəhy idi. Atlar otlamağı saxlayıb, sanki diqqətlərini cəmləyrək üzlərini mənə tərəf çevirmişdilər. Elə bu zaman bir qızın təpəyə tərəf qalxdığını gördüm. O, yanımda dayanıb musiqiyə qulaq asmağa başladı.
Qızın mavi gözləri, məftunedici baxışları altında özümü narahat hiss etdim və kurayı bir kənara qoydum. Qız çiynimə toxundu.
- Yaxşı çalırsan, cigid.
Əslində, ilk dəfə idi ki, kurayı əlimə götürürdüm, bir az utandım, bu musiqi istedadının haradan gəldiyini anlamayıb heyrətləndim.
- Sənə yemək gətirmişəm, - səbətdən dulavratotu yarpağına bükülmüş çörək və əti çıxararaq sakitcə dedi.
Qazanı və çaydanı ocaqdan asdıq. Ət qaynadı, ətirli bitki çayı dəmləndi.
- Getmə, - deyib yalvardım. - Burada tənhalıqdan darıxıram.
- Mənim adım Tansıludur - deyə cavab verdi.
- Getmə, Tansılu...
O gülümsədi:
- Tənhalıq hər yerdə yaxşıdır.
Aşağıda, dırnaqları üstə qalxan Yapançı kişnəyib yalını göydə yellətdi.
Qızın dodaqlarında təzəcə dişlənmiş çiyələk dadı vardı.
- Biz heç vaxt ayrılmayacağıq!
Onun gülüşü gümüşə bənzəyirdi.
Ulduzlar göydə rəqs etdi, sonra səma yumşaq yorğan kimi üstümüzü örtdü, sanki başqa yolu qalmamışdı.
Xızır İlyas yenə yuxuma gəldi. O, artıq heç yerə çağırmır, eləcə əsasını yerə çırpırdı.
Səhər oyandım. Tansılunun saçlarını sığalladım, əlimi solğun çəhrayı yanaqlarında gəzdirdim. Qız oyanmadı. Günəş çıxanda artıq oradan - Kurqan Yapançıdan uzaqlaşmışdım. Hardasa arxadan atların ayaq səsləri, çoban qamçısının şaqqıltısı eşidilirdi.
Gülümsədim. Əsrarəngiz mağara hələ çox uzaqda idi. Axşama doğru fırtına qopdu, şimşək çaxdı, ildırım gurladı. Yağan leysan sanki uzun qamçı ilə yeri çırpırdı. Ətrafda sığınacaq yox idi və mən iblisanə şimşəklərin dəhlizi ilə səyahətimə davam etmək qərarına gəldim... Kim olduğumu, hara, niyə getdiyimi başa düşə bilmirdim. Yorğunluqdan az qala yıxılmağa hazırlaşarkən qəflətən divarla qarşılaşdım. Qanlı əllərimlə daşları döyə-döyə qapı, ya darvaza axtarmağa başladım. Nəhayət, o, əjdahaya oxşayan qapının döyüldüyünü duydu. Dəmir zərbələrin və iti addımların səsi eşidildi...
Yıxılaraq inildədim:
- Mərhəmətli insanlar, yoxsul yolçunu qəbul edin...
Dəmir zireh geymiş adamlar məni tutub tikilinin içərisinə sürüklədilər.
İsti otaqda şüurum özümə qayıtdı. Kiminsə qalın, kobud səsi eşidildi:
- Ona bal və isti süd verin içsin.
- Oldu, Mirzə, - kimsə ona cavab verdi.
Bir həftə sonra ayağa qalxdım. Qəribə, kobud adamlar qalanın divarlarını möhkəmləndirirdilər. Mənə daşları daşımaq tapşırıldı.
Biz bütün günü divarları ucaltdıq, yorulmadan daş döşədik, amma səhərə qədər divarlar eyni hündürlükdə qaldı... Amma yenə də buranı çox bəyəndim. Hörgüçülər az danışırdılar, heç kim məni suallarla narahat etmirdi. Hərə çiyninə bir daş qoyub sakitcə çıxıb gedirdi. Hamı işi ilə məşğul olur, öz içinə qapanırdı... Düzünü desəm, mən artıq hansısa mifik mağaranı axtarmaqdan yorulmuşdum, hətta onu unutmuşdum belə... Günlərin bir-birini əvəzləməsi hiss olunmurdu. Zaman sanki bu şəhərdən yan keçirdi.
Bir dəfə nəyəsə ilişdim və daş çiyinimdən düşdü. Görünür, həmin gün yorğunluğa heç dözə bilməmişdim, yıxıldım və daş döşənmiş küçədə uzun müddət yatdım. Özümə gələndən sonra başımı qaldırdım və ilk gördüyüm şey səkidəki gölməçədə öz əksim oldu. Daha doğrusu, bu, mən deyildim. Həmin qəribə qəsrdə bircə güzgü də yox idi və mən gölməçədə özümə baxanda... çal saqqallı, ağ saçlı bir qoca gördüm. Yəni bu məndim?
Beləliklə, taleyimin daşı küçənin ortasındaca atılıb qalmışdı. Səndələyərək darvazaya tərəf getdim. Qəribədir ki, heç kim mənə mane olmadı. Heç kim mənimlə maraqlanmırdı. Hamı daş daşıyır, divarları ucaldır, möhkəmləndirirdi... Gözlərimi açdığım zaman gördüm ki... Axı bu şəhəri artıq çoxdan düşmənlər zəbt etmişdi - onların bayrağı Böyük Minarədə dalğalanırdı! Düşmən bayrağı hündür, çox hündür idi və Sizif divarlarının hörülməsinə başı qarışan yerli sakinlər ayağa qalxıb yuxarı baxmağa vaxt tapmırdılar...
Mağaranın ağzı uzaqdan görünürdü. O, iki dağ arasında yerləşirdi. İçəridə uzun müddət baxımsız qalan xəstənin qoxusuna bənzər boğucu hava vardı. Otağın genişlənən hissəsinə, havanın nisbətən təmiz olduğu yerə tələsdim. Mağaranın nəm divarına bəzi yazılar həkk olunmuşdu. Nə qədər çalışsam da, onları oxuya bilmədim. Biliyim çatmırdı, ya da bu mixi yazılar üzərində çalışmağa dəyməzdi. Axı bu, gəncliyə qayıtmaq üçün resept idi! Bunu necə hazırlamaq olar? Necə? Bu dərmana çox ehtiyacım vardı... Quru əllərimi daş yazılara sürtdüm, ümidimi itirdim və nəhayət, dözə bilməyib səssizcə ağladım.
Səhər qızdırma içindəydim. Üşüyürdüm, dişim dişimə dəyirdi. Mağaranın divarları gah aralanır, gah da məni əzməklə hədələyirdi. Belə ümidsiz, kövrək vəziyyətdə birdən-birə daş yazıların mənası görünməyə başladı... Mağaranın küncündə üçayaqlı kiçik qazan gördüm - bu, iltəbarların özlərinin rütubəti hopmuş daş kitabələrdə bəhs edilən qədim Hun şahlarının qazanı idi! Qazandakı gümüşü mayenin içinə bizim palıd ağacından bir ovuc palıd qabığı atdım. Doğma yollardan yığılmış tozu torbadan qazana tökdüm. Odun istisindən, ya həyəcandan tərlədim, elə tərlədim ki, alnımdan süzülən damcılar birbaşa qazana düşməyə başladı. Mağaranın ortasında qəfil sarı çiçəklər bitdi. Onları da yığıb qazana atdım. Amma bu hələ dərman deyildi. Daha nə edim? Yorğun halda diz çöküb ağladım. Göz yaşlarım artıq qaynayan qazana düşüb, möcüzəvi maye ilə qarışdı. Onun içində bir şey parıldadı, yaşılımtıl tüstü yuxarıya doğru uzandı.
Qazanı sinəmə sıxaraq mağaradan çıxdım və var gücümlə evə tərəf qaçdım.
...Gün axşama yaxınlaşırdı. İstilik azalmışdı, təmiz meh əsirdi.
O biri sahildə kişi dəryazı əlinə aldı, yellədi, sahmanladı, qollarını sərt bir hərəkətlə geniş açaraq biçməyə başladı. Şən nidası yaxınlıqdakı təpələrdən yuvarlanaraq düzənlik boyunca əks-səda verdi - "Oo-h!" Susmaq bilməyən çəyirtkələr səhər şehinin damcıları kimi hər tərəfə səpələnirdi. Kişi qollarını geniş açaraq biçirdi, yumru əzələləri qaralmış dərisinin altında sanki qorxmuş kiçik porsuqlar kimi ora-bura qaçırdı.
Bir oğlan uşağı kişinin ardınca gedirdi, çubuqlar arasından yetişmiş yabanı çiyələk dəstələri ona tərəf əyilmişdi, oğlanın üzü və əlləri qıqırmızı, şirəli və yapışqanlı idi...
- E-hey!.. e-hey-hey!.. - çağırdım, amma səsim unudulmaz çayın bulanıq sularında boğuldu, kişi və oğlan biçənək boyunca bir-birinin ardınca getdilər, tədricən üfüqdə itdilər. Hər halda, onları tanıdım. Ot biçən - atam, "çiyələk" oğlan isə, əlbəttə, mən özüm idim...
2000 ci il
Azərbaycan dilinə çevirən: İlqar Türkoğlu