ƏDƏBİYYATIMIZIN HAQVERDİYEVİ
2 İyun 2023 10:22 ƏdəbiyyatGörkəmli ustad sənətkar Cəlil Məmmədquluzadə ilə başlayan Azərbaycan milli tənqidi realizmi Mirzə Ələkbər Sabir, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Məmməd Səid Ordubadi və başqalaraı tərəfindən uğurla davam etdirilərək zənginləşir və böyük inkişaf yolu keçir. Mübahisəsiz demək olar ki, Azərbaycan milli tənqidi realizminin bütün səciyyəvi ideya-estetik məsələlərinə böyük ideoloq Cəlil Məmmədquuzadənin yaradıcılığında rast gəlmək mümkünüdür. Lakin digər sənətkarlar da öz yaradıcılıqları ilə bu yaradıcılıq metodu və ədəbi cərəyanın zənginləşməsinə az və ya çox dərəcədə xidmət göstəriblər. Bu sırada Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) istisnasız yeri var.
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının zənginləşməsində görkəmli dramaturq, yazıçı Əbdürrəhimbəy Haqverdiyevin müstəsna xidmətləri olub. Haverdiyevin özünün də xatirlərindən məlum olduğu kimi Azərbaycan tənqidi realizmini təmsil edən "Molla Nərəddin" jurnalına böyük ədibin gəlişi 1907-ci ildən olmuşdu. Əvvəla, qocaman ədib xatirəsində "Molla Nəsrəddin" jurnalının dərc olunduğu illəri başqa müəlliflər kimi "Molla Nəsrəddin" jurnalının adı ilə bir mərhələ, dövr, epoxa kimi dəyərləndirmişdir: ""Molla Nəsrəddin" jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirə yazmaq demək, 27 sənə bundan işə düşmüş və 25 sənə dolanmaqda davam etmiş bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin məhvəri Mirzə Cəlil və onun jurnalı idi". Müəllif özü də yazdığı kimi, "Molla Nəsrəddin" jurnalı çıxmağa başlayanda mən Şuşada idim". Cəlil Məmmədquluzadə və onun silahdaşları ilə yaxından tanış olan, həmkarları ilə söhbətləşən, jurnalı dərindən müşahidə edən Haqverdiyev 1907-ci ildən axıra qədər jurnalın mühərriri kimi fəaliyyətdə olmuşdur. Böyük ədib bu münasibətlə: "Bu söhbətin nəticəsində mən öz bacardığım köməyi vəd edib 1907-ci ildən başlayaraq axır günlərədək Mirzə Cəlil ilə bərabər "Molla Nəsrəddin"də işlədim", - deyə yazırdı. Həmçinin ədibin "Sabiri Sabir edən "Molla Nəsrəddin" oldu. Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin idi, istedadi-şeriyyə Sabirin idi, fəqət mövzu verən "Molla Nəsrəddin" və Mirzə Cəlil idi" fikirlərini həm özünə, həm də digər tənqidi realist və mollanəsrəddinçi ədiblərə şamil etmək olar.
Böyük ədib Ə.Haqverdiyev müxtəlif illərdə və müxtəlif cərəyanlarda yazdığı "Dağılan tifaq", "Ağa Məhəmməd Şah Qacar", "Xortdanın cəhənnəm məktubları", "Marallarım", "Ac həriflər", "Köhnə dudman", "Ayın şahidliyi", "Ağac kölgəsində" və başqa əsərləri ilə ədəbi düşüncəni zənginləşdirmişdir. Ümumiyyətlə, müxtəlif ədəbi cərəyanlarda yazmaq taleyi XX əsrin əvvəllərində yaşayıb-yaratmış bir çox sənətkarların taleyinə çevrilmişdir. Əbdürrəhim bəy Haqverdiyevi də birmənalı olaraq tənqidi realist sənətkar adlandırmaq doğru deyil. Ustad sənətkarın yaradıcılığını təhlil zamanı aydın müşahidə olunur ki, yaradıcılığının ilkin dövrlərindəki realizm öz səciyyəsi ilə sonrakı dövrün yaradıcılıq nümunələrindən fərqli təsir bağışlayır və ömrünün sonlarına doğru bir az da dəyişərək yeni səciyyə kəsb edir. Əlbəttə, doğru müşahidə edilib və qənaətə gəlinib ki, Əbdürrəhimbəy Haverdiyev öz yaradıcılığında maarifçi realizm, tənqidi realizm və sosialist realizmi cərəyanlarını birləşdirən, simvolizmi, primitimvizmi, sentimentalizmi qovuşduran məharətli və görkəmli bir sənətkardır.
Azərbaycan tənqidi realizminin banisi Cəlil Məmmədquluzadə özü yaradıcılığında metodoloji təkmilləşmə keçdiyi kimi, Əbdürrəhimbəy Haqverdiyev və başqa tənqidi realistlər də bu yolda müəyyən inkişaf və təkmilləşmə dönəmi keçiblər. Bu cəhətdən Haqverdiyevin yaradıcılığının ilk illərində qələmə aldığı "Yeyərsən qaz ətini, görərsən ləzzətini", "Bəxtsiz cavan" və b. kimi əsərləri ilə yaradıcılığının orta dövrünə aid edə biləcəyimiz "Mozalanbəyin səyahətnaməsi", "Marallarım", "Xortdanın cəhənnəm məktubları" və başqa əsərlərindəki bədii inikas, forma və məzmun keyfiyyətləri baxımından əsaslı fərq vardır: birinci qrup əsərlər maarifçi realist əsərlərdirsə, ikinci qrup əsərləri bilavasitə tənqidi realist əsərələrə şamil etmək lazımdır. Belə ki, ədib birinci qrup yazılarında hadisə və idealları konkret ictimai münasibətlərin nəticəsi olaraq deyil, yazıçı məntiqi və ideyasının nəticəsi olaraq müəyyənləşir, cəimiyyətin xilasını ictiami maariflənmədə, elm və təhsildə görür. Lakin ikinci qrup əsərlərində yazıçı həyat həqiqətlərinə sədaqət göstərməklə bərabər ictimai münasibətlərin ehtivası olan və tipiklik kəsb edən obrazlar və qəhrəmanlar, hadisə və əhvalatlar əks etdirir. Yazıçı bu tip əsərlərində məhz ictimai nöqsan və çatışmazlıqlara diqqəti cəlb etməklə ictimai geriliyin səbəblərini əsərin bilavasitə daxili məntiqi və mühakiməsi ilə ortaya çıxarır, oxucunu mühakimə vasitəsilə oyanışa cəlb edib, maarfiləndirir. Yazıçı ustadı və cərəyanın ədəbi başçısı C.Məmmədquluzladə kimi sadə, "kiçik" adamlarla bərabər, müxtəlif təbəqə və peşə adamlarını da əsərlərinə qəhrəman olraq gətirir, onların daxili aləmi və zahiri quruluşunu, xarakteri, vərdişləri, mənəvi dünyası və psixologiyasını, bütövlükdə onun görüşləri və insan olaraq onu fəaliyyətə gətirən stereotiplərini bütün gerçəkliyi ilə təqdim edir. O da əsərlərində varlığa təkcə olduğu kimi deyil, ictimi qavrayışla real keyfiyyətləri arasındakı fərqliliyi və fərdiliyi ilə təsvir və təqdim edir, həyata həm də göründüyünün başqa tərəfindən yanaşma ehtiyacını ortaya qoyur.
Yazıçı "Mozalanbəyin səyahətnaməsi", "Marallarım", "Xortdanın cəhənnəm məktubları" və başqa bu kimi əsərlərində ümumi ictimai həyatı və düşüncəni təqdim etməklə bərabər mühitin tipik qəhrəman və obrazlarını da bütün xarakteristikası və tipikliyi ilə əks etdirir, onların həm mənəvi-daxili, həm də xarici görünüşünü bütün mükəmmlliyi ilə - bədii portret olaraq cızır. Bu mənada bu əsərlərdə tənqidi realizmin səciyyəsinə uyğun olaraq ictimai varlıq və ya hadisə qavrayış realığı ilə birlikdə ehtiva və bədii inikas olunaraq tənqidi dərk müstəvisinə çıxarılır. Bu əsərlərdə cəhalət, mövhumat və xurafat dünyası özünün tipik nümayəndə və hadisələri ilə birlikdə əks edilmişdir. Ədib öz realizmində satira və yumora sədaqət göstərdiyi kimi, məslək-məfkurə, habelə yaradıcılıq yoldaşlaından fərqli olaraq dramatizmə də getmiş, lirizmin imkanlarından bəhrələnməklə əsərlərinin bədii təsir gücünü artırmağa müvəffəq olmuşdur. Gerçək həyat eybəcərliklərinə gülüş və yumor vasitəsilə eyham vuran ədib bu metoda uyğun olan cümlə sintaksisindən də məharətlə faydalanmış, sadə, anlaşılan bir dildə yazıb-yaratmışdır.
Böyük ədib Ə.Haqverdiyevin yaradıclığında da tənqidi realizmin ədəbi-estetik səciyyəsinə uyğun olaraq çalxalanan, ictimai-siyasi cəhətdən inqilabi bir mühitin özünəməxsusluqları, xüsusilə inqilabi hadisələr əhatəsində sakit, dünyadan bixəbər kimi yaşayan, ibadət bəhanəsilə dünya işlərindən uzaq düşən, məzlum həyat tərzi yaşayan avam, sadə adamlarla bərabər xalqı yalançı mozələri və "qayırma hədisləri" ilə tovlayıb inkişafdan, elmdən və haqq-hüquqdan məhrum edən din xadimləri, yalançı ziyalılar və əzazil məmurlar bədii əksini tapmışdır. Müxtəlif ədəbi cərəyanlarda yazan böyük ədibin simvolizm örnəyi hesab edilən "Ayın şahidliyi" əsərində də məhz bu ictimai mühit və onun problemləri rəmzləşdirilmişdir ki, ədib dərin bir kədər və həssaslıqla Səadət və Xoşbəxtliyin simvolu olan, "islamın tərəqqi və tənəzzülünün şahidi olan" Ayın dilindən deyirdi: ""Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o qara ləkə deyil, bəlkə mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətlərdən geri qalmağını görüb ciyərimdən çıxardıram!...". Tənqidi realizmin ən yaxşı bədii örnəklərindən olan "Xortdanın cəhənnəm məktubları" əsərində reallıqla irreallıq arasındakı bütün pərdələr aradan qaldırılır, insanı şərə dəvət edən, yoldan çıxaran bir obrazın - xortdanın dilindən insanların əsl simasını, iç üzünü açıb ortaya qoymaqla insanları oyanışa dəvət edir. Böyük ədib insanları yalançı hökmlərdən, mozilərdən, dünya ikənar salan əməllərdən, onları mənən və əqlən ətalətdə və əsarətdə saxlayan düşüncə tərzindən, stereotiplərdən qurtulmağa səsləyir. Bu üzdən öz dövrünün adamlarının qəlbində və qeynində ən çox qorxulan yer olan Cəhənnəm aləminin bədii obrazını yaratmaqla bu sehirli məkanda yanıb-qovrulan əsl dünyanın "cənnətməkan adamlarını" əks etdriməklə əsrinin adamlarını oyandırmaq istəmişdir. "Bir para mənfi tiplərdən və mövhumatdan bəhs edən... bu əsəri yazmaqdan məqsəd mövhumatın avam türk xalqının başında nə dərəcədə möhkəm bir mövqe tutmasını göstərmək idi. ...bu əsərdə "cəhənnəm" sözünü "mənfi tiplər" cəmiyyəti mənasında düşünməlidir". Ədib bir tərəfdən cəhənnəm adlandırılan, dövrünün sadə adamlarının ən çox qorxu yeri olan və bu üzdən yalançı din xadimlərinin tələsinə düşüb əqlən köləyə çevrildiyi xəyali bir məkanın timsalında yalançıların iç üzünü və əməllərini açmaqla bərabər həm də geriyə, cəhənnəm əhlinin min bir əməldən çıxdığı və günah qazabdıqları gerçək dünyaya xəyalən getməyə imkan yaratmaqla qaynayıb-qarışan bir ictimai mühit yaratmağa müvəffəq olmuşdur. Ədib "Mozalanbəyin səyahətnaməsi" adlı əsərində sanki "Xortdanın cəhənnəm məktubları" əsərindəki cəhənnəm əhlinin günah qazandıqları həmin gerçək dünyanı - ictimai mühiti yaratmağa nail olmuşdur. Mozalanbəyin səyahəti timsalında bu dünyada baş verən xeyir və şər tipli bütün işlər bu əsərdə ümumiləşdirilərək təqdim edilmiş, gerçək həyatın ifşa olunan üzü əks etdirilmişdir. Maraqlıdır ki, "Marallarım" əsərində də daha çox ictimai tiplər özünə yer almış, tipik hadisələr və tipik obrazlar əks etdirilmişdir. Bu mənada, bu üç əsəri biri birinin məntiqi davamı, bir trilogiyanın hissələri kimi qəbul etmək olar. Bu üç əsər Azərbaycan tənqidi realizminin ən sanballı əsərlərindəndirlər. Ədibin digər əsərlərində təsvir etdiyi və ictimai əhvalını yazdığı mühitlər də elə bu üş əsərdə obrazlaşan, ümumiləşən yerlərin davamıdır. Ədibin sənətkarlıq məharəti ilə canlı, real təsvirlər burada baş verən hadisələrə və insanlara inam yaradır, buradakı bədii məntiqin hökmü və nəticələrinə uyğun həyati dərk - oyanış əldə etməyə imkanlar açır.
Ə.Haqverdiyev həm də böyük sənətkarlıq məharətilə canlı xarakterlər yaradan ədiblərdəndən biridir. Ümumiyyətlə, onun bədii nəsri Azərbaycan tənqidi realist nəsrinin ən yaxşı örnəkləri sırasındadır. Ədib "lənət və tənqidə məruz qalan bir ictimai mühitin" həm də ifşa obyektinə çevrilən tiplərini və tipik əməllərini də təsvir etmişdir. Qasım əmi ("Mütrüb dəfrtəri"), Məşədi Qulam ("Qiraət"), Ağayi Füzulüzzakir ("Şəbih"), Mirzə Cavad və Əhməd ("Pir"), Mirzə Mahmud ("Tənqid"), Kərbəlayi Məhəmməd ("Acından təbib"), Şeyx Şəban ("Şeyx Şəban"), Seyid Əhməd ("Seyidlər ocağı"), Hacı Rüstəm ("Diş ağrısı") və başqa obrazları öz dövrünün vacib və əlamətdar xüsusiyyətlərini əks etdirən tipləri kimi diqqəti cəlb edirlər. Tənqidi realizmin fərqli və özünəməxsus estetik səciyyəsi kimi Ə.Haqverdiyev də bu ədəbi cərəyanı yaratdığı maraqlı xarakter və portretlərlə zənginləşdirmişdir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
