BÖYÜK XİLASKARIN ƏZƏMƏTLİ OBRAZI

Azərbaycan xalqının böyük xilaskarı, milli qurtuluşunun banisi, böyük inkişaf və milli varoluşunun səbəbkarı olan ümummilli lider Heydər Əliyevin bədii ədəbiyyatımızda əzəmətli, möhtəşəm obrazı yaradılmışdır. Xalqımızın yazıçı və şairləri ümumxalq məhəbbətinin bütün gücü ilə sevildiyi bu böyük şəxsiyyətə yüzlərlə əsər həsr etmiş, onun bütün nəsillərə örnək olan həyatı, mübarizəsi və şəxsiyyəti haqqında qiymətli əsərlər yazmışlar. Naxçıvan ədəbi mühitinin yaradıcı simaları da böyük xilaskar Heydər Əliyevə minnətdarlıq nümunəsi olaraq çoxsaylı bədii örnəklər ərsəyə gətirmişlər.

Hər üç ədəbi növdə - poeziya, nəsr və dramaturgiya sahəsində ulu öndər Heydər Əliyevin obrazı yaradılmışdır. Əlbəttə, özünün ədəbi çevikliyi ilə digər ədəbi növlərdən önə keçən poeziyada xalqın müdrik övladı Heydər Əliyevin möhtəşəm obrazı daha çox, daha əzəmətli yaradılmışdır. Ədiblər ya ayrıca, portret və ya tərənnüm, təsvir obyekti olaraq, yaxud da dolayısı, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi və möhkəmləndirməsi fonunda bu görkəmli şəxsiyyətin qüdrəti və xilaskarlığından poetik vüsətlə bəhs etmişlər. Xüsusilə qeyd etməliyik ki, Azərbaycanın dövlət müstəqilliyi qazanmasında, milli müstəqillik hərəkatının uğurla tamamlanmasında, Naxçıvanın ən çətin ictimai, iqtisadi və hərbi sınaqlardan çıxmasında, dövlətin möhkəmləndirilməsi, yeni uğurlu quruculuq işlərinin uğurla həyata keçirlməsində aparıcı şəxsiyyət olan Heydər Əliyevə ümumxalq məhəbbəti və onun xilaskar obrazının yaradılması bədii ədəbiyyatın nüvəsini təşkil etmişdir. Bu mövzuda Naxçıvan ədəbi mühiti daha fərqli, əlamətdar və özünəməxsusdur. Xüsusilə, dahi lider olan Heydər Əliyevə Naxçıvan ədəbi mühitində çoxsaylı kiçik lirik  şeirlərlə bərabər onlarla irihəcmli poemalar həsr edilmişdir.  Bədii ədəbiyyatda şəxsiyyətin möhtəşəm obrazı məsələsi ilə bağlı görkəmli elm xadimi, akademik İsa Həbibbəyli yazmışdır: "Azərbaycan ədəbiyyatında şəxsiyyət problemi həmişə aktual olmuşdur. Ədəbiyyat və şəxsiyyət məsələsi  bütün hallarda böyük ədəbiyyatın taleyi ilə bağlı məsələlərin həllində mühüm amillərdən biri kimi çıxış etmişdir. İlk növbədə ədəbiyyat konkret dövr üçün və ya ümumiyyətlə, ictimai-estetik ideal baxımından xüsusilə fərqlənən, epoxa, məktəb yaratmış görkəmli siyasi və ədəbi şəxsiyyətləri vəsf və ya təqdim edərək əbədiləşdirmişdir. Böyük ümummilli ideallar şəxsiyyətlərin fonunda, ədəbiyyatın rübabında ilhamla səsləndirilmişdir".

Ümumiyyətlə, qeyd edilən bu mövzu müstəqillik dövrü Naxçıvan ədəbi mühitində daha aparıcı olmuş, ədəbi yaradıcılığın leytmotivini təşkil etmişdir. Bu mövzuda bütün Naxçıvan ədəbi mühitinin bir çox simaları, o cümlədən Kəmalə, Həsən Elsevər, Elman Həbib, Asim Yadigar, Vaqif Məmmədov, İbrahim Yusifoğlu, Elmira Qasımova və digərləri qiymətli əsərlər yazmış, dahi, müdrik lider Heydər Əliyevin xilaskar obrazını məharətlə əks etdirmişlər. Həsən Elsevərin "Heydər zirvəsi", "El diləyi", "Üzümüzə gülür dövran", Asim Yadigarın "Bir nurlu heykəl yarat", "Heydər zirvəsi", "Dədə Heydərim mənim", "Azərbaycan dünyaya günəş kimi doğacaq", Ələsgər Nehrəmlinin "Heydər ideyası, Heydər zəkası", "Əbədi yaşayır Heydər", "Sən oldun!", "Prezident vəzifəsi, İlham, mübarək", "Davam edir Heydər yolu", "Yeni Azərbaycan Partiyasıdır!", İbrahim Yusifoğlunun "Xalqı bəlalardan qurtardın, baba", Həsənəli Eyvazlının "Ulu Heydərim mənim", "Ulu Heydər" kimi şeirləri öz orijinallığı ilə diqqəti cəlb edir. Bu kimi əsərlər vətənpərvərlik duyğularını tərənnüm etməklə bərabər vətəndaşlıq lirikasının da ən gözəl örnəkləri olmaqla bu ədəbi ənənəni uğurla davam etdirmişdir.

Qeyd etmək yerinə düşər ki, dahi lider Heydər Əliyevə, ölkəmizdə dövlət quruculuğu və müstəqilliyin inkişafına həsr edilən mövzu lirik şeirlərdən başqa poemalarda da davam etdirilmiş, Kəmalənin, Həsən Elsevərin, Elman Həbibin, İbrahim Yusifoğlunun, Ələsgər Nehrəmlinin, Zeyqəm Vüqarın və başqalarının poemaları ərsəyə gəlmişdir. Bu sahədə öncüllüyü götürən şairlərimiz Kəmalə və Elman Həbib olmuşdur. Elman Həbib hətta bu mövzuda daha böyük nailiyyət göstərərək "Böyük insan haqqında poema" başlığı altında Ulu Öndər Heydər Əliyevə həsr edilən "Həqiqət günəşi", "Heydərnamə", Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr olunan "İLHAM - xalqın İLHAMI" və başqa poemalarını yazmışdır. Bu əsərlərin ardınca Naxçıvan ədəbi mühitində İbrahim Yusifoğlunun Ulu Öndər Heydər Əliyevə həsr edilən "O, günəş ömrüdür, sönməyəcəkdir" poeması, o cümlədən Ələsgər Nehrəmlinin "Heydərnamə", "Əbədi yaşayır Heydər" poemaları və s. kimi əsərlər bu ənənəni davam etdirmiş, geniş poema yaradıcılığı ərsəyə gəlmişdir. Həsən Elsevərin Azərbaycan xalqının müdrik övladı Heydər Əliyevə həsr edilən "Sənsiz bizim bir günümüz olmasın" poemasında 90-cı illərin əvvəlində Azərbaycandakı ictimai-siyasi böhran, ziddiyyətli dövr, Azərbaycan xalqının yeganə ümid yeri və böyük dayağı olan dahi Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi üçün xalqın təkidli çağırışı və ölkədə Heydər Əliyevin qurub-yaratdığı yeni dövran əks edilmişdir.

Ulu öndər Heydər Əliyevə dramaturgiya sahəsində də əsərlər həsr edilmişdir. Şair-dramaturq Həsənəli Eyvazlının "Araz sahilində doğan günəş" və "Qurtuluşa gedən yol" əsərlərində müəllif 1990-cı illərdə Azərbaycanda yaşanılan ziddiyyətli, böhranlı illərin mühüm tarixi hadisələrini əks etdirmiş, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq fəaliyyətini ortaya qoymuş, dahi rəhbərin möhtəşəm obrazını yaratmışdır. O cümlədən alim və yazıçı Adil Babayevin "Koroğlunun Çənlibelə qayıdışı" əsərində dahi lider Heydər Əliyevin Azərbaycana böyük qayıdışı və xilaskarlıq fəaliyyəti mövzu edilmişdir.

Azərbaycanın müstəqillik dövrü ilə yaxından bağlı olan Kəmalə xanımın bədii yaradıcılığında müstəqillik dövrü Azərbaycan ictimai-mənəvi mühiti üçün başlıca məsələlər olan insanın mənəvi aləmi, milli müstəqilliyin möhkəmləndirilməsi mübarizəsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskar və qurucu siması, Birinci Qarabağ müharibəsi və müharibə ağrısı və başqa məsələlər leytmotiv təşkil etmişdir. Azərbaycan ədəbiyyatının bu böyük xanım ədəbi şəxsiyyəti öz yaradıcılığında Azərbaycanın inkişafı və güclənməsinə mühüm töhfələr vermiş ictimai xadimlər olan Ulu Öndər Heydər Əliyevin, həmçinin Heydər Əliyev siyasi məktəbinin davamçıları olan ölkə başçısı, yeni əsrin yeni liderinin - İlham Əliyevin və Heydər Əliyev fondunun rəhbəri, birinci xanım Mehriban Əliyevanın Azərbaycanın inkişafına bəxş edilən fəaliyyətlərini tərənnüm etmişdir. Kəmalənin "Nurun yayılıbdır bütün dünyaya" adlı poeması Ulu Öndər Heydər Əliyevə dərin məhəbbət duyğuları ilə yazılmışdır.

Bir oğul istədi vətən! Bir oğul!

Elə bir oğul ki, olsun pənahı.

Uğrunda can fəda edən bir oğul,

Hardadır, hardadır, göndər, İlahi! -

deyən müəllif 90-cı illərin çətin, mürəkkəb illərində Azərbaycanın məhv olmaq, parçalanmaq təhlükəsində olduğu dönəmindəki ictimai-mənəvi ehtiyacını poetik şəkildə ifadə etmişdir. Şairə dövrün mürəkkəbliyini və fəlakətin müdhişliyini poetik əhval-ruhiyyə və ustalıqla bu cür ifadə etməyə nail olmuş, yerlərin göylərə yalvarışı, göylərin mərhəməti kontekstində Ulu Öndər Heydər Əliyevin siyasi səhnəyə gəlişini dəyərləndirmiş və ümumxalq arzusu olaraq təqdim etmişdir.

Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar "Bir nurlu heykəl yarat", "Heydər zirvəsi", "Dədə Heydərim mənim", "Azərbaycan dünyaya günəş kimi doğacaq" kimi əsərlərində Ulu Öndər Heydər Əliyevin möhtəşəm, əzəmətli obrazını yaratmış, böyük liderə bəslənilən ümumxalq məhəbbətini poetik ustalıqla əks etdirmişdir. Akademik İsa Həbibbəyli çox doğru qeyd etmişdir ki, "Asim Yadigar xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr edilmiş şeirlərində ulu öndərin Azərbaycan dövlətçiliyi tarixindəki və müasir inkişafımızdakı yerini fərqli şəkildə mənalandırmağı bacarmışdır". Asim Yadigarın "Heydər zirvəsi" şeirində dahi liderin obrazı və ümumxalq məhəbbəti fonunda yüksəkliyi ali zirvələrlə müqayisələndirilmiş və mənəvi ucalığı səmimi şəkildə etiraf edilmişdir:

Min-min zirvə içində

Heydər zirvəsi də var -

Zirvələrin alisi,

Zirvələrin ucası.

O zirvəylə fəxr edir,

O zirvəylə öyünür

Xalqımın hər uşağı,

Hər cavanı, qocası.

Şairin "Dədə Heydərim mənim" şeirində də dahi liderin xilaskarlıq fəaliyyətindən doğan ümumxalq qəlbindəki möhtəşəm yeri və əzəmətli mövqeyi poetik məharətlə ümumiləşdirilərək ifadə edilmişdir:

Arzumuz, əməlimiz,

Diləyimizsən bizim.

Hər an qəlbimizdəsən -

Gərəyimizsən bizim!

Sabah eşqiylə coşan

Ürəyimizsən bizim,

Ulu Öndərim mənim,

Dədə Heydərim mənim!

A.Yadigarın yüksək poetik heysiyyətlə yaratdığı "Bir nurlu heykəl yarat  şeirində də şairin yaratmaq istədiyi Heydər Əliyev obrazı özünəməxsus və möhtəşəmdir. Şair dahi, müdrik liderin  heykəlini yaratmaq istəyən heykəltəraşa müraciətlə yazdığı şeirində tişə ustasına bu dahi şəxsiyyətin canlı bir obrazını əks etdirmək üçün qəlbinin atəşinə öz alovundan alov, can, sevgi qatmağı və beləliklə, "SABAHA BOYLANAN BİR NURLU İNSAN" yaratmağı tövsiyə edir:

O, adi insan deyil, insanlığın tacıydı,

Ürəyi bir millətin yolunda məşəl oldu.

Əməliylə, işiylə xarüqələr yaratdı

Adilikdən çıxaraq o, fövqəlbəşər oldu.

...Heykəltəraş qardaşım, bir nurlu heykəl yarat,

Heydərimin adına yaraşan heykəl olsun!

O, heykəltək ucaltdı anam Azərbaycanı,

Qoy sənin  yaratdığın ondan da gözəl olsun! 

Şair Asim Yadigar bu silsilədən olan şeirlərini davam edtirərək ümummilli liderin ləyaqətli varisi Prezident İlham Əliyevə də "Gəldi ulu Heydərin İlham dühası gəldi", "Biz ona səs veririk - İlham Heydər oğluna" kimi əsərlərini yazmış və bu görkəmli dövlət xadiminin fəaliyyəti timsalında inkişaf edən ölkəmizi, xalqın bu dahi şəxsiyyətə olan məhəbbətində isə xalq-lider birliyini əks etdirmişdir.

İbrahim Yusifoğlunun "Xalqı bəlalardan qurtardın, baba", Həsənəli Eyvazlının "Ulu Heydərim mənim", "Ulu Heydər" və s. qeyd edilən mövzuda Naxçıvan ədiblərinin yaradıcılığına dair əlamətdar məqamdır. Hətta məxsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın xilaskar oğlu Ulu Öndər Heydər Əliyevə məhəbbət və Azərbaycanın başı üzərində qara buludlara çevrilən müharibə mövzusu şair Vaqif Məmmədovun yaradıcılığında silsilə yaradıcılıq örnəyi təşkil edir. Şair Vaqif Məmmədov "Böyük insan haqqında kiçik şeirlər" adlanan silsilə şeirlərindən ibarət "Ucalardan uca insan", "Qayıtdın", "Hər qarışda izin var", "Getdi əbədiyyət dünyasına o", "Qalib gəldi, qalib getdi", "Böyük xilaskar" kantatası" əsərləri Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin obrazının lirik formada təcəssüm tapdığı ən yaxşı əsərlərdən hesab edilə bilər. V.Məmmədov böyük ustad Hüseyn Cavidin "Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü" müdrik kəlamından yola çıxaraq "Ucalardan uca insan" şeirində böyük öndəri "tökülən qan izini kəsən qeybdən göndərilən" şəxsiyyət kimi xarakterizə edir:

Sən ucasan, zəka səndə, nur səndə,

Şimşək səndə, alov səndə, qor səndə,

Xətainin cəsarəti var səndə!

Sən qeybdən göndərilən səsmisən?!

Sən tökülən qan izini kəsmisən...

Beləliklə, müdrik və dahi şəxsiyyət olan Heydər Əliyev özünün fövqəl, əzmkar və uzaqgörən fəaliyyəti ilə yeni əsr və yeni minillikdə Azərbaycan xalqının xilaskarı, onun müstəqil, suveren dövlətinin banisi və qurucusudur. Məhz onun misilsiz xidmətləri, əzkmkar, uzqgörən fəaliyyəti nəticəsində 90-cı illərdə Naxçıvan "itirilmiş illər" böhranını yaşamaqdan qurtularaq varoluş mübarizəsində dimdik dayanmış, böyük imperiyaya meydan sulayaraq milli müstəqilliyin təməlini yaratmışdır. Dahi liderin sayəsində Azərbaycan hərtərəfli inkişafa sahib olduğu kimi, konkret yaradıcılıq ideyasına malik olan Naxçıvan ədəbi mühiti də məhz bu dahi şəxsiyyətin əzəmətli obrazının məhvərində öz missiyasını həyata keçirmiş, dahi liderin möhtəşəm ədəbi obrazını yaratmışdır.   

Nurlana ƏLİYEVA,

"Naxçıvan" Universitetinin prorektoru,

filologiya üzrə fəlsəfə doktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31