Nəğməkar nənə Güləbatın

Xoş o adamın halına ki, uşaqlıqda nəğməkar nənə nəvazişi görüb, dəstəyə ehtiyac duyanda şair təbli ağbirçəyin poetik sətirləri kövrək qəlbinə duyumlu nəvazişlə sığal çəkib. Vaxtilə hamımız onlardan bunu ummuşuq. Bəzi lövhələr ömür kitabımızın əngilliklərində başqalarından daha təbiliyinə görə fərqləndiyindən dönə-dönə xatırlamaqdayıq.

Babaların şeir yazmağına heç də təəccüblənməmişik, nənələrə gələndə sanmışıq ki, boynuna bizi əzizləmək, böyütmək vəzifəsi düşən nəcib insan yəqin hamımıza sürpriz bəxş etmək niyyətindədir. Hələ yerli-yersiz sualdan da çəkinməmişik.. "Ay nənə, bu gözəl şeiri doğrudanmı özün yazmısan? ".Yəqin kimisə incitmişik, xətrinə dəymişik. İndiyədək yonulmamış elə ictimai təsəvvür formalaşıb ki, şairlik kişi işidir. Bəlkə buna görədir nənələrimizin çoxu yazdıqlarını ömrünün  sonunaqədər sandıqda saxlamağa üstünlük verir, yaxud şeir boğçasının ağzını tərəddüdlə açır.

Bax, bu səbəbdən qonşu Gürcüstanda şairlərinin sayına görə rekordçu sayılan Borçalı elinin Faxralı kəndində yaşayan Güləbatın nənə nə qədər ehtiyatlı davransa da onu öz "Çinar"ı ələ verib.

Mənim doqqazımda bir çinar vardı,
Həmdəmim olmuşdu bu uca çinar.
Sirrimi, sözümü ona deyərdim,
Gəlib yaşa doldu bu qoca çinar.

Dağı, dərəsi, gölü, çayı, bulaqları, bağı-bağatı, meşəsi, ormanları... ilə diqqəti çəkən Faxralıda bənzərsiz uşaq romantikasının seçim edə biləcəyi ünvanlar, məkanlar çoxdur. Bu zənginlikdə Güləbatının maraq dünyasının fövqündə hər gün üzbəüz dayandığı, sığal çəkdiyi, sevinc və duyğularını bölüşdüyü bir ağac - çinar dayanıb. Bənzərsiz uşaq aləminin indiyədək kəşf edilməyən romantik peyzajı! O təbiətin adi bir varlığı deyil, şair təbli insanın poetik mənidir.

Güləbatın uşaqlıqdan bu çinarın həmdəmi olur, birlikdə boy atır, budaqlarında yuva salan quşlar köç edəndə qəmə batır. Yayda çadır kimi kölgə salan, köksünü dəli cavanlar cızan, sərt tufanlara sinə gərən çinarın oxşarlarından daha xoşbəxtliyi onu sabahın xatirələrinə lövhələrdə, misralarda qovuşduracaq həmdəminin olmasındadır.

"Çinar" Güləbatının, yad ellərə sığınma məcburiyyətində qalan doğmalarının, ümumiyyətlə bir nəslin, obanın ibarətamiz bioqrafiyasıdır.

Nəhəng ucalıqdan, de, nə qaldı ki
Dolu yuvaların boş günahları.
Ətrafa tökülən xatirələrin,
Gecələr sızlayan qərib ahları.

Bənddəki fikirlərin fəlsəfiliyinə şəkkim yoxdur, yəqin siz də mənimlə eyni rəyi bölüşəcəksiniz. Müəllifinin kimliyi, digər şeirləri barədə axtarışlarınız nəticə verməyəcək. 30-35 il əvvəl əlimizdə olsaydı "Gənc şairin şeirləri" rubrikasında təqdim edə bilərdik. Amma Güləbatın nənənin ... yaşı var. İndiyədək kimdənsə təvəqqe etməyib ki, hansısa poetik nümunəsinin çapına kömək göstərsin. Onu "Çinar"ı ələ verib, məxfiliyinin üstündən xətt çəkdirib. "Mahir kəşfiyyat əməliyyatı" sayısində digər əlyazmaları da aşkarlanıb. Kitab şəklində nəşrindən sonra özünə hədiyyə olunacaq. Necə qarşılayacaq, hələ ön söz yazanın ünvanına nə deyəcək bilmirəm. Fəqət əminəm ki, xeyirxahlığa imza atanların cərgəsindəyəm. "Sağollardan" biri də mənimdir.

Kitabdakılardan da görünür ki, müəllif ən azı bir qərinədir poetik duyğularını məktəblidəftərinə köçürüb. İlk baxışda elə görünə bilər ki, Güləbatın şeirlərinin ictimailəşməsinin baiskarı şərəfli bioqrafiyasının ürək göynədən lövhələridir. Həyat yoldaşını erkən itirib, dərdini, sızıltısını heç kəsə faş etmədən xalqımız üçün iki layiqli övlad böyüdüb. Qürbətdə məskunlaşmağa məcbur qalar əmilərin, digər doğmaların həsrəti, dünyasını dəyişən valideynlərindən sonra evdə yaranan boşluq...

Güləbatın bu motivli şeirlərində miskinlik carçısı, əl-qolu yanına düşən müti, yorğun insan təsiri bağışlamır. Övlad, nəvə, Vətən, doğma kənd, xeyirxah insanlar varsa, yaşamağa dəyər.

Şairin nəbzi daim Vətən məhəbbəti ilə döyünür. O, qədim Oğuz elinin bir parçası sayılan yaşadığı yurdu Azərbaycanın da ayrılmaz hissəsi hesab edir. Ümumiyyətlə, mən 30 il əvvəl 20 Yanvar faciəsindən sonra qonaq aparıldığım Bolnisinin azərbaycanlıların yaşadığı kəndlərində bu duyğuların əyani şahidi olmuşam. Hamı Odlar Yurdu, Qarabağ deyirdi. Dəqiq yadımda deyil, rayonların birinin daxili işlər şöbəsinin pasport-masa rəisi vəhşiliyə etiraz əlaməti olaraq istefa vermişdi. Güləbatın həmin günlərdə "Şəhid" şerini yazdı..

Düşmənlərə gor qazdığın,
Sabahlara nur yazdınız.
Tarixə qürur yazdınız,
Əldə qələmsiz şəhidlər.

Sonra Qarabağın təcavüzdən, işğaldan qorunması uğrunda döyüşən igidlərimizin vəsfi. "Azərbaycan" şeiri 1992-ci ildə, "Döndər" isə ondan az sonra qələmə alındı. Hərəsindən misal gətirəcəyimiz bəndlərin günümüzlə necə səsləndiyini görəcəksiniz.

Qarabağ yaralı, qana qan deyir,
Bunu Təbriz deyir, Naxçıvan deyir,
Neçə şəhid qanı intiqam deyir,
Bağrı lalə kimi qan, Azərbaycan

("Azərbaycan" şeiri)

Azərbaycan dəniz təki çalxalanır,
İlahi sonunu xeyirə döndər.
İçindən alışır, içindən yanır,
Onu aşıb-daşaan bir Kürə döndər.

("Döndər" şeiri)

"Əziz bacım, bu rəyi yazdığım günlərdə ölkəmiz həqiqətən təlatümdədir. Həftə ərzində Qarabağın 25-ə yaxın kəndi düşmən tapdağından azad edilib. Digərlərinin də erməni faşistlərindən təmizlənəcəyi gün, an məsələsidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra bütün hərbi komissarlıqlar önündə qələbəlikdir. Sıraya düşə bilmədiklərindən inciyənlər də var. Haqq işimizi dəstəkləyən dövlətlərin coğrafiyası durmadan genişlənməkdədir. Bu düyüşlərimiz Ali Baş Komandanın gur səslə dediyi kimi, Qarabağdan sonuncu işğalçı qovulanadək davam edəcək. Qələmini zəfər günü, qələbə nəğməsi üçün hazır saxla. Təbii istedadına arxayın olduğumdan bunu ərklə deyirəm". Bu abzası kitab üzü görməmişdən yazmışdım. İndi zəfər bayramını keçirməyə hazırlaşırıq. Həqiqətən də həmin günlərdə silah götürüb ön cəbhədə döyüşmək imkanı əldə edə bilməyənlərin halı başa düşülləndir. Heç kəs darıxmasın, inciməsin qələbədə hamımızın bu və ya digər dərəcədə payı var. Çünki həmin günlərdə bir millət olaraq bu amal ətrafında birləşdiyimiz danılmazdır. Şanlı qələbədən sonra deyə bilərik: BİTDİ! Daha indiki və gələcək nəsillər bir qayğı ilə yaşayacaq.. Azərbaycanı daha qüdrətli və abad görmək!

Qaldı digər şeirlərinə, istəməzdim onların üzərində çox dayanmaqla yaranın qasnağını qoparım. Yarını erkən itirənin nələr çəkdiyini yarını erkən itirən bilər. Şərəfli, qeyrətli, xeyirxah valideynlər mənəvi mirasımızın ən böyük sərvətləridir. Bacı, qardaş, övladlar, digər doğmalar həyat simfoniyasıdır. Təqiblər, sürgünlər nəsillərimizin yaşlı nümayəndələrinə "Vətəndə vətənsizliyi" yaşadıb. Hamısının ruhu şad olsun. Hesab et ki, kişilik simvolu olan o insanlardan, qəhrəmanlardan, sədaqət nümunələrindən söhbət açmışıq. Zənn edirım ki, bu kitab yenə sandıqda yatıb qalan digər şeirlərinin yolunu gözləyən oxucular üçün beh əvəzidir. Sonda xəsislik etməyərək Güləbatın Məsimovanın şeirlərindən onu şair adlandırmağa əsaslar verən bir sıra seçmələri mühakimənizə veririk.

Ruhum "Rühani"ni dinləyəndə, mən
Koroğlu görürəm, Qırat görürəm.
Dərisi soyulmuş, "Ənnəlhəqq" deyən,
Nəsimi gözündə həyat görürəm.

("Ruhani havası" şeirinədən);

Payız fəsli - yarpaq-yarpaq tökülür,
Ötən günlər tökülməyin nə olar...

("Nə olar" şeirindən);

Qoy bir saçlarına sığal çəkim mən,
Dən düşən yerləri gözüm dənləsin...

("Bərbər" şeirindən);

Dağların başına hər adam çıxmaz,
Orda çox gözləri qar qamaşdırar...

("Əmimə" şeirindən);

Atam öz adını bəxş edib sənə,
Daşıdığın ada qurban Əhmədim...

("Əhmədim" şeirindən).

Ömrün uzun, təbin davamlı, qələmin daim işlək olsun, Güləbatın nənə!

Güləbatının "Mənim doqqazımda bir çinar vardı..." kitabı "Maarif" nəşriyyatında çapdan çıxıb. Bu xeyirxah missiyanın daşıyıcısı şairənin qardaşı, ölkə ictimaiyyətinin yaxından tanıdığı Əflatun Amaşovdur. Biz təkid etmişik, o, yerinə yetirib. Əslində yalnız doğmasına deyil, milli poeziyamıza sayğısını bir daha ortaya qoyub.

Rəhim Hüseynzadə,
Azərbaycanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31