Tarixin burulğanında bir fateh: Yunus Oğuzun “Çingiz xan”ı

     Tarixi romanlar müəllifi Yunus Oğuzun “Çingiz xan” romanı tarixin ən böyük və ziddiyyətli şəxsiyyətlərindən biri olan, bədii ədəbiyyatda müxtəlif aspektlərdə işıqlandırılan məşhur fatehə həsr edilib.Yunus Oğuzun yaratdığı Çingiz xan hər şeydən öncə döyüşçüdür. Xan olsa da çox sadə həyat sürür,  dəbdəbədən qaçır, daim ordusunun və xalqının yanındadır.

Tarixi romanlar müəllifi Yunus Oğuzun "Çingiz xan" romanı tarixin ən böyük və ziddiyyətli şəxsiyyətlərindən biri olan, bədii ədəbiyyatda müxtəlif aspektlərdə işıqlandırılan məşhur fatehə həsr edilib.Yunus Oğuzun yaratdığı Çingiz xan hər şeydən öncə döyüşçüdür. Xan olsa da çox sadə həyat sürür,  dəbdəbədən qaçır, daim ordusunun və xalqının yanındadır. Əsl döyüşçü kimi düşmənini belə mərdliyinə, döyüş qabiliyyətinə, igidliyinə görə yüksək qiymətləndirir. Romanda Çingiz xanın göytürk kökənli olması,onun yaratdığı imperiyanın məhz Göytürk imperatorluğunun varisi olduğu xüsusi vurğulanır. O, hücuma hazırlaşarkən Göy tanrı ilə söhbət edir, əsgərləri onu qurd ulartısı ilə salamlayır. Əsər boyu oxucu şaman ayinləri və göytürk inancları ilə tanış olur, bu etnoqrafik ştrixlər dövrün ruhunu düzgün şəkildə əks etdirir.

Çingiz xan böyük strateq olmaqla yanaşı, həm də insan psixologiyasının mahir bilicisidir. O, fəth edəcəyi yerlərdə insanlar arasında psixoloji gərginlik və qorxu toxumları səpməklə öz qələbəsinə zəmin yaradır. Çingiz xan hər zaman öz fikri olan, istənilən anda şəraitə uyğun qərarını dəyişə bilən, doqmatik hökmdar obrazına uyğun gəlməyən bir fatehdir. Bu baxımdan Yunus Oğuzun qəhrəmanını xaosun bətnindən doğularaq kosmosa doğru gedən bir bahadır kimi xarakterizə etməsi, yazıçının uğurlu tapıntısıdır.  Çingiz xan tarixə qəfil burulğan kimi daxil olaraq köhnəni yıxıb yeni qaydalar yaradır. Xanın yasaları onun özü tərəfindən belə pozula bilməz. Gələcəyə hesablanmış, din, inanc fərqi qoymayan bu yeni yasalar türkün savaş ruhunu qorumalı,  onu daim fəthlərə doğru aparmalı olan qanunlardır. Çingiz xanın yasasında bircə günahın əfvi yoxdur, o, bağışlanmaz suçdur: Xəyanət!

Romanda hər zaman insanın ən böyük arzusu olan əbədi həyat, ölümsüzlük məsələsi vasitəsilə  Çingiz xanın tarixdəki rolu original şəkildə oxucuya çatdırılır. Çingiz xan çinli kahin Çan Çundan uzun ömrün sirrini  soruşduqda kahin onun missiyasını ən yüksək şəkildə tamamladığını, əməlləri ilə mənəvi ölümsüzlüyü qazandığını söyləyir.

Romanda Çingiz xanın xanımı Borte, Sultan Məhəmməd Ələddin Xarəzmşahın anası Türkan xatun Xocənd şəhərinin hakimi  Timur Məlikin xanımı Südabə xatun kimi güclü qadın obrazları da diqqəti cəlb edir. Çingiz xanın xatunu, öz sədaqəti və ağlı ilə şöhrət tapan Borte böyük fatehin əsas güc və ilham mənbəyi, onun bütün sirlərinə vaqif ən sadiq dostudur. O ən çətin məqamlarda, Çingiz xanın əsəbi olduğu anlarda onu yalnış qərar verməkdən çəkindirir. Xarəzmşah Sultan Ələddinin anası  Türkan xatun dövlətin əsas sütunu və idarəçilikdə söz haqqına malik aparıcı qüvvələrdən biridir.

Çingiz xanın elçisi Mahmud Yalavac da əsərin maraqlı obrazlarındandır. Böyük siyasətdə kiçik, önəmsiz detallar olmur. Bu baxımdan yalnız hökmdarın deyil, onun ətrafında olan söz sahiblərinin, xüsusilə diplomatik missiyanı  yerinə yetirən elçilərin də siyasi-psixoloji nüansları, fəndləri bilmələri böyük önəm kəsb edir. Çingiz xanın elçisi Mahmud Yalavacın Xarəzmşah Ələddinin elçisi Seyid Bahəddin Ər Razi ilə karvansarada baş tutan görüşü bu baxımdan maraqlıdı:

"Fikirləşdi: "Yox, ən yaxşısı budur ki, onunla görüşüm, ağzını arayım. Görüm tatarların elçisi xanın ordusu  kimi siyasətdə güclüdürmü?"

Qərarını vermədən öncə soruşdu:

-Elçi ziyafətə hansı yeməkləri sifariş edib?

Əbdül birbaşa cavab verdi:

-Tatar buğlaması və Xarəzm aşı.

Yenə düşündü "Deməli, bərabərlik işarəsi qoyub. Bunlar bizdən heçmi çəkinmirlər, heçmi qorxmurlar?" Karvansara sahibini başdan-ayağa süzüb söylədi:

-Yaxşı, hörmətli elçiyə çatdır ki, məmnuniyyətlə onun dəvətini qəbul edib gələcəyəm."

Beləliklə, kiçik, diqqətəlayiq olmayan bir detal kimi görünən yemək sifarişi böyük siyasi gedişin, güc nümayişinin elementinə çevrilir. Xarəzmşahın elçisi ilə, daha sonra Sultan Ələddinlə görüşdə  Mahmud Yalavac həm mahir bir siyasətçi, həm də insan psixologiyasına bələd bir diplomat kimi oxucunun diqqətini cəlb edir.

Əsərdə Xarəzmşah Ələddinin oğlu Cəlaləddinin obrazı atasının obrazından daha qabarıq verilmişdir. Xarəzmşahın Ələddin klassik, vəzir-vəkil sözü ilə oturub-duran, var-dövlətə həris, öz keçmiş qələbələrindən xumarlanıb  döyüşçü ruhunu itirən, xalqdan xəbərsiz  hökmdar obrazıdır. Oğlu Cəlaləddin isə döyüşçü ruhunu daşıyan, xalqa yaxın olan, vətənin azadlığı üçün əlindən gələni edən, namusu düşmən əlinə keçməsin deyə öz ailəsini belə öldürtdürən, qətiyyətli, sona qədər öz mübarizəsindən əl çəkməyən bir igiddir. Hətta düşməni Çingiz xan da onun igidliyinə, ağlına və vətən sevgisinə heyran qalır: "Savaşı uduzmuşdu, özü də gənc sultana. Onun Cəlaləddinə hörməti və rəğbəti daha da artmışdı. Gənc olmasına baxmayaraq, bu torpaqlarda ilk dəfə idi ki, açıq savaşa çıxırdı və qalib gəlirdi.

Qeyd etməliyik ki, Yunus Oğuzun birbaşa  Azərbaycan tarixi ilə bağlı olmayan  romanlarında da hər zaman mütləq Azərbaycanla bağlı müxtəlif elementlər  əks olunur. Bu romanda əsas obyekt  Çingiz xan obrazı olsa da, yazıçı xəfif toxunuşlar,  incə ştrixlərlə-Azərbaycan ipəyinin keyfiyyətindən, Azərbaycan sənətkarlarının gözəlliyindən söz açaraq oxucunun diqqətini bu yurdun qədim tarixinə yönəldir, yeni tarixi romanların müjdəsini verir.

Elnarə Qaragözova

Fililogiya üzrə fəlsəfə doktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31