Yaxın Şərq alovu və Rusiya nefti: Kim daha çox qazanır? – ÖZƏL
13:25 Dünya"Yaxın Şərqdəki müharibə dünya iqtisadiyyatı üçün sarsıdıcı zərbə xarakteri daşıyır. Çünki dünya bazarlarına çıxarılan neft məhsullarının təxminən 20 faizi məhz Hörmüz boğazından daşınır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib. Ekspert bildirib ki, son dövrlərdə isə bu marşrut üzrə neft daşımalarında ciddi problemlər yaranıb. Bu da dünya bazarlarında enerji böhranının formalaşmasına səbəb olur. Enerji böhranı isə öz növbəsində maliyyə-iqtisadi böhran deməkdir. Enerji defisiti dünya iqtisadiyyatının inkişaf tempini zəiflədir, hətta çökmə riskini artırır. Belə şəraitdə Hörmüz boğazında nəzarəti tam təmin etməkdə çətinlik çəkən ABŞ kollektiv Qərbin, xüsusilə NATO üzrə müttəfiqlərinin dəstəyini istədiyi səviyyədə ala bilmədiyi üçün alternativ variantlara üz tutur. Bu variantlardan biri Rusiya enerji resurslarının, xüsusilə neft məhsullarının dünya bazarlarına çıxarılması üçün şərait yaradılmasıdır.
Ekspertin sözlərinə görə, İranın ərəb ölkələrinin neft obyektlərinə zərbə endirməsindən sonra vəziyyət daha da gərginləşib. Nəzərə almaq lazımdır ki, Hörmüz boğazı ərəb ölkələrinin neftinin dünya bazarlarına çıxarılmasında əsas rol oynayır. Bütün bunlar onu göstərir ki, ABŞ müəyyən məcburiyyət qarşısında Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsini yumşaltmağa məcbur qalıb və bununla da Rusiya neftinin dünya bazarlarına çıxışı üçün şərait yaranıb. Bu vəziyyətdən ən çox yararlanan tərəflərdən biri isə Çindir. İran və ərəb ölkələrindən neft idxalında çətinliklərlə üzləşən Çin bu boşluğu Rusiya nefti ilə doldurmaq imkanı əldə edir. Bu isə Çinə iqtisadi itkilərini kompensasiya etmək şansı verir və eyni zamanda Qərb ölkələri üçün əlavə çətinliklər yaradır. Çünki Qərb ölkələri də Rusiya neftinə çıxış əldə etməyə çalışır, lakin böyük ehtimalla bu resursların əhəmiyyətli hissəsi Çinə yönələcək. Bu isə o deməkdir ki, sanksiyaların yumşaldılması Qərb üçün gözlənilən nəticəni verməyə bilər.
Siyasi şərhçinin fikrincə, mövcud şərait göstərir ki, Çin yaranmış vəziyyətdən maksimum dərəcədə faydalanmağa çalışır. Üstəlik, rəsmi Pekin Rusiya neftini almaq üçün ABŞ-dən icazə istəmək məcburiyyətində deyil. Çünki ABŞ artıq bu sahədə bəzi məhdudiyyətləri zəiflədib və ya qismən aradan qaldırıb. Hazırda ABŞ və Çin arasında iqtisadi və ticarət danışıqları başqa istiqamətləri əhatə edir. Buna görə də Yaxın Şərqlə bağlı iki ölkə arasında gizli razılaşma ehtimalı o qədər də inandırıcı görünmür. Əksinə, bəzi iddialara görə, Yaxın Şərqdə baş verən proseslər fonunda ABŞ və Rusiya arasında müəyyən gizli anlaşma ehtimalı müzakirə olunur. Bu da onunla izah edilir ki, Rusiya müttəfiqi olan İrana gözlənilən səviyyədə dəstək vermir. Mövcud vəziyyət isə əslində Rusiyanın maraqlarına uyğun gəlir. Çünki enerji defisiti fonunda Rusiya öz enerji resurslarını yenidən dünya bazarına çıxarmaq imkanı əldə edir. Bu imkanın mümkün qədər uzun müddət davam etməsində Moskva birbaşa maraqlıdır və ehtimal olunur ki, İrana zəif dəstəyin səbəblərindən biri də məhz budur. Çinin isə ABŞ ilə İran məsələsində gizli razılıq əldə etməsi ehtimalı daha az inandırıcı hesab olunur.
Səidə Ramazanova