Yaxın Şərqdə “Donbas bataqlığı” – İran savaşı neçə il çəkəcək?

 

 
  •  
  •  
  •  

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ən azı payıza qədər davam edə biləcəyi barədə proqnozu müzakirələrə açıb. O hesab edir ki, dünyada qlobal çağırışların artdığı bir vaxtda regionda başlanan hərbi qarşıdurmanın qısa müddətdə bitəcəyini gözləmək real görünmür.

Doğrudanmı müharibə uzunmüddətli mərhələyə keçir və qarşıdakı aylar Yaxın Şərq üçün daha ağır sınaqlar vəd edir?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a deyib ki, Qərbin aparıcı "beyin mərkəzləri" savaşın bitmə tarixi ilə bağlı iki tezis irəli sürürlər.

"Birinci yanaşmaya görə, hərbi əməliyyatlardan sonra xalq küçələrə çıxaraq molla rejimini devirməli və Trampın istədiyi namizəd hakimiyyətə gəlməlidir. O zaman savaşın ən qısa vaxtda, təxminən 3-4 həftəyə bitəcəyini düşünmək olar. Bu ən ağlasığmaz, bir qədər də gerçəkdən uzaq ssenaridir. Çünki molla rejiminin İran daxilində tərəfdarları kifayət qədərdir. Son günlərin ABŞ-a qarşı etiraz aksiyalarında da bunu görmək mümkündür. Yəni xalqın küçələrə çıxaraq mollaları taxtından endirməsi real deyil. İkinci versiyaya görə, ABŞ havadan zərbələrlə heç nəyə nail ola bilməyəcək. Ona görə də quru əməliyyatları vacibdir. Amma ABŞ və İsrail hələ ki, bir sıra səbəblərdən dolayı İranda quru əməliyyatlarına başlamaq istəmir",_ deyə S.Əliyeva bildirib.

Sona Əliyeva: "Bu müsahibədən sonra məni topa tutacaqlar" - Müsahibə

Onun fikrincə, coğrafi şərait İran ordusunun lehinədir:

"Eyni zamanda, İran ordusu evində döyüşəcək. Şəhər döyüşlərində ABŞ və İsrailin itkisi arzuolunmaz dərəcədə böyüyə bilər. Üçüncüsü, İrana quru əməliyyatına başlamaq üçün Azərbaycan və Türkiyənin ərazilərindən giriş edilməlidir. Hələlik, Ankara və Bakı ABŞ-nin israrlarına rəğmən bu oyundan və plandan məharətlə yayınır. Dördüncüsü, Amerika Yaxın Şərq koalisiyası yaratmaq istəyir. Misir və Səudiyyə Ərəbistanı da ABŞ-ın planlarına və indiki proseslərə hə demir. Bu da quru savaşı düyününü çözməkdə aciz olan növbəti problemdir. Əgər qurudan savaşa başlanılmazsa, molla rejimini yıxmaq çətin olacaq. Belə olan halda Qərbin aparıcı beyin mərkəzləri İranda savaşın hələ 2 il davam edə biləcəyini dilə gətirirlər. Türkiyənin aparıcı siyasi beyin mərkəzləri isə vətəndaş savaşı və İranın bölünəcəyi halda müharibənin beş ilə qədər uzanacağını söyləyirlər. Bir sözlə, Putinin Ukraynada olduğu kimi Trampın İranda da amansız müharibə bataqlığına sürükləndiyini düşünmək mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31