İranda Türkiyə ilə bağlı qəribə plan: İki raket hücumunda mesaj kimə idi?
15:49 DünyaXəbər verdiyimiz kimi, İran Türkiyəyə yenidən ballistik raket zərbəsi endirib. Raket Aralıq dənizindəki NATO gəmiləri tərəfindən vurulub, qalıqları isə Qaziantep vilayəti ərazisinə düşüb.
Ekspertlərin fikrincə, həm ötən dəfəki, həm də dünənki raket hücumlarının istiqaməti NATO-nun Adanadakı İncirlik hərbi bazası və ya Malatyadakı Kürəcik radar stansiyası ola bilər.
İran Türkiyəni və NATO-nu müharibəyə qoşmaq istəyir? Hücumun əsas məqsədi nədir?
Globalinfo.az-a danışan siyasi şərhçi Rəşad Bayramov deyib ki, İrandan Türkiyə ərazisinə yenidən ballistik raket atılması hadisəsi təsadüfi epizod deyil, daha geniş geosiyasi kontekstin tərkib hissəsi ola bilər:
"Raketin uçuş məsafəsinə baxdıqda, həqiqətən də ehtimal olunan hədəf kimi Adanadakı İncirlik hərbi bazası və ya Malatyada yerləşən Kürəcik radar stansiyası ön plana çıxır. Məlumdur ki, adı çəkilən hər iki obyekt NATO-nun regional müdafiə sistemində mühüm rol oynayır.
Türkiyənin NATO üzvü olmasını və hədəflərin Alyansın müdafiə sistemlərinə daxil olduğunu nəzərə alsaq, İranın bu zərbələrinin faktiki olaraq hərbi alyansı, o cümlədən Türkiyəni müharibəyə qoşmaq və bununla da özünə qarşı cəbhəni genişləndirmək məqsədi daşıması mümkündür. İranın indiki vəziyyətində bu, olduqca məntiqsiz görünə bilər, çünki NATO ilə birbaşa qarşıdurma Tehran üçün ağır nəticələr doğurar. Buna baxmayaraq, Tehran bu cür addımlarla birbaşa müharibə yox, daha çox siyasi və hərbi təzyiq strategiyası həyata keçirir.
İranın mümkün hədəfləri arasında göstərilən İncirlik bazası yalnız Türkiyənin deyil, eyni zamanda ABŞ və NATO-nun regiondakı əsas hərbi infrastrukturlarından biridir. Bu bazadan Yaxın Şərqdə aparılan əməliyyatlar üçün logistika və hava dəstəyi təmin olunur. Malatyadakı Kürəcik radar stansiyası isə NATO-nun raketdən müdafiə sisteminin vacib elementlərindən sayılır. Bu baxımdan belə obyektlərin potensial hədəf kimi seçilməsi Türkiyədən çox NATO-nun regiondakı hərbi imkanlarına mesaj kimi qiymətləndirilə bilər".
Siyasi şərhçinin sözlərinə görə, İranın davranış modelinə baxdıqda "məhdud eskalasiya" strategiyasının izlərini görmək mümkündür:
"Tehran tez-tez elə addımlar atır ki, gərginliyi artırır, lakin eyni zamanda tammiqyaslı müharibəyə səbəb olacaq həddi keçməməyə çalışır. Bu, bir tərəfdən rəqiblərə təzyiq göstərmək, digər tərəfdən isə birbaşa genişmiqyaslı hərbi qarşıdurmadan qaçmaq məqsədini daşıyır. Belə taktika regiondakı güc balansını daim gərgin saxlayır və qarşı tərəfi strateji dilemma qarşısında qoyur.
Digər mühüm məqam NATO-nun reaksiyasıdır. Türkiyə alyansın üzvü olsa da, hər bir raket insidenti avtomatik olaraq kollektiv müdafiə mexanizminin işə düşməsi demək deyil. NATO adətən belə hallarda vəziyyəti diqqətlə qiymətləndirir və hadisənin qəsdən hücum olub-olmadığını müəyyən etməyə çalışır. İranın da bu məqamı nəzərə alaraq riskləri müəyyən qədər hesabladığı ehtimal olunur. Yəni Tehran hesab edə bilər ki, bu cür epizodlar siyasi gərginlik yaradacaq, lakin NATO-nun dərhal genişmiqyaslı hərbi əməliyyatlara başlamasına gətirib çıxarmayacaq.
Buna baxmayaraq, belə insidentlərin davam etməsi region üçün son dərəcə təhlükəli tendensiya yarada bilər. Hər hansı raketin təsadüfən yaşayış məntəqəsinə düşməsi və ya hərbi obyektə ciddi zərər vurması vəziyyətin tamamilə fərqli mərhələyə keçməsinə səbəb olar. Bu halda diplomatik və siyasi manevr imkanları xeyli daralar və tərəflər daha sərt qərarlar vermək məcburiyyətində qalar.
Odur ki, İranın bu cür addımlarını birbaşa NATO ilə müharibə istəyi kimi qiymətləndirmək doğru olmaz. Daha real ehtimal ondan ibarətdir ki, Tehran regionda strateji təzyiq yaratmağa və ABŞ ilə NATO-nun hərbi infrastrukturlarına mesaj verməyə çalışır. Lakin bu strategiya son dərəcə risklidir, çünki hər bir səhv hesablanmış addım böyük regional qarşıdurmanın başlanğıcına çevrilə bilər".