Fransa Daxili İşlər naziri: Respublika maliyyə uçurumunun astanasındadır - ÖZƏL

Fransanın daxili işlər naziri və sağçı "Respublikaçılar" partiyasının lideri Bruno Retayo bəyan edib ki, ölkə heç vaxt indiki qədər maliyyə uçurumuna bu yaxın olmayıb.

Olaylar xəbər verir ki, Retayo bu fikirləri ölkənin şərqində, Otön şəhərində keçirilən "Respublika laboratoriyası" forumunda səsləndirib.

"Vəziyyət son dərəcə ciddidir. Fransa heç vaxt maliyyə uçurumuna bu qədər yaxın dayanmayıb", - deyə Retayo vurğulayıb.

Nazir qeyd edib ki, Fransa dövlət borcunun 54 faizi xaricilərin əlindədir. Onun sözlərinə görə, bu məsələ təkcə iqtisadiyyatla bağlı deyil, həm də müstəqillik və suverenliklə əlaqədardır.

Avqustun 25-də Fransa Baş naziri Fransua Bayru bildirib ki, sentyabrın 8-də Milli Məclisdə hökumətə etimad məsələsi səsverməyə çıxarılacaq. O, bu addımı dövlət borcunun artması ilə müşayiət olunan iqtisadi böhran vəziyyəti ilə izah edib. Bayrunun sözlərinə görə, ölkənin dövlət borcu hər saat 12 milyon avro artır və artıq 3,4 trilyon avroya çatıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31